Müasir dünyamızda hər şeyin dəyişib, yeniləşdiyi məqamdan ağır insan əməyi sadələşməklə yanaşı, yaşamaq, istirahət etmək də öz gözəlliyi ilə keçmişə meydan oxuyur. Hər kəs necə istədi o cür də yaşamağa üstünlük verir. Bunun da adını qoyurlar demokratiya. Əslində, demokratiya lazımdır, hətta deyərdim vacibdir, amma lazımi qədər. Deyə bilərsiz hansı səviyyədə? Bu sualı cavablandırmamışdan əvvəl demək lazımdır ki, çoxları şou-biznes əhlinə iradlarla yanaşır. Televiziya kanallarından onların sifətlərini görəndə az qala borcları yadına düşür. Bununla yanaşı, şou-biznes əhlinə qibtə edənlər də az deyil. Çünki demokratiyanın tüğyan etdiyi bir məqamda müğənnilər cah-cəlal içində yaşayır, hər cür yaşam zövqündən bəhrələnirlər. Harada gözəl istirahət mərkəzi və yeyib-içmək məclisləri varsa, müğənnilər mütləq ordadırlar. Hətta aradabir onlar cəmiyyətdə özlərini aparıcı simalar kimi təqdim etməyə çalışırlar.
Qeyd edim ki, müğənni sözü ərəb sözü olub, xanəndə, rəqs edə-edə mütriflik etmək - yəni oxumaq deməkdir. Müasir dünyada yuxarıda qeyd etdiyim kimi, hər şeyi adı dəyişdiyi bir məqamda mütrif sözü də müğənniliklə əvəz olunub. Bəlkə də Nüşabə Ələsgərliyə, Aygün Kazımovaya, Röyaya, Ədalət Şükürova, Rəqsanəyə və digərlərinə mütrif desən, səni topa-tüfəngə tutub məhkəmə ilə hədələyər. Kiməsə, nəyəsə arxalanıb səni döydürtdürəcəyi mesajını göndərər. Çünki onlarınkı ancaq gözəl-gözəl məclislərdə xumarlana-xumarlana oxumaqdır. Öz sənətlərinin mahiyyəti, elmi əsasları barədə kitab vərəqləmək onlarlıq deyil. Oxumaqdan söz düşərkən, o fikri də fakta əsasən demək olar ki, əksər mütriflərin heç səsləri də yoxdur. O gün internet saytlarının birində Rəqsanə adlı müğənninin zarıya-zarıya oxuduğu videogörüntüsünü seyr edərkən, ona daş qəlbli insanın belə yazığı gəlir. İmkanı olsaydı, səsinə gücü çatmayan mütrifə dəstək verər, onu üzləşdiyi faciəvi durumdan çıxarmağa çalışardı. Amma nə edəsən ki, hər şeyə kömək olduğu halda, səsi tənzimləmək, onun tembrini düzəltmək mümkün deyil. Firəngiz Mütəllibova adlı yarı aktyor, yarı müğənninin, heç kəs tərəfindən qəbul olunmayan Məleykə Əsədova adlı şeiriyyət əhlinin zəngulələrinə qulaq kəsilərkən, Kamilə adlı aparıcı-müğənni xanımın səsini eşidərkən dağa-daşa üz tutub ağlamaq istəyirsən. Bu siyahıya aktyor-müğənni Xanım Qafarovanı, əjdaha ləqəbli Nadir Qafarzadənin, başına müasir dövrün tələblərindən yararlanıb tük əkdirən Elarizin, adam adından imtina edib, özünə pişik adını qoyan Günelin, iki aydır elektrik enerjisindən məhrum olan Nuranın, təlxək ləqəbli Coşqun Viləşin "ecazkar" səslərini eşidərkən, onlarla eyni əsrdə, dövrdə yaşamağına peşmançılıq çəkirsən.
Yeri gəlmişkən, sonuncu adını qeyd etdiyimiz mütrifin soyadını bugünlərdə eşitmişəm. Dəqiq desək, Xəzər TV-nin xəbərlər proqramında bu oğlanın "Lange Rover" ilə bağlı DYP əməkdaşları ilə gedən mübahisəni seyr edərkən, çox təəccübləndim. Ona görə ki, gecənin bir aləmində şəhər küçələrində əcəm seyrəngahına çıxan Coşqun Viləş adlı mütrif haqlı olaraq DYP əməkdaşlarının cənginə tuş gəlib. Haqq qazanılır ona görə ki, bu oğlan avtomaşını "rastamoşka" olunmadan sürürmüş. Görünür, mütrif özünə o dərəcədə arxayın olub ki, avtomaşının "rastamoşka" vaxtının keçməsinə belə əhəmiyyət verməmişdir. Maraqlı məqam ondan ibarətdir ki, avtomaşın cərimə meydançasına aparıldıqdan sonra C.Viləş hay-küy qaldırıb hüquqlarının pozulduğunu iddia edib. Hətta Xəzər TV-ni qurduğu şounun lentə alınmasına nail olan C.Viləş müəyyən qədər istəyinə də nail olub. Deyim ki, gecə deyil, günün günorta çağı şəhər küçələrində istənilən problemlə üzləşsəm, bir TV və ya mətbu orqan mənim dinləməz. Günlərlə TV-lərin qapısında dayanıb filan məlumatın yayılmasını istəsən belə rədd cavabı alarsan. Amma bəzi mütriflər böyük üstünlüklərə malikdirlər. Necə ki, C.Viləş bir neçə dəqiqənin içərisində Xəzər TV kimi nüfuzlu bir telekanalı yaratdığı şounun əsas təbliğatçısına çevirə bilmişdir.
Bütün bunlardan sonra qısaca onu demək olar ki, şou-biznesdəki mütriflər meydan sulayırlar. Onların sıralarının qısa yubkalılarla genişlənməsi isə bu biznesin günbəgün çiçəklənməsindən xəbər verir.