Bakıda beynəlxalq konfrans keçiriləcək FOTO

24 Avqust 2012 11:35 (UTC+04:00)

"NUR" Uşaq və Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə Bakı şəhərində HİV/AİDS-lə mübarizəyə həsr olunmuş beynəlxalq gənclər konfransı təşkil edəcək. "NUR" UGİB-dən SİA-ya verilən məlumata görə, layihənin həyata keçirilməsində başlıca məqsəd gənclər təşkilatları və ictimai fəal gənclər üçün sağlam həyat tərzinin təbliği, HİV/AİDS-lə mübarizə və yeni təşəbbüslərin yaranması mövzusunda müzakirələr aparmaq üçün imkan yaratmaqdır. Bununla da, bu sahədə ən yaxşı təcrübələrin öyrənilməsi, mübadiləsi və gələcək əməkdaşlıqların yaradılmasına vasitəçi olmaqdan ibarətdir.

Azərbaycan və müxtəlif ölkələrdən 40 nəfər gəncin iştirak edəcəyi konfransın 30-31 oktyabr 2012-ci il tarixində Bakıda keçirilməsi nəzərdə tutulub. Konfransın işinə dövlət qurumlarının və beynəlxalq təşkilatların mütəxəssisləri dəvət olunacaqlar.

Məlumat üçün bildirək ki, iştirak etmək istəyən gənclər "NUR" UGİB-ə müraciət edə bilərlər (katiblik@gmail.com), hazırda layihənin işçi qrupu tərəfindən ərizələri qəbulu həyata keçirilir.

Layihə iştirakçıları konfrans zamanı aparılan müzakirələr və qrup işi vasitəsilə müxtəlif mühit və icmalarda uğurlu fəaliyyət üsullarını öyrənməklə, problemə fərqli aspektlərdən yanaşmalarına imkan verəcək. Nəticədə bu sahədə ictimai fəaliyyət göstərən gənclərin gələcəkdə qarşılaşa biləcəkləri oxşar halların öhdəsindən gəlmələrini təmin edəcək.

Qeyd edək ki, "NUR" UGİB HİV/AİDS-in önlənməsi sahəsində fövqəladə xidmətlərinə görə MTV Staying Alive Fondu tərəfindən 2008-ci ildən etibarən 4 dəfə "Staying Alive Award" mükafatı ilə təltif olunmuşdur.