Təhlükə

7 Sentyabr 2012 16:27 (UTC+04:00)

"16-lar" "VAMBP" hücumuna məruz qalıb

Deyirlər, bəşər övladı ən qorxulu, vahiməli varlıqdır. Düz də deyirlər. Çünki çıxarılan çoxsaylı tarixi dərslər bu qənaəti yaradıb. Amma bir iş var ki, qocasından, cavanından, hansı peşə sahibi olmasından asılı olmayaraq, insanın da çəkindiyi, qorxduğu varlıqlar var. O da cin-şeytan, bir də vampirlərdir. Ağbirçəklərimiz, ağsaqqallarımız deyərlər, gecə vaxtı küçəyə isti su atmazlar. Çünki bu halda şeytanın balası yanar və bununla da, ana şeytan qisas almağa çalışar. Vampirlərlə bağlı da xeyli rəvayətlər, əfsanələr danışılır. Elə ABŞ-ın uşaqların baxması məsləhət bilinməyən qorxulu filmlərini seyr etdikdə də, vampirlərin insanlar üçün dəhşətlər yaradan məxluqlar olduğunu görmək olar. Bu nöqteyi-nəzərdən, onu demək olar ki, insanların da çəkindiyi, qorxduğu məxluqlar var. Günümüzün reallığında vampir adı gələndə insanın canına üşütmə düşür. Bir dostum nəql edir ki, Azərbaycan siyasi səhnəsində vampir adına rast gəlib. Dediyinə görə, bu, "VAMBP" adlı partiyadır. Düzünü deyim ki, yeni kəşfdən təəccüblənsəm də, dərinə getməyib bunu təbii hal kimi də qiymətləndirməyə çalışdım. Çünki bəzən Azərbaycanda insan adları ilə yanaşı, qəzet, jurnal, partiya adlarında da təəccübə və hətta deyərdim ki, gülüşə səbəb olan adlara rast gəlmək olur. Hacıbaba Əzimovun rəhbərlik etdiyi "VAMBP" də təəccüblə qarşılanan adlardan hesab olunur. Amma bir məsələ də var ki, bu partiya adında sanki bir güc-qüvvə var. Çünki "VAMBP" sədri H,Əzimovun vaxtaşırı hücum xarakterli açıqlamaları sensassiya axtarmaq dalınca qaçan jurnalistlər üçün bir mövzuya çevrilib. Deyək ki, bir neçə gün əvvəl 16 partiyanın iştirakı ilə "16-lar" adlı qurumun yaradıldığı barədə AMİP press-reliz yaydığı zaman qəzetlər bununla bağlı öz mülahizələrini, şərh və təhlillərini qeyd etdilər. Ancaq "VAMBP" sədri H.Əzimov gözlənilmədən mətbuata çıxaraq, "16-lar" adlı hər hansı bir qurumun yaradılmadığı barədə fikirlər səsləndirdi. Onu da qeyd etdi ki, sadəcə, 16 partiya funksionerləri uzun müddət bir-birlərini görmədiyindən, yığışıb söhbət edib, çay içiblər: "AMİP böyük səhvə yol verərək, "16-lar" adlı qurumun yaradılması kimi yanlış məlumat yayıb". Bununla da, "16-lar" adlı qurumun yaradılması barədə yayılan məlumatların əsassız olduğu təsdiqlənib. Düzdür, KAXCP, AMİP, ACP yetkililəri H.Əzimovu təkzib etməyə çox çalışdılar. Ancaq "VAMBP" sədri hücum aktı həyata keçirib partiyaları pərən-pərən salmışdır. Buna ifşa edilmə adı da vermək olar.

Onu demək yerinə düşər ki, "VAMBP" sədrinin "16-lar"a hücumunun müxalifət düşərgəsində digər partiya sədrlərinə və qurum rəhbərlərinə ediləcəyi proqnozlaşdırılır. Çünki ABŞ-ın vampirlərlə bağlı çəkdiyi qorxulu kino-filmlərə əsaslanaraq, demək olar ki, bu təbiətdə və xarakterdə olan məxluqlar silsilə hücumlar həyata keçirirlər. Elə H.Əzimovun siyasi fəaliyyət sferasını izlədikdə də ABŞ-ın qorxulu kino-filmlərində cərəyan edən fərqli hadisələrin oxşar olduğunu da görmək olar. Çünki H.Əzimov Lənkəran Pedaqoji Universitetinin başbiləni olan zaman universitetə etdiyi ardıcıl hücumları ilə bu tədris ocağını qara günə qoymuşdu. Sonradan yüksəliş nöqtəsinə nail olub, parlamentə düşdüyü zaman da indiki "VAMBP" sədri aranı qarışdıran, intriqalar yaradan məxluqa çevrilmişdir. Hərdən düşünməli olursan, yaxşı ki, H.Əzimovun parlament fəaliyyəti çox qısa oldu. Yoxsa parlamentarilərin fəaliyyəti heç də arzuolunan vəziyyətdə olmazdı. Qısası, müxalifət düşərgəsində təmsil olunan partiyalar bir-birinin axırına çıxa bilməsələr, "VAMBP" sədri düşərgəni öz məqsədyönlü fəaliyyəti ilə tarixin arxivinə göndərəcək.