Sərdar Cəlaloğlu hesabat verdimi?!

12 Sentyabr 2012 18:32 (UTC+04:00)

Az müddət öncə, ADP sədri Sərdar Cəlaloğlunun bilavasitə mənsub olduğu millətinə qarşı həqarətli ifadələr işlətməsi təəsüf ki, mediada az danışılan mövzulardan oldu. Və əslində bu kimi ləyaqətsizsayağı açıqlamalar zaman-zaman başqa siyasilər tərəfindən də səsləndirilmişdi. Təsadüfi deyil ki, hələ 2003-cü ilin prezident seçkilərində ADP sədri vəzifəsini icra edən Rəsul Quliyev də bütöv bir xalqı "qoyun" deyə təhqir etmişdi. Onda da R.Quliyevin Azərbaycan millətinə təhqirli xitabı mətbuatda araşdırılma mövzusuna çevrilməmişdi və heç də təsadüfi deyil ki, həmin zamanlar S.Cəlaloğlu onun müavini kimi fəaliyyət göstərirdi. Çünki bu gün qapıda 2012-ci il olmasına rəğmən, R.Quliyevin təsiri hələ də ADP-dən yan keçməyib. Yəqin bu səbəbdən də S.Cəlaloğlunun millətə olan antipatik hissləri sönməyib. Əslində isə bu kimi fərdlərin Rusiya siyasətinin məzhəkəçi təlxəyi olan Jirinovskidən qətiyyən fərqləri yoxdur. Ona görə də onların işlətdikləri hər bir söz, hər bir ifadə ciddiyə alınmır. Amma bu dəfə, siyasi təlxəkliyindən asılı olmayaraq, S.Cəlaloğlunun məsələsi bu gün də gündəmdən silinməməliydi. Sübut olunmalıydı ki, adları dillərdə əzbər olan xalq qəhrəmanlarının da aid olduğu bu millət – böyük Azərbaycan milləti heç də onun özü kimi qorxaq, ləyaqətsiz və mənəviyyatsız deyil!

O, boykot olunmalıydı!

Lakin burada başqa mövzu da mövcuddur. Həmin mövzu bu qədər biabırçılıqdan, rəzalətdən sonra S.Cəlaloğlunun üzünə-üz qataraq, cəmiyyət içinə rahat şəkildə çıxmasıdır. Hətta bu da azmış kimi, başqa-başqa mövzularda mətbuata açıqlamalar verməsi və "ağıllı" münasibətlər bildirməsidir. Maraqlıdır, axı nəyə görə, media mənsubları azərbaycanlıları təhqir edən şəxsi bu qədər "ali mənsub" kimi dəyərləndidirlər? Məgər, S.Cəlaloğlu sözügedən əməlinə görə ən azından mənəvi cəzaya layiq deyilmi? Məgər, müxalifətli-iqtidarlı – hər bir qəzet, informasiya şəbəkələri ADP sədrini boykot edə bilməzdimi? Əlbəttə ki, bilərdi, hətta daha artığını da edərdi!

Ancaq bu gün məlum açıqlamalarına rəğmən, S.Cəlaloğlu yenidən mətbuata çıxıb xalqın dəstəklədiyi hakimiyyəti qeyri-ciddi ittihamlarla qınamağa cəhd edir. Yəqin ki, xalqın hakimiyyəti dəstəkləməsindən qeyzə gəlir S.Cəlaloğlu.

Veriləcək hesabat üçün hələ də gec deyil

Ona görə də zaman-zaman özünün də tənqid etdiyi AXCP, Müsavat kimi antimilli siyasi təşkilatların yaydıqları böhtan-şər kampaniyalarına dəstək göstərir. Hətta utanmaz-utanmaz millətini təhqir edən Cəlaloğlu MTN-ə müracitə etmək dərəcəsində siyasi həyasızlıq nümaiş etdirir.

Deyir ki, "48 milyard məsələsinə aydınlıq gətirilmir". Hansı 48 milyard məsələsinə? Axı bu məsələ ümumiyyətlə mövcud deyil. Əksinə, bu gün müxalifət liderləri açıqlama verməidirlər ki, bugünə qədər qazandıqları milyardlarla vəsaitləri necə əldə ediblər? Hansı erməni lobbiləri ilə əlbir olan şəbəkələrlə sifarişlər imzalayırlar? S.Cəlaloğlu nəyə görə xalqın dəstəklədiyi, inandığı hakimiyyətdən izahat tələb edərkən, millətinə, xalqına qarşı daim düşmənçilik mövqeyi sərgiləyən xəyanətkarlar toplusunun dezinformasiyalarını müdafiə edir? Niyə bu haqda xalq qarşısında hesabat vermir? Yoxsa bunu etməyə də mənəviyyatı çatmır?