O zamankı alman dövlətinin cinayət məcəlləsinə görə, qəsdlə adam öldürmə (yəni əvvəlcədən planlaşdırılmış şəkildə) edamla cəzalandırılmalı idi. Əgər ölüm təsadüfən, öldürülən şəxsin ağır təhqirləri nəticəsində baş vermişsə, yüngülləşdirici səbəb kimi qəbul edilir və müttəhim altı aylıq; qətl qəsdlə, amma əvvəlcədən planlaşdırılmadan törədilərsə müttəhim beş il ağır cəza alırdı. Ayrıca müttəhimin hadisə zamanı yaddaşı pozulmuşsa və anlaqsız olduğu üçün nə etdiyini bilməmiş cinayət törətmişsə heç bir cəza almırdı. Alman məhkəməsi də bunu diqqətə alaraq Tahleryanı sərbəst buraxmışdır. Əgər məhkəmə buna istinadən Tahleryanı sərbəst buraxdısa, onu ictimai təhlükəli şəxs kimi məcburi müalicəyə göndərməli idi. Ancaq nədənsə Tahleryanın bu xəstəliyi daha sonra heç bir zaman təkrarlanmadı və Tələt Paşanı öldürməklə özünü tam "müalicə etməyi" bacardı. Alman məhkəməsi sadəcə Tələt Paşanı öldürən Tahleryanı istintaqa cəlb etdi və sonra sərbəst buraxdı. Ona bu işdə kömək edən, silah təşkil edən və Tələt Paşanın yaşadığı yeri, hərəkət istiqamətini deyənlər isə istintaqdan kənarda qaldı.
Ramil Səfərov 1977-ci ildə Cəbrayıl rayonunda anadan olub. Yaşadığı rayon Ermənistan tərəfindən işğal edilərkən yaxın qohumları Ermənistan ordusu tərəfindən əsir alındıqdan sonra işgəncələrə məruz qalaraq öldürülüb. Erməni işğalının fəsadlarını və törətdikləri vəhşilikləri Tahleryandan fərqli olaraq, Səfərov gözləri ilə görüb, yaşayıb, birinci dərəcədən yaxınlarını itirib. Ramilin doğulub-böyüdüyü rayon bu gün də Ermənistanın işğalı altındadır. Ramil, ailəsi və təxminən bir milyon qaçqın Ermənistan işğalı altında olan doğulub boya-başa çatdıqları doğma torpaqlarına geri dönə bilmir. Ramil 2004-cü ildə Macarıstanın Budapeşt şəhərində ingilis dili kursunda Azərbaycan dövlətini və Azərbaycan bayrağını təhqir etməsinə dözməyərək erməni zabitini öldürüb. Macarıstan məhkəməsi ona ömürlük cəza verib. Nədənsə Macarıstan məhkəməsi Səfərovun müharibədə ermənilərin törətdikləri vəhşilikləri görməsini, birinci dərəcədən yaxınlarının öldürülməsini, psixoloji vəziyyətini və erməni zabitin təhqirlərini diqqətə almayıb.
Anders Berinq Breyvik 13 fevral 1979-cu ildə doğulub. 22 iyul 2011-ci ildə Norveçin paytaxtı Osloda bomba partlayışı və hakimiyyətdəki Əmək Partiyasının Ütöya adasında təşkil etdiyi gənclər düşərgəsinin iştirakçılarına qarşı həyata keçirdiyi silahlı hücum nəticəsində 77 nəfəri öldürməkdə və 97 nəfəri yaralamaqda ittiham edilirdi. Cinayətləri etiraf etsə də, özünü təqsirkar kimi qəbul etmir. Xristianlığın lüteran cərəyanına etiqad edir. Breyvik bu cinayəti törətdikdən sonra Avropa mətbuatı İslam terroru xofunu yaratmağa çalışsa da, daha sonra cinayətin Breyvikin törətdiyi məlum olunca hadisəni başqa cür izah etmək üçün dəridən-qabıqdan çıxdı. Maraqlı budur ki, Norveç prokurorluğu da cinayəti daha dərindən və geniş araşdırmaqdansa, Breyvikin anlaqsız olub-olmadığı məsələsini əsas məsələ kimi gündəmə gətirdi. Breyvikin mətbuata çıxan beynəlxalq əlaqələri haqqında məsələlər araşdırılmadı. Bombanı necə əldə etdiyi, kimlərdən kömək aldığı kimi vacib məsələlər demək olar ki, araşdırılmadı. Bu iri miqyaslı terror aktının Breyvikin təkbaşına həyata keçirdiyini düşünmək sadəcə mümkün deyildir.
Norveç məhkəməsi təxminən bir ildən sonra Breyvikə 21 il cəza verdi. Yəni, Breyvik öldürdüyü hər adama görə 3,2 ay həbsxanada qalacaq. Tahleryan Tələt Paşanı öldürdü, ancaq cəza almadı. Səfərov Azərbaycan dövlətini və bayrağını təhqir edən erməni zabitini öldürdüyü üçün ömürlük cəzaya məhkum edildi.
Adı terrorçu siyahısında olan müsəlmanlar isə heç bir sübut, dəlil olmadan illərdir Quantanamo həbsxanasında saxlanılır. Onların insan hüquqları, azadlıqları ciddi şəkildə pozulur. Avropanın demokratik dəyərləri, insan haqları, təhlükəsizliyi, ədalət anlayışı budursa, digər dövlətlərdə gördüyü problemləri müzakirəyə çıxararkən düşünməlidir. Evi şüşədən olan biri, başqasının damına daş atmasa daha yaxşı olar.