“Suriya məsələsi” regionu fəlakətə sürükləyir…

20 Sentyabr 2012 18:18 (UTC+04:00)

Artıq Suriya, sözün əsl mənasında bütün region üçün ölüm nöqtəsinə çevrilib. Artıq region ölkələri ciddi "tələyə düşdüklərini" anlamağa başlayıblar. "Ərəb baharları"nın hansı gizli mahiyyət daşıdıqları da tam ortadadır. Görünür qərb, regionun yeni "xəritəsini" hazırlayıb və bunu elə həmin ölkələrin hazırkı fəlakətli durumu üzərində reallaşdırmağı planlaşdırır.

Bura Suriyanın parçalanmasından tutmuş Türkiyəyə qarşı ən dəhşətli planların işə düşməsinə qədər kritik məsələlər daxildir. Neçə müddətdir ki, ağıllara gələn ən dəhşətli ehtimmallar, indi Suriya xalqının başının üstündən "domokl qılıncı" kimi asılıb. Suriya, sözün əsl mənasında qan içində üzür. Artıq bu ölkəni də "yağlı tikə" kimi bölməyə başlayıblar. Artıq "Bəşər Əsədin son günləridir" sözünü tam əminliklə ifadə edə bilərik. Özü də nəzərə alanda ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Bəşər Əsəd bizim dostumuz deyil ki, bizdən də sığınacaq alsın" bəyanatını verməklə, Suriya diktatorundan əlini çəkdiyini ortaya qoydu.

Müxalifət adlanan silahlı dəstələrın başı B.Əsədlə qırğına qarışdığı üçün, yaxud qarşılarına qoyulan "missiya" ilə məşğul olduqları üçün Suriya hakimiyyətinin nəzarətində olmayan ərazilərə PKK və başqa terror təşkilatları hakim olmağa başlayıblar. Heç şübhəzsiz ki, PKK və başqa qruplaşmaların bu cür özbaşınalıq etmələrinin arxasında, ilk növbədə Türkiyəni regionda məhv etməyi planlaşdıran və Suriyanı da hissələrə bölərək burada hegemonluq etmək istəyən supergüclər dayanır. Onlar, sözün əsl mənasında Türkiyəyə "diş göstərməyə" başlayıblar artıq. İndi Türkiyənin Suriya ilə sərhəd məntəqələrində PKK bayraqları Suriya bayraqlarını əvəzləyib. Bu, çox, amma çox təhlükəli oyunlardan xəbər verir…

Türkiyəni kim təxribata çəkir?

Xüsusi ilə Türkiyə təyyarəsinin Suriya tərəfindən vurulması, bunun bir təxribat planı olması barədə Türkiyənin iddia irəli sürməsi, Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Bəşər Əsədi siyasətsiz-filansız, açıq şəkildə diktator adlandıraraq Türkiyə üçün potensial düşmən elan etməsi, B.Əsədin Türkiyə mətbuatına verdiyi açıqlamada R.T.Ərdoğan hökumətini Suriyanı türk xalqına qəsdən düşmən kimi təqdim etməyə çalışmasını dilə gətirməsi, üstəlik onun "Həlak olan iki türk pilotu mənim doğma qardaşlarımdır" deməsi, Suriya ətrafındakı vəziyyətin olduqca mürəkkəb və gərgin durumda olduğunu açıq şəkildə ortaya qoyur. Elə bir gərginlik ki, artıq B.Əsədin də hansı oyunçuya "oynadığı" belə məlum deyil.

Məsələ burasındadır ki, Bəşər Əsədin hakimiyyətini qorumaq üçün var gücü ilə çarpışması, üstəlik regionda Rusiyanın maraqları üçün əsas fiqura çevrilmək üçün açıq şəkildə siyasət yürütməsi, bir çox diktatorları anındaca cəhənnəmə göndərən Qərb dairələrinin nədənsə onunla "bacara bilməmələri", üstəlik hər gün yüzlərlə suriyalının günahsız yerə qanının axıdılmasına səbəb olan Suriya diktatoru ilə gizli iş birliyinə cəhd etməsi barədə yazılanlar, ortaya haqlı olaraq bir çox suallar çıxarır.

Qərbin gizli məqsədləri…

İlk növbədə məlium olur ki, Qərb dairələrini Suriyadakı zavallı insanların acınacaqlı taleyi deyil, öz gizli iqtisadi maraqları və bizə qaranlıq alan digər hədəfləri maraqlandırır. Bu məsələdə Qərb, Rusiyadan fərqli olaraq niyyətini gizli reallaşdırmağa çalışır. Yəni bir üzdə Avropanın təbliğat maşını B.Əsədin diktator obrazını yaradır, pərdənin o birisi üzündə isə qərb diplomatları onunla sıcaq bazarlığa başlayır.

Elə Türkiyə təyyarəsinin vurulması və Qərb dövlətlərinin bu məsələdə neçə gündür "səslərini çıxarmaması" diqqətdən yayınmır. Sadəcə ABŞ dövlət katibi Hillari Klintonun baş verənlərdən "təəsüf duyması"nı dilə gətirməsi, Türkiyənin əsas üzvü olduğu NATO-nun da "xala-xətrin qalmasın" prinsipi ilə toplantı keçirib diplomatik cümlələrlə Türkiyəni müdafiə edən qətnamə qəbul etməsi, bir sıra qaranlıq məsələlərin ciddi xarakter daşıdığını sübut edir. Düzdür, NATO belə bir hadisənin yenidən baş verəcəyi təqdirdə ən radikal addımlara əl atacağını da açıqlayıb. Amma, bu hadisə NATO-nun bir başqa ölkəsinin, məsələn Almaniya, Fransa, nə bilim başqa birisinin başına gətirilsəydi o zaman NATO-nun dünyanı necə ayağa qaldırmasını heç təsəvvür etməyə belə ehtiyac yoxdur.

Amma Suriya tərəfinin heç bir xəbərdarlıq etmədən Türkiyə təyyarəsini hədəf alması, rəsmi Dəməşqin dediyi kimi, sırf texniki qəza kimi qiymətləndirilə bilməz. Özü də Türkiyə təyyarəsi beynəlxalq hava məkanında hədəfə alınıb ki, artıq Suriyanın bu məsələdə bəhanə axtarmağa heç bir əsası da yoxdur. Sual olunur, Suriya nədən "dişini" ilk olaraq Türkiyəyə göstərməyə qərar verdi?

Türkiyənin regiondakı fəallığı kimi qorxudur?

Baş verənlərdən belə anlaşılır ki, rəsmi Ankaranın regionda, xüsusi ilə Suriya ətrafında baş verən hadisələrdə hədsiz fəallığı, görünür ona baha başa gəldi. Amma Türkiyənin bu fəallığı təkcə B.Əsədi və Rusiyanı deyil, elə sözdə Türkiyənin "əsas müttəfiqi" olan qərb ölkələrini də açıqca narahat edirdi və gec-tez onların da öz "müttəfiqlərinə yerini göstərməyə" cəhd edəcəkləri gözlənilən idi. Çünki heç bir güclü dövlət, Türkiyənin yenidən regionda supergücə çevrilməsini və Osmanlı imperiyasının siyasi varisi kimi çıxış etməsini qətiyyən arzulamır.Bu hadisə, Türkiyənin Baş nazirinin dediyi kimi, B.Əsədin bir çox anti-Türkiyə qüvvələrinin əlində oyuncağa çevrildiyini, onun təkcə Moskvaya deyil, həm də başqa qərb dairələrinə xidmət etdiyini açıqca ortaya qoyur. Türkiyənin xüsusi ilə təmkinli davranışı, ilk növbədə onu təxribata çəkmək istəyən bir sıra siyasi və hərbi dairələrin planlarını alt-üst etdi. Gün kimi aydındır ki, Türkiyəyə "əl uzatmaq", B.Əsədin edə biləcəyi iş deyil. Bu ilk növbədə rəsmi Ankaranı yerində otuzdurmağa çalışan qüvvələrin "əl işi" sayılmalıdır. Bununla Türkiyəyə başa salmağa çalışırlar ki, regionda supergüc olmaq və yaxud Osmanlı İmperiyasının varisi kimi çıxış etmək planları kimlərinsə maraqlarına qəti şəkildə cavab vermir və rəsmi Ankara Şərqdəki bu planlarınıa bir də nəzər yetirməlidir. Çünki onun sərhədlərində olduqca dəhşətli oyunlar oynanılır. Özü də amansız oyunlar. Yuxarıda dediyimiz kimi, Suriyanın Türkiyə ilə sərhəd rayonlarında dalğalandırılan PKK bayrağları, ciddi fəlakətdən xəbər verir.

Mətləb Salahov