Telekanalların "tərbiyəsi"

11 Sentyabr 2012 15:12 (UTC+04:00)

Söz yox ki, bir çox insanların yaşam tərzində, sosial həyatında problemlər də mövcud olur. Lakin elə problemlər də var ki, bununla hər bir insan hər gün rastlaşır. Bu, telekanallarda gedən "tərbiyə" məsələsidir. Deyilənə görə, televiziya həm də cəmiyyətin güzgüsüdür. Lakin bu gün Azərbaycan televiziya və radio kanallarında kifayət qədər çatışmazlıqlar hökm sürür ki, burada hansı "tərbiyəvi" məsələlərin gündəmə çıxarılması göz önündədir. Hal-hazırda isə ölkəmizin televiziya və radio məkanında sadalanan hallara hərdən lap çox rast gəlirik. Bu da bizdə təəssüf hissi yaradır. Televiziya və radio kanallarında peşəkar aparıcı çatışmazlığı var. Özünə aparıcı deyən hər kəsi efirə çıxarırlar. Bəzi aparıcıların nitqində, davranışında, geyimində müəyyən nöqsanlar var. Lakin peşəkar aparıcının nitqində, davranışında, geyimində qüsur olmamalıdır. Ümumiyyətlə, jurnalistikadan heç bir anlayışı olmayan kəsləri efirə çıxarırlar. Bu isə tamaşaçını efirə baxmaqdan uzaqlaşdırır. Hələ müğnnilərin qalmaqallarını, "tərbiyələrini" reklam etmələrini demirəm...

Efir məkanımızda cəmiyyəti maraqlandıran məsələləri əhatə edən lazımi proqramlar yayımlanmır. İntellektual, maarifləndirici, vətənpərvərlik mövzusunda verilişlər isə demək olar ki, yox səviyyəsindədir. Cəmiyyəti narahat edən problemləri işıqlandıran sosial, ictimai verilişlər çox az saydadır. Əsasən musiqili, şou proqramlara üstünlük verilir ki, bunların da çoxu bilavasitə plagiat verlişlərdir. Yəni Türkiyədən, Rusyadan və Qərb telekanallarından götürülmüş verlişlər. Təbii ki, həmin verlişlərin hazırlanma, təqdim olunma şəraitləri də çox zaman biabırçı vəziyyət alır. Həmin verilişlərə əksər vaxtlarda musiqidən, mədəniyyətdən, xalq yaradıcılığından, folklorlardan xəbəri olmayan insanlar dəvət alırlar. Onların hətta təhsil səviyyələri də sual altındadır. Bu amil isə şou proqramlara meylli olan gənclərin mənəviyyatını korlayır. Televiziyalarımız uşaqlar üçün verilişlərə az yer ayırırlar. Uşaq verlişləri, cizgi filmləri ilə bağlı kanallarının problemi var. Azərbaycan telekanalları özləri cizgi filmləri istehsal etmirlər. Xarici ölkələrin cizgi filmlərini tərcümə edərək yayımlayırlar. Tərcümələr isə cizgi filminin mahiyyəti ilə üst-üstə düşmür. Bəzən elə cizgi filmi yayımlayırlar ki, bu da uşaqlara zərərli informasiyadan başqa bir şey vermir. Yəni balacalara aqressiya, savaş kimi arzuolunmaz faktorlar aşılanır.

Telekanallarda yayımlanan reklamlar ümumiyyətlə bərbad vəziyyətdədir. Yerli reklam prodakşnları primitivlikdən kənara çıxmırlar, xarici reklamların tərcüməsindəki vəziyyət isə sadəcə ürək bulandırır.

Onu da qeyd edim ki, televiziya kanallarımızın tamaşaçı auditoriyasıyox səviyyəsindədir. Xüsusilə, xarici ölkələrin televizya kanallarına üstünlük verirlər. Bu da sözsüz ki, kanallarımızın cəmiyyəti qane etməməsindən irəli gəlir. Seriallar, filmlər də bu çərçivəni əhatə edir. Görəsən, həmin teelekanallar nə zaman normal tərbiyə üsuluna malik olacaqlar?