Şirvan şəhərində " Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək " İctimai Birliyi tərəfindən Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Gənclər arasında tütünə qarşı mübarizə işinin təşkili " layihəsi çərçivəsində tütünçəkmə ilə mübarizə məsələlərinə həsr olunmuş tədbir təşkil edilib. SİA-nın məlumatına görə, Şirvan şəhər 10 saylı orta məktəbdə təşkil olunan tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin, qeyri-hökumət qurumlarının aidiyyəti ekspertləri, məktəblilər və gənclər iştirak ediblər. Tədbirdə tütün epidemiyası ilə bağlı məsələlər təhlil olunub, müxtəlif təqdimatlarla çıxışlar edilib və digər məsələlər ətrafında müzakirələr aparılıb. Tədbirin açılışında Şirvan Şəhər İcra Hakimiyyətinin məsul işçisi Ramil Qasımov 2005-ci ilin 20 sentyabr tarixində Prezident İlham Əliyev cənabları tərəfindən "Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası"na qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununun imzalandığını deyib və bu qanunun əhəmiyyətindən danışıb.
Tədbirdə Azərbaycan Tibb Universitetinin tələbələri Burxan Həsənov və İsmayıl Mustafazadə "Dünyada tütünlə mübarizə təcrübəsi" mövzusunda slaydlar təqdim edərək bütün incəlikləri görüş iştirakçılarının diqqətinə çatdırıb çıxış etdilər.
Müzakirələrin nəticələrinə görə, rəy və məsləhətlər yekunlaşdırılaraq xüsusi vurğulanıb ki, tütün epidemiyasının səbəbləri və onlarla effektli mübarizə üsulları barədə məlumatların kifayət qədər olmasına baxmayaraq, bu biliklərin təcrübədə istifadə olunması və cəmiyyətin bütün təbəqələrinin həyata keçirilən tədbirlərdən faydalanması üçün hələ bir çox işlər görülməlidir. Tədbirin sonunda qərara alınıb ki, növbəti toplantılar yeni dərs ilində olsun və tütünün insan orqanizminə zərəri haqda məlumat tipli bukletlər çap olunub orta məktəb şagirdləri və şəhər gəncləri arasında paylanılsın.