Ramil Səfərovun şərəfinə şükür namazı qılındı
Azərbaycan bayrağını təhqir etdiyi üçün erməni zabitini öldürən, 8 il Macarıstanda məhbusluqdan sonra vətənə qaytarılan azərbaycanlı zabit Ramil Səfərovun dərhal azad olunması ölkənin dini icmaları tərəfindən sevinc və ruh yüksəkliyi ilə qarşılanıb.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata əsasən, ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən dini icmalar Ramil Səfərovla bağlı qətiyyətli, müdrik və cəsarətli addımına görə, Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq teleqramları göndəriblər. Dini icma üzvləri və ayrı-ayrı dindarlar Ramil Səfərovun ailəsinə də çoxsaylı teleqramlar ünvanlayaraq, gözaydınlığı veriblər.
Eyni zamanda azərbaycanlı zabitin vətənə qaytarılması münasibətilə ölkədəki müxtəlif məscidlərdə və dini icmalarda dindarların iştirakı ilə xüsusi söhbətlər təşkil olunub, şükür namazları qılınıb və birgə dualar oxunub.