Artıq Bəşər Əsədin son günləri başlayıb. ABŞ dövlət katibi Hillari Klintonun bir müddət bundan əvvəl İstanbulda B.Əsəddən sonrakı Suriya haqda Türkiyə ilə məsləhətləşmələr aparması, açıq şəkildə regiondakı gələcək siyasi panoram barədə ciddi bəyantlarla çıxış etməsi artıq regionda yeni bir dövrün start götürdüyünü göstərir. Uzun müddətdir ki, öz hakimiyyətini qorumaq üçün Suriyada uşaqdan tutmuş böyüyə qədər hər kəsi süngüyə keçirən B.Əsədin ətrafı da sürətlə onu tərk etməyə başlayıblar. Baş nazirdən tutmiş generallara qədər hər kəsin tərk edib, başını götürüb qaçdığı Suriya diktatorunu, hətta "ata kimi qucaq açdığı" Rusiya da tək buraxmağa başlayıb. Görünür, B.Əsədə ən böyük ölümcül zərbəni H.Klintonun İstanbulda onu hədəfə alan sərt bəyanatları və Əsəddən sonrakı Suriya planını müzakirəyə çıxarması deyil, məhz Rusiyanın baş diplomatı Sergey Lavrovun "Bəşər Əsəd bizim dostumuz deyil ki, bizdən də sığınacaq alsın" deyərək vurub. Belə görünür ki, B.Əsəd üçün tarixin təkəri tərsinə dövr edəcək. Çünki artıq onu hakimiyyətdə saxlaya biləcək hansısa qüvvənin Ağ Ev ilə kəllə-kəlləyə gəlməsi də mümkünsüzdür. Açıq görünən odur ki, rəsmi Vaşinqton "Əsəd məsələsini" öz əlinə keçirib və onu kiməsə güzəşt etməyi heç ağlına da gətirməyəcək. Kimin hansı marağı olursa olsun. Əgər Rusiya kimi nəhəng öz diplomatiyasının uğursuzluğu ilə barışaraq ondan əlini çəkirsə, demək ki, rəsmi Vaşinqton B.Əsədi devirməkdə indi çox qətiyyətlidir. Sergey Lavrovun son iki gün ərzində B.Əsədi "əldən çıxarmaq" üçün indidən açıqlamalar verməsi onu göstərir ki, rəsmi Moskva da ondan əlini üzüb.
Bəşər Əsədin "fatihəsi" Türkiyədə oxunur…
Son illər Şərqdə əsas güc sahibi kimi çıxış etməyə çalışan Türkiyənin Suriya məsələsində əsas "oyunçuya " çevrilməsi, ciddi faktor kimi qəbul edilməyə bilməz. Artıq bütün dünya da bu faktla razlışır ki, B.Əsədin "fatihəsi" Türkiyədə oxunur. Cəmi bir neçə gün bundan əvvəl Suriya müxalifətinin fövqəladə toplantısının İstanbulda keçirilməsi və kürd əsilli yeni liderin seçilərək iş başına gətirilməsi də, artıq rəsmi Ankaranın B.Əsəd və Suriya ilə bağlı ciddi planlara başladığını açıq şəkildə ciddi fak kimi ortaya qoyur. Daima Suriyadan ciddi zərbələr alan və bu ölkəni özünə qarşı ciddi təhlükə kimi dəyərləndirən rəsmi Ankara hələ Hafiz Əsədin dövründən başlamış ta oğul Bəşərin hakimiyyətinə qədər Dəməşqdən ancaq və ancaq zərərli münasibət görməli olub. Xüsusilə, Türkiyəni bölməyə çalışan PKK və digər terror təşkilatları üçün əsl sığınacaq və baza rolunu oynayan Livan və Suriya, hər zaman istər Qərbin, istərsə də Rusiyanın əlində Türkiyəyə qarşı əsas "kozır" rolunu oynayıblar. İndi Suriya məsələsində Rusiyaya uduzmamaq üçün Türkiyəni "ön cəbhədə" irəli buraxan Qərb dairələri də vaxtı ilə Türkiyəni cəzalandırmaq istəyinə düşəndə, məhz Livan, Liviya və Suriyadakı PKK və ASALA-nın xidmətlərindən məmnuniyyətlə istifadə edirdilər. ASALA bu ölkələrdə Ermənistandan qat-qat rahat və azad şəkildə fəaliyyət göstərir, buraları əsl poliqona çevirirdilər. Elə indinin özündə də belədir. Bütün bunları nəzərə alan və hazırkı durumda fürsəti əldən qaçırmaq istəməyən rəsmi Ankara Əsəd rejimini birdəfəlik süpürüb atmaq və PKK ilə ASALA-nın axırına çıxmaq üçün "Suriya işinə" əməllicə güc sərf edir. ABŞ var gücü ilə çalışır ki, Suriya və başqa ölkələri Rusiyaya uduzmasın. Hətta bunu istəməsə də belə bir vəziyyətdə məcburdur ki, Türkiyənin bu məsələdə əsas rol oynamasına razılıq versin. Amma, müttəfiqinə qarşı əlindəki rıçaqları tam itirməmək şərti ilə!
Demək olar ki, bu məsələdə tarixi şans Türkiyənin yanındadır. Çünki Ağ Ev regiondakı proseslərə nəzarətin nəinki Rusiyanın, heç Avropadakı müttəfiqlərinin belə əlinə keçməməsi üçün istənilən varianta hazırdır. Bu, sadəcə ciddi bir faktdır. Türkiyəni Avropa birliyinin kandarına qoymayan Qərb dairələri də hazırda Ankara ilə əməkdaşlığa həvəsli görünürlər. Artıq tam əminliklə demək olar ki, Türkiyə anti-Əsəd qərargahına çevrilib. Qərb dairələri Suriya ilə bağlı bütün qərarlarını və məsləhətləşmələrini məhz burada müzakirə edirlər. Bunu Rusiyada da əla anlayırlar ki, hazırkı durumda əsas "oyunçu" Türkiyədir və regiondakı prosesləri onunla uzlaşdırmadan reallaşdırmaq indiki durumda çox çətindir. Türkiyənin isə regionda "haqq-hesab" çəkəcəyi çox iş, hesab soruşacağı çox qüvvə var…
Mətləb Salahov