İndi Ermənistan siyasi elitasında bu sual hər kəsin beynini "qarışdırır", "Putin kimi seçəcək?". Ermənistanın istər hakimiyyəti, istərsə də müxalifəti öz siyasi taleyi baxımından Kremldən gələn "stavka"nın kimdən yana olacağı üzərində baş sındırır. Çünki gələn il keçiriləcək prezident seçkilərində kimin hakimiyyətə gətiriləcyi və kimin siyasi zibilliyə atılacağı, Kreml sahibinin qarşıdakı dövrdə kimə "elçi düşəcəyindən" çox, amma lap çox asılıdır. Hazırda Rusiya hakimiyyətinin Yerevanda kimi hakimiyyət başında görmək istəməsi, 2013-cü il prezident seçkilərindən sonra Serj Sarkisyanla, yoxsa Levon Ter Petrosyanla işləyib-işləməyəcəyi Kreml dəhlizlərindən tutmuş Yerevan küçələrinə qədər hər yerdə ciddi olaraq müzakirə olunur. Onsuz da daima Moskvanın siyasi vassalı və şəxsi vilayəti kimi idarə olunan Ermənistanda, sadə ermənilərdən tutmuş hakim oliqarxlara qədər hər kəs 2013-cü ildə Vladimir Putinin kimin üzərində duracağını maraqla gözləyir.
Bir neçə il bundan əvvəl Serj Sarkisyanın ona qarşı baş qaldıran müxalifətçiləri Yerevan küçələrində güllə-borana tutaraq hakimiyyətini silah yolu ilə əldə saxlaması, yəqin ki, heç bir erməninin yadından çıxmayıb. Bu, əslində Moskvanın öz vassalındakı etibarlı fiqurunu qorumaq əməliyyatı idi. Çünki Levon Ter Petrosyanın hakimiyyəti ələ keçirib Rusiyanın siyasi nəzarətinə zərbə endirəcəyini düşünən Kremlin, S.Sarkisyanı qorumaqdan başqa yolu yox idi. O zaman Qafqazda gedən sürətli "mərkəzdən qaçma" prosesləri, xüsusi ilə qərbin təsiri altında olan Gürcüstanın Moskvanın üzərinə "ayaq açması" Kremldəki Rusiya başbilənlərini nəyin hesabına olursa olsun, Qafqazdakı prosesləri nəzarətində saxlamağa vadar etdi. O zaman formal da olsa V.Putinin yerinə təzəcə Kreml rəhbəri postunda əyləşən Dmitri Medvedyev ehtiyat edirdi ki, birdən qərbdəki erməni diasporu Yerevanda da hakimiyyəti Rusiyanın əlindən çıxarmaq üçün Ağ Evlə birlikdə hərəkət etməyə qərar verər. Çünki erməni diasporu tamamilə qərbdəki siyasi qüvvələrin birbaşa nəzarəti altındadır. Amma burada bir məqamı da unutmaq olmaz ki, nə qədər qərb "çörəyi" yesələr də, xaricdəki erməni diasporu bir yandan da Ermənistanın daima Rusiyanın himayəsi altında qalmasında çox maraqlıdırlar. Çünki əsrlər boyu öz qonşularına qarşı faşist siyasəti yeridən Ermənistan dövləti, Moskvanın "atalığı" olmazsa, uzağı bir neçə gün öz mövcudluğunu qoruyub saxlaya bilər, vəssalam!
Çünki ən azından 20 ildir ki, Azərbaycanın torpaqlarını işğal etmiş bu ölkə, Qarabağı işğaldan qurtarmaq istəyən rəsmi Bakının endirəcəyi bircə həmlə qarşısında tab gətirmək gücündə belə deyil. Hər kəs əla bilir ki, əgər Moskva heç bir iqtisadiyyatı və dövlət sistemi olmayan Ermənistanın üzərindən "atalığ əlini" qaldırarsa, o zaman rəsmi Yerevanın torpaqlarını işğal etdiyi Azərbaycan qarşısında dərhal ağ bayraq qaldırmaqdan başqa çıxış yolu qalmayacaq. Baxmayaraq ki, Rusiya qədər İran da Ermənistanın "ayaq üstündə durmasında" öz xidmətlərini əsirgəmir. Elə buna görədir ki, İran rejimi var gücü ilə rəsmi Yerevanı dəstəkləmək üçün hər şeyə baş vurur...
Amma sözsüz ki, Ermənistan üçün əsl "atalıq missiyası", Rusiyanın üzərinə düşür. Belədə "atanın" Ermənistanda kimi iqtidar, kimi müxalifət görmək istəməsi isə, necə deyərlər Moskvanın "halalca haqqıdır". Amma görünən odur ki, Rusiya gələn il keçiriləcək prezident seçkilərinə, erməni xalqının dəhşətli nifrətini qazanan S.Sarkisyanla getməyi düşünmür. Moskvaya növbəti 5 il üçün ermənilərin başını qatmağa yeni sima lazımdır.
Çox güman ki, Rusiya Sarkisyanın əvəzinə bir başqa siyasi nökəri tapıb siyasi səhnəyə çıxarmalı olacaq. Çünki onun qərb pərəst və sosial ədalətsizliyə qarşı amansız çıxışlar sahibi olan Levon Ter Petrosyana "stavka" edəcəyi gözlənilən deyil. Məsələ burasındadır ki, Moskvada L.T. Petrosyanın artıq qərbin kadrına sevrildiyi barədə rəy yaranıb və Kreml heç vaxt Qafqazdakı əsas dayaqını risqə atmaq kimi savadsız addım ata bilməz. Çünki Qafqazda daima onun üçün siyasi "şilləvuran" və araqarışdıran rolunu oynamış Ermənistanın "əldən çıxması" və qərbin himayəsinə girməsi, yaxud burada Moskvanın xoşuna gəlməyən birisinin hakimiyyətə yiyələnməsi, Rusiya üçün olduqca ağır nəticələrə gətirib çıxara bilər. Bunu Kremldə əla bilirlər. Hadisələrin təhlili isə onu göstərir ki, Moskva S.Sarkisyana alternativ olaraq, qərbpərəst L.T.Petrosyanın qarşısına hazırkı komandadan başqa bir namizədi çıxara bilər. Çünki erməni cəmiyyətində kifayət qədər antipatiya bəslənən, cəmiyyəti korrupsiya və sosial fəlakətə sürükləyən S.Sarkisyan artıq "işlənilib qurtarılmış" fiqurdur. Bir sözlə, Kreml Ermənistanın yeni diktatorunu seçmək üçün indidən hərəkətə keçib. Vassal ölkə üçün, oyuncaq diktator!