Memorandum, yoxsa "meymurandum"?

7 Sentyabr 2012 19:44 (UTC+04:00)

İctimai Palatada vahid namizəd məsələsi ətrafında cərəyan edən qarmaqarışıq hadisələr və həmin hadisələrin fonunda memorandumun imzalanması qurumdaxili həllolunmaz problemləri yetərincə üzə çıxarıb. Amma baş qaldırmış problemlərin guya yavaş-yavaş aradan qalxdığını iddia edən "palata" yetkililərinin mütəmadi yalanları dərhal ifşa olunan kimi, onlar günahlarını başqalarında axtarmağa başlayırlar. Sanki az öncə, imzalanmış memorandumun seçkilərə qədər müxalifətdə sakitçilik yaradacağını bunlar deməyiblərmiş. Yaxşı, əgər sən, o, ya da digəri deməyibsə, bəs kim deyib? Bəlkə iqtidar deyib həmin ifadələri? Məsələnin də mahiyyəti ondan ibarətdir ki, qarşılaşdıqları hər bir hadisələrdə bilavasitə iqtidarın günahkar olduğunu deyən İctimai Palata səlahiyyətliləri və onların monopoliyaçı liderləri ciddi yanılırlar. Yəni ona görə yanılırlar ki, iqtidar üçün İctimai Palata önəmli qurum deyil və bütövlükdə iqtidarın belə məsələlərə başını qarışdırmağa nə vaxtı, nə də həvəsi var. Yaxşı olardı ki, bütün günahlarını və qarşılaşdıqları problemlərini özlərində axtarsınlar. Daha memorandum deyib, meymurandumluq etməyə nə gərək?

Bu gün AXCP və Müsavat sədrlərinin bir-birlərinə dimdik atmamaları üçün həmin memorandumun imzalanmasını istisna etməyən müxalifət başbilənləri əldə edilə bilinməyən nəticədən dolayı daha bir nüansa toxunmağı unudublar. Unudublar ki, həmin memorandumda həm Əli Kərimlinin, həm də İsa Qəmbərin məhz seçkilərə qədər vahid namizəd mövzusuna toxunmayacaqları haqqında müddəa yer alıb. Yaxşı, tutalım ki, seçkilərə qədər vahid namizəd mövzusuna toxunulmadı və hər iki partiya sədri vahid namizəd uğrunda apardıqları savaşı gizli şəkildə davam etdirdilər. Bəs seçkilərdən sonra nə olacaq? Guya bundan sonra müxalifətin, xüsusilə İctimai Palatanın (hərgah, qurumun seçkilərdən sonra ayaqda duracağı inandırıcı görünmür – M.) vəziyyəti normallaşacaqmı? Və həqiqətə nəzər saldığımız zaman bir çey agah olur ki, ənənəvi müxalifət deyilən siyasi burulğanlar düşərgəsində heç vaxt vəziyyət normal olmayıb. Çünki köpkü, təməli belə qoyulub müxalifətin. Düzdür, rəhmətlik Əbülfəz Elçibəyin dövründəki müxalifət az-çox görünürdü, siyasi proseslərdə də fəallığı sezilirdi. Hətta indiki kimi memorandumlar-filanlar da imzalanmırdı. Amma bunun da qarşısını alanlar tapıldı. Həmin adamlarin adları isə bu gün imzalanmış memorandumların önündə gedir: Əli Kərimli və İsa Qəmbər.

Ona görə də sözügedən memorandumun memorandumdan daha çox meymuranduma bənzəməsi real görünür. Çünki müxalifətdə, xüsusilə, İctimai Palatada cərəyan edən hadisələrdən doğan meymurandum fikiri daha betər ifadələrlə əvəzlənə bilər. Yaxşı olardı ki, bundan sonra hər hansı ad altında sazişlər imzalanmasın. Onsuz da heç bir xeyri-zadı olmayacaq.