ÜTT ilə danışıqların uzanması kimə sərf edir?

22 Avqust 2012 15:39 (UTC+04:00)

Gürcüstan və Ermənistandan sonra Azərbaycanın daha bir qonşusu olan Rusiya Ümumdünya Ticarət Təşkilatının (ÜTT) sayca 156-cı tamhüquqlu üzvü seçilib. Tərəflər arasında bu məsələyə dair danışıqlar 17 il davam edib. Mütəxəssislərin fikrincə, Rusiyanın ÜTT-yə üzv olmasından effekti dərhal gözləməyə dəyməz. Belə ki, dəyişikliklər tədricən olacaq. İdxalın orta rüsumu 10,3 faizdən 7 faizədək azaldılacaq. Dünya Bankının apardığı hesablamalara əsasən, Rusiyanın ÜTT-yə üzv olması ilk 3 il ərzində ölkəyə ildə 3,3% iqtisadi artım tempi gətirəcək. Rusiyada investisiya mühiti yaxşılaşdırılsa bu göstərici 11% təşkil edə bilər. Rusiya İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına görə, təkcə Rusiyaya idxal olunan mallara məhdudiyyətin aradan qaldırılması ölkədə 40 minə yaxın yeni iş yeri yaradacaq.

Şərtlər getdikcə ağırlaşır

Azərbaycan isə ÜTT ilə ikitərəfli və çoxtərəfli danışıqlara 1997-ci ildən başlasa da, ikitərəfli danışıqlarda ABŞ, Avropa Birliyi, Avstraliya kimi aparıcı ölkələr ilə razılıq əldə etmək mümkün olmayıb. Bir sözlə, çoxtərəfli danışıqlar "dalana dirənib". Yubanma ilə bağlı rəsmi arqument sadədir: Azərbaycan ÜTT-yə yüngül şərtlərlə daxil olmaq istəyir, ona görə də danışıqları uzatmağa çalışır. Bununla belə, istər 2005-ci ildə Honq-Konqda, istərsə də 2009-cu ildə Cenevrədə keçirilən ÜTT Nazirlər Konfransının yekunları göstərir ki, bu təşkilata üzv olma şərtləri getdikcə ağırlaşır. Buna görə də, gec daxil olma heç də daha yaxşı şərtlər ilə üzv olma anlamına gəlmir. 2013-cü ildən etibarən ÜTT ixraca yönəlik bütün subsidiyaları ləğv edəcək, aqrar sektor üzrə subsidiya divarı getdikcə daralır və təbii ki, bütün bunlar "güzəştli üzv olma" ehtimallarını sıradan çıxarır. İstər ÜTT fəaliyyətini bəyənənlər, istərsə onun işindən razı qalmayanlar bir məsələdə ortaq fikrə gəlirlər: Azərbaycanın ÜTT üzvlüyünün alternativi yoxdur.

Son danışıqlar

Son olaraq 2012-ci il 23-27 iyul tarixlərində İsveçrənin Cenevrə şəhərində Azərbaycanın ÜTT-yə üzv olması prosesi çərçivəsində ikitərəfli danışıqlar keçirilib, bundan başqa BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) mütəxəssisləri ilə çoxtərəfli məsləhətləşmələr aparılıb. 25 iyulda ABŞ ilə mallar və xidmətlər, 26 iyulda Kanada ilə mallar və xidmətlər, 27 iyulda isə Braziliya ilə mallar üzrə ikitərəfli danışıqlar, eyni zamanda 26 iyul tarixində Çin ilə üzvolma prosesi ilə bağlı ikitərəfli görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycanın adı çəkilən dövlətlərə təqdim etdiyi mallar (kənd və qeyri-kənd təsərrüfatı malları) və xidmətlər üzrə təklifləri müzakirə edilib. Müzakirələr zamanı qarşı tərəf Azərbaycanın son təkliflərində bir sıra Sektoral Təşəbbüslərə qoşulmasını, bəzi xidmət sektorlarında (kompüter və əlaqəli xidmətlər, paylaşdırma xidmətləri, maliyyə və audit xidmətləri) liberal öhdəliklərin götürülməsini alqışlayıb. Bundan başqa, danışıqçı ölkələr telekommunikasiya və poçt xidmətlərində xaricilər üçün bazara giriş imkanlarında yerlilərlə tam bərabər hüquqların təmin edilməsini, dağ-mədən, audiovizual xidmətlərdə öhdəliklərin götürülməsini istəyib, sənaye və kənd təsərrüfatı mallarında (xüsusən də etil spirti, donuz əti, balıq məhsulları, quş ətləri, süd məhsulları və tütün məmulatları və s.) bound tarif dərəcələrinin xeyli aşağı endirilməsini sorğu ediblər. Buna cavab olaraq Azərbaycan tərəfi qarşı tərəfin təkliflərinə baxılacağını və yeniləşdirilmiş mümkün təkliflərin təqdim ediləcəyini qeyd edib.

Qazanc və itkilərimiz...

ÜTT-yə üzvlük bizə nə qazandıracaq və itkilərimiz nə olacaq? Bu suallar fundamental olmasa da belə qloballaşmanın sürətlə genişləndiyi, iqtisadi inteqrasiyanın qaçılmaz olduğu bir dövrdə aktual məsələlərə çevrilib. Sahibkarlar üçün ÜTT-yə üzv olan bütün dövlətlərin bazarına təminatlı çıxış imkanları yaranır. Milli bazarda rəqabət artır. İstehlakçılar daha ucuz və keyfiyyətli mal alırlar.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, quruma üzvlük zamanı iqtisadiyyatın idarə olunmasında, xüsusən də xarici iqtisadi fəaliyyətin tənzimlənməsində dövlətin rolu aşağı düşür, bu isə xarici ticarət və investisiya əməkdaşlığını stimullaşdırır, eyni zamanda ölkəyə inam artır, onun investisiya və kredit risqliliyi azalır: "ÜTT üzvü olan bütün ölkələrin ərazisindən təminatlı tranzit hüququ əldə olunur. Xarici ticarət prosedurlarının sadələşdirilməsi, idxal və ixrac əməliyyatlarının uçotu və hesabatı sisteminin şəffaflaşdırılması, süni bürokratik əngəllərin aradan qaldırılması nəticəsində gizli ticarət dövriyyəsinin və korrupsiyanın həcmi azalır. Çoxtərəfli ticarət danışıqlarında tam və bərabərhüquqlu üzv dövlət olaraq iştirak edir və dünya ticarət siyasətini təsir imkanları qazanırıq".

Azərbaycanın ÜTT-yə üzv olacağı təqdirdə itkilərinə gəlincə, iqtisadçı ekspert bildirir ki, bu zaman dövlət büdcəsinə daxilolmaların azalması baş verə bilər: "Texnologiyaların idxalı üzrə patentlərdən istifadəyə görə, komisyon haqların ödənişi sənayenin xərclərini artırır və onların qiymət rəqabətində uduşunu azaldır. Yerli istehsalın müdafiəsi imkanları azalır. Tənzimlənən qiymətlərin dünya bazarı səviyyəsinə çatdırılması istehlakçıların xərclərini artırır. Hazır məhsulun idxalının üstün gəlirliyi baxımından idxalı əvəz edə biləcək sahələrə investisiya qoyuluşunun səmərəliliyi aşağı düşür və nəticədə milli iqtisadiyyata ümumi investisiya qoyuluşu azalır".

Təşkilatın şərtləri

ÜTT-yə üzvlük qlobal rəqabət nəticəsində daxili istehsalın sıradan çıxmasına və işsizlik səviyyəsinin artmasına səbəb olacaq iddialarına cavab olaraq ekspert qeyd edir ki, tarif dərəcələri ilə bağlı razılaşmalar bu təşkilat ilə aparılan danışıqlar prosesində müəyyənləşdirildiyindən ÜTT-yə üzvlük hökumətin daxili bazarı qorumaq imkanlarının tamamilə sıradan çıxması demək olmayacaq.

Bəzi mütəxəssislərin fikrincə, quruma üzvlük xaricdən ucuz kənd təsərrüfatı məhsullarının ölkəyə "ayaq açmasına" səbəb olacaq və daxili istehsal müəssisələri rəqabət apara bilməyəcək. Nəticədə Azərbaycanın aqrar sektoru çökəcək və ölkə idxal məhsullarından asılı vəziyyətə düşəcək.

V. Bayramovun sözlərinə görə, ÜTT üzvlüyündən sonra dövlət aqrar sektora himayədarlıq siyasətini davam etdirə bilər və bu birbaşa təşkilat ilə aparılan danışıqlardan asılıdır.

Təşkilata üzvlüyün ölkəyə xeyirdən çox ziyan gətirəcəyini iddia edən bəzi mütəxəssislər bildirir ki, Azərbaycanın bank sektoru, sığorta sənayesi, pensiya fondları xarici rəqabət ilə üz-üzə dayanmaqda acizdir. Azərbaycanın ÜTT-yə üzv olması ölkənin bank sektorunu iflic edəcək və xarici banklar əhalinin böyük qisminin depozitlərini toplayaraq onun xaricə ötürülməsinə nail olacaq.

V. Bayramov isə düşünür ki, ÜTT üzvlüyü xarici bank kapitallarının dərhal Azərbaycana daxil olmasına səbəb olmayacaq: "Bu təşkilatın şərtlərinə görə, ÜTT üzvlüyündən sonra ölkənin bank sektorunu inkişaf etdirmək üçün müəyyən vaxt verilir. Eyni zamanda ÜTT-yə üzvlük regional ticarət razılaşmalarında Azərbaycanı əlavə alətlərlə təmin edəcək və ölkənin regional səviyyədə mövqelərinin möhkəmlənməsinə səbəb olacaq".

ÜTT-nin əsas məqsədi

Qərargahı Cenevrədə (İsveçrə) yerləşən, ən gənc beynəlxalq təşkilatlardan olan ÜTT əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) davamçısıdır. Hazırda dünyanın 156 ölkəsi ÜTT-nin üzvüdür. Bundan başqa, 31 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir. Təşkilatın normativ-hüquqi bazasını çoxtərəfli ticarət sazişləri təşkil edir. Bu sazişlər əmtəə və xidmətlərlə ticarəti, əqli mülkiyyət, ticarət siyasətinin icmalı və mübahisələrin həlli məsələlərini tənzimləyir. ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır.

Qeyd edək ki, Azərbaycan 1997-ci ildən ÜTT-də müşahidəçi statusuna malikdir.