Bunun əleyhinə danışanlar Şəhidlər Xiyabanını niyə tanıyırlar?

5 Sentyabr 2012 12:57 (UTC+04:00)

Ramil Səfərovun Azərbaycana qaytarılması və əfv edilməsi ilə erməniçiliyin məxfi mərkəzlər, diaspor və lobbi institutlarının hörümçək toru kimi dünyanı başına götürməsi barədə danışılanlar bir anlıq sarsılmış oldu. Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib. O bildirib ki, bu hadisə bir tərəfdən Ermənistan prezidenti Serj Serkisyan rejiminin iflasına aparacaqsa, digər tərəfdən də Qarabağda şəhid olan insanların intiqamı olacaq.

Millət vəkilinin sözlərinə görə, bu hadisədən sonra ölkə daxilindəki bəzi insanlar onun əleyhinə çıxış etməyə başladılar: "Bunun əleyhinə danışılanlar, Ramil Səfərovu cinayətkar və günahkar hesab edənlər isə şəhidləri, Şəhidlər Xiyabanını niyə tanıyırlar? O zaman elan etsinlər ki, şəhidlərimiz milli xəyanətkardırlar, ermənilərə qarşı nahaq mübarizə aparıblar. Bu arada Zərdüşt Əlizadə elan edir ki, məsələdə xarici təsirlərə dövlət başçısı cavab verməlidir. Onlar narahat olmasınlar. Rəhbərlik də məsələyə lazımi səviyyədə cavab verəcək. Mən onlardan sual edirəm. Birdən Ağdam azad olunsa, onun üzərində bizi hansı təsirlər gözləyir? Birdən bizim ordumuz, tankımız gedib tarixi İrəvan torpaqlarına çıxsa, onlar ölkənin mənafeyini necə qoruyacaq, özlərini xarici aləmə necə təqdim edəcəklər? Onlarda balacalıq kompleksi, xaos sindromu var. Halbuki xalq bundan sevinir, kütləvi olaraq millət dövlət rəhbərinin yanındadır. Əgər bu hadisəni pisləyən 5 nəfər insan varsa, onlar da Gurgen Maqaryanın müdafiəçiləridir. Onlar da bilirlər ki, müharibə başlayarsa, kimin harada olacağı artıq tam müəyyənləşib", - deyə Z.Oruc əlavə edib.