Çaşmaq çox pis şeydir

11 Sentyabr 2012 15:18 (UTC+04:00)

İsa Qəmbərin çaşaraq Elman Cəfərovu "bostançı" adlandırması da çaşmağın çox pis şey olduğunu təsdiqləyir

Bir var ağlını itirmək, bir də var çaşmaq. Deyərdim ki, bunların hər ikisi biri-birindən fərqli, amma bir-birinə oxşar cəhətlərdir. Xüsusilə də, bu cəhətlər daha çox insanda cəmlənir. İnsanın ağlını itirməsi cəmiyyət üçün arzuolunmaz hallar yaratsa da, çaşmaq bir o qədər faciə sayılmır. Sadəcə çaşan adam ətrafında müəyyən söz-söhbətlər, bəzən isə gülüş doğuran məqamlar yaradır. Misal kimi, Rusiyanın keçmiş prezidenti Boris Yeltsin San-Peterburqun yubileyi zamanı çaşaraq şəhər merinin müavini (hazırda fəal siyasətçi kimi tanınır) Matvienkonun qarnına sağ əli ilə çimdik atmışdır. Bu çaşmaq Kreml üçün başağrısına çevrilsə də, B.Yeltsin bundan heç də kefini pozmamışdır. Çünki sonrakı mərhələdə Almaniyaya səfəri zamanı Angela Merkellə də mazaqlaşmaq kimi səhnələr nümayiş etdirmişdir. Sonradan bu cür səhnəni Kreml siyasətçiləri prezidentin çaşması kimi qələmə vermişlər.

Həmin vaxtlarda diqqətçəkən məqam ondan ibarət olmuşdur ki, ABŞ rəsmiləri Kremllə bağlı yekə-yekə danışıb, məsxərə xarakterli fikirlər səsləndirirdilər. Amma gülmə qonşuna gələr başına deyiblər. Corc Buş Gürcüstana səfəri zamanı Qafqaz xaşına, gürcü şərabına o qədər alüdə olmuşdur ki, əhali ilə görüşündə çaşdığından bir neçə dəqiqə çəkən "Ləzqinka" sədaları altında rəqs etmişdir. Düzdür, erməni terrorçusu partlayış törətməklə Corc Buşun kefinə soğan doğramağa çalışmışdır. Amma terrorçunun niyyəti baş tutmadığından ABŞ prezidenti rəqsini tamamlaya bilmişdir. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan özündən əvvəlki və sonrakı həmkarlarının dəhşətli formada törətdikləri axmaq və biabırçı hərəkətlərini daha rüsvayçı formada təkrarlamışdır. Hətta xatırladaq ki, Azərbaycan, Rusiya, Ermənistan prezidentlərinin Moskvada keçirilən üçtərəfli görüşündən qarınağrısına tutularaq ayaqyoluna getmək istədiyini bildirmişdir. Ayaqyoluna getdikdən sonra mətbuata açıqlamalarında onun sözçüləri prezidentin qarnının deyil, başının ağradığını bildirmişlər. Fərqli fikirlər onunla əlaqələndirilmişdir ki, guya prezident çaşaraq başının ağrıması əvəzinə qarnının ağrıdığını bildirmişdir. Amma maraqlı məqam ondan ibarət olmuşdur ki, başı ağrayanda niyə məhz ayaqyoluna gedirlər. Görünür, ermənilər üçün düşünmək yerləri digər insanlara nisbətən fərqli nöqtələrdədir.

Bu günlər mətbuatdan oxudum ki, Müsavat başqanı İsa Qəmbər "İctimai Palata"nın hüquqşünası Elman Cəfərovu "bostançı" adlandırıb. Düzünü deyim ki, İ.Qəmbərin həmkarlarına yeni yanaşması təəccübümə səbəb oldu. Çünki İsa Qəmbər əksər hallarda həmkarlarını "zəif", "iradəsiz", "qorxaq" kimi sözlərlə tənqid edir. Bostançı sözü İ.Qəmbərin leksikonunda yeni fikir olduğundan düşündüm ki, mütləq və mütləq Müsavat başqanı çaşaraq E.Cəfərovu "bostançı" adlandırıb. Eyni zamanda, o qənaət yaranır ki, Müsavat başqanının E.Cəfərovu "bostançı" adlandırması ilə bağlı fikirləri heç də əsassız ola bilməz. O mənada ki, İ.Qəmbər həmkarları haqqında geniş və əhatəli kompromatlara malikdir. Yəqin ki, E.Cəfərov "İctimai Palata"nın üzvü olana qədər qarpız-yemiş əkib, pamidor-xiyar yetişdirib. Bununla da, İ.Qəmbərin siyahısına bostançı kimi düşüb. Bu yerdə düşərgə təmsilçiləri haqlı deyirlər: "Heç kəsin İsa Qəmbərin yanında gözükölgəli işi olmasın". Amma E.Cəfərova da deyən lazımdı ay insan evladı, sənin "İctimai Palata"da – İ.Qəmbərin yanında nə işin var ki, o da səni "bostançı" adlandırır.