Tikinti materialları niyə bahalaşıb?

23 Avqust 2012 10:56 (UTC+04:00)

İyul ayında tikinti materialları bazarında aktivlik və satış həcmi mövsümi amillərlə əlaqədar olaraq daha dinamik olub, orta bazar qiymətlərində artım müşahidə edilib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 37 adda 87 növdə tikinti materialının növbəti araşdırılması aparılıb.

Məlumata görə, ötən aylarda Rusiyadan idxal edilən asbest şiferin idxalına və satışına qoyulan məhdudiyyətlər iyul ayında aradan qaldırılıb, lakin 27,1 faiz bahalaşaraq satışa çıxıb. Belə ki, ilin əvvəlində şiferin qiyməti 5,35 manat təşkil edirdisə, son ayda bu göstərici 6,80 manata çatıb. Kəskin bahalaşma müşahidə edilən digər tikinti materialı alçıpan materialları ilə bağlı olub. Ötən ay 9,30 manata satılan alçıpan iyul ayında 11,50 manat olub. Qiymət bahalaşması ilə yanaşı, bu tikinti materialının aksessuarsız satılmaması kimi məhdudiyyətlər isə həm sahibkarların, həm də alıcıların narazılığına səbəb olub.Rusiyanın taxta materiallarının idxalında yaranan qıtlıq bu materialın da qiymətinə təsirsiz ötüşməyib. Ötən ayda 1 kub metri 220 manat təklif edilən rəndələnməmiş şam ağacı taxtasının qiyməti iyulda 2,3% artaraq 225 manata bərabər olub.

Zaqatala baş verən təbii fəlakətdən sonra bu rayonda gedən tikinti-quruculuq işləri ilə əlaqədar mişar daşı istehsal edən daş karxanalarında qıtlıq yaransa da, bu məhsulun qiymətinə təsir etməyib.Digər materiallar üzrə satış qiymətləri cüzi dəyişikliklərlə ötən ayda olduğu kimi davam edib, nəticədə araşdırılan 87 növ məhsul üzrə qiymət fərqi ötən ayla müqayisədə orta hesabla 0,14% artımla qeyd olunub.