"Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) istedadlar məktəbi yaratmaqda məqsədi ölkənin müxtəlif ərazilərində texniki fənlərə - riyaziyyat, fizika, kimya və digər sahələrdə istedadı olan uşaqları tapmaq və burada onlara yüksək səviyyəli təhsil verməkdir". SİA-nın məlumatına görə, bu barədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, artıq məktəbin kollektivi formalaşıb və onlar bu ilin sonundan etibarən istedadların axtarışına başlayacaqlar: "Məktəbin nümayəndələri gələn ilin sentyabr ayınadək bütün Azərbaycanda testlər keçirərək IV-V siniflər arasında istedadlar seçəcəklər, həmin uşaqlar bu məktəbdə pulsuz oxuyacaqlar".
Şirkətin nəzdindəki bağça isə pullu olacaq deyən R.Abdallyevin sözlərinə görə, bağça uşaqları arasında istedadları müəyyənləşdirmək çətindir: "İstedadlar məktəbində IV sinfədək təhsil pulsuzdur. Bundan sonra istedad imtahanı olacaq, imtahandan keçənlər pulsuz təhsil alacaqlar, keçməyənlər isə ya təhsillərini pulla davam etdirəcəklər, ya da məktəbdən çıxarılacaqlar".