750 nəfər əlil istirahətə göndərilib

27 Avqust 2012 13:28 (UTC+04:00)

Əlillərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə onların Xaçmaz, Lənkəran və İsmayıllı rayonlarında yerləşən istirahət zonalarına göndərilməsi istiqamətində tədbirlər davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətindən SİA-ya bildiriblər ki, cari yay mövsümündə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 750 nəfərədək əlilliyi olan şəxsin qeyd olunan istirahət zonalarına göndərilməsi artıq təmin olunub. İstirahətə göndərilənlər arasında Azərbaycan Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərə üstünlük verilir.

İki həftə davam edən istirahət günləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil olunur və bu proqram çərçivəsində stolüstü oyun yarışlarının keçirilməsi, idman alətləri ilə məşqlər (trenajorlar), gəzinti turlarının təşkili və tarixi yerlərlə tanışlıq, tibbi və fizoterapevtik prosedurlar həyata keçirilir. İl ərzində ümumilikdə 1050 nəfərdən artıq əlilliyi olan şəxsin qeyd olunan istirahət zonalarına göndərilməsi nəzərdə tutulur.

Qeyd olunan tədbir "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na əsasən həyata keçirilir.

Onu da bildirək ki, Proqrama uyğun olaraq, 28 günlük müddətdə bərpa müalicəsi almaq üçün 55 nəfər əlil vətəndaşın Ukrayna Respublikasına, 30 nəfər əlil vətəndaşın isə Bolqarıstan Respublikasına göndərilməsi təmin edilib.