Hər zaman ritmlə oynayan "Ritm" rəqs qrupu MÜSAHİBƏ

18 Avqust 2012 17:28 (UTC+04:00)

Bu günlərdə iştirak etdiyim məclislərin birində rastlaşdığım rəqs qrupu marağımı çox çəkdi. Çünki rəqs qrupunun üzvləri oynamaqla bərabər, müxtəlif musiqi alətlərindı ifa etməyi bacarır, hətta müxtəlif sintezlər edirdilər. Maraqlananda məlum oldu ki, bu 2 ildir ki, yaranmasına baxmayaraq müəyyən qədər tanınan "Ritm" rəqs qrupudur. Həmin an qrupun üzvlərindən müsahibə almaq qərarına gəldim və müsahiblərimlə düşündüyümdən də maraqlı söhbət alındı. İndi isə "Ritm" rəqs qrupu üzvlərinin SİA-ya müsahibəsini təqdim edirik.

Qısaca tanışlıq

Ümid Nəsibov 1991-ci ildə Tovuz rayonunda anadan olub. 1997-ci ilsə Nərimanov rayonu 212 saylı məktəbdə birinci sinfə gedib. 2006-cı ildə Xətai rayonunda texnikoma qəbul olub. 2008-ci ildə universitetə sənəd verərək BDU-nin tətbiqi riyaziyyat və kimya fakultəsinə daxil olub. I kursun sonunda rəqs dərnəyinə yazılıb və yazıldı ildən də solo rəqslər oynamağa başlayıb. Bu il yəni, 2012-ci ildə universiteti bitirib Hazırda da rəqs qrupunda işləyir.

Firuz Əlövsətov 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə I sinfə gedib. 2010-cu ildə məktəbi bitirib BDU-nin ilahiyyat fakültəsinə qəbul olub.

Səid İbrahimli 1991-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə I sinfə gedib. 2009-cu ildə məktəbi bitirib. Elə həmin il BDU-nin kimya fakültəsinə qəbul olub. Daha sonra rəqs dərnəyinə yazılan Səid hazırda solist kimi fəaliyyət göstərir və "Ritm" rəqs qrupunda işləyir

Nəsib Cəbiyev isə 13 noyabr 1990-cı ildə anadan olub. Keçən il Bakı Dövlət Universitetinin məzunu olub.

- Tanışlıq zamanı məlum oldu ki, sizlərin hər birinizin fakultəsi təmamilə fərqlidir. Belə olduğu halda necə oldu ki, 4 oğlan bir qrup ətrafında toplaşdı?

Ümid Nəsibov: Mən 5-ci sinifdə musiqi məktəbində kamança dərslərinə gedirdim və eyni vaxtda rəqslə məşğul olurdum. Universitetə hazırlaşarkən rəqsdən bir müddət aralanmalı oldum. Universitetə qəbul olduqdan sonra isə rəqsə yenidən davam etdim. Rəqsə başladığımın 2-ci ili "Ritm" rəqs qrupu yarandı və o zamandan da rəqsdə professional fəaliyyətə başladım.

Firuz Əlövsətov: Rəqs mənim həyatımdı. Günümün yatmağı çıxmaq şərtilə 16 saatını rəqslə məşğulam. Ömrümün 23-si rəqsdir. Universitetdən öncə rəqs müəlliminin yanına getmişəm, universitetə qəbul olandan sonra isə rəqs məktəbində təhsil almağa başladım.

Səid İbrahimli: Rəqsə hər zaman çox böyük hörmətim və həvəsim olub. Rəqsə getməyə əvvəllər utanmışam və bu mənimçün çətin idi. İlk vaxtlar oynaya bilməsəm də sonra öyrəşdim. Sonradan eşitdim ki, "Ritm" rəqs qrupu var və bura qoşuldum. Bu qrupdakı uşaqların hamısı da istedadlı uşaqlar olduğu üçün qısa zaman onlardan da çox şeyləri öyrəndim.

- Mümkünsə qrupun tarixindən danışardınız. Niyə məhz qrupa "Ritm" adı verildi?

Ümid Nəsibov: İlk dəfə oynamaq üçün tanış bir dostumuzun toyuna getmişdik. Toydan çıxanda qərara gəldik ki, dördümüz birlikdə rəqs qrupu yaradaq. Qrupun adını qoyana kimi müxtəlif fikirlər irəli sürüldü. Lakin sonda "Ritm"də dayandıq və qrupun adını belə qoyduq. Mənası da odur ki, bizim rəqs etməyimiz üçün sadəcə ritm kifayətdir. Melodiya nə çalınırsa çalınsın, mahnı başqa cür ola bilər. Amma ritm varsa, deməli rəqs etmək olar. Rəqsin "onurğa sütunu" ritmdir.

Firuz Əlövsətov: Bizim qrup fəaliyyətə başlayanda ölkədə 2 rəqs qrupu fəaliyyət göstərirdi. Yeni yarandıqdan sonra ona ad vermək lazım idi. Amma düşündük ki, ritm olsa həmdə maraqlı olar. Biz deyərdik ki, "Ritm" rəqs qrupu Azərbaycanda ilk dəfə olaraq özfəaliyyət qrupudur.

- Qısa zaman ərzində qrupun tanınmasının səbəblərini nədə görürsünüz? Bunun üçün hansı mərhələlərdən keçmisiz?

Səid İbrahimli: Bizim rəqsə həvəsimiz böyükdür. Heç vaxt rəqsi yola verməmişik və həmişə ürəklə oynayırıq. İnsanlarda bizim rəqsimizi bəyənib. Qrup ilk yarananda bu qədər seviləcəyimizi bilmirdik. Pula görə bu sahəyə gəlməmişik. Sadəcə istəyimiz Azərbaycan rəqsini daha da geniş yaymaqdır. Azərbaycanın adını başqa dövlətlərlə tanıtmaq üçün də müxtəlif ölkələrə olmuşuq.

Ümid Nəsibov: Bəlkə də qrup yeni yarananda iki il sonra belə uğur qazanacağımıza, bu qədər seviləcəyimizə inanmazdıq. Çünki ilk vaxtlar qeyri-professional idik və professionalların qarşısında çıxış edirdik. Ancaq bu illər ərzində rəqslə daha ciddi məşğul olduq, hətta bunun üçün ali məktəb dərsliklərindən imtina etdik. Professional olmağımız üzərimizdə çox işləməyimizdən irəli gəlir. Bunun üçün öz müəllimlərimiz də bizə çox böyük dəstək olublar. Professionallarla işləməyə böyük üstünlük verən xalq artistləri tərəfindən dəstək gördük. Xalq artisti Nisə Qasımova, müğənnilərdən Röya, Rəhim Rəhimli, Aslan və bir çox digər müğənnilər bizimlə işləyib. İlk efirimiz tv-lərin birindəki "Günəbaxan" verilişində olub. Elə bu çıxışımızda birinci rəqsimizlə insanlarda daha çox maraq yaratdıq. Daha sonra elə bu kanaldan bir neçə dəvət aldıq. Rəhim Rəhimli də bizi məhz bu kanalda görüb iş birliyinə dəvət etdi. Digər kanallarda da çıxış etmişik, dəvət edirlər. Bu da sevilməyimizin göstəricisidir.

- Rəqslə məşğul olma sizin ali məktəbdəki dərslərinizə necə təsir göstərir?

Firuz Əlövsətov: Gündəlik fəaliyyətim ancaq rəqs, yatmaq və gəzmək olur. Dərslərlə məşğul ola bilmirəm. Çünki rəqs mənimçün daha önəmlidir. Biz universitetin rəqs qrupuna daha çox köməklik edirik, nəinki BDU bizə. Rəqslər üçün bütün geyimlər öz maliyyəmiz hesabına alınır. Bu məsələdə də universitet bizə heç bir köməklik göstərmir.

Səid İbrahimli: Universitet bu məsələdə bizə heç bir köməklik göstərmir. Nə ediriksə yalnız öz gücümüzə edirik.

Ümid Nəsibov: Universitetin bizim üçün etdiyi kömək bizim onlara etdiyimizdən qat-qat yuxarıdır. Biz universitetin rəqsini tanıtmaq üçün daha geniş iş görürük, nəinki onlar bizə qarşı.

- Ali məktəbi bitirdikdən sonra öz təhsiliniz üzrə işləyəcəksiz yoxsa rəqqas kimi fəaliyyət göstərəcəksiz?

Ümid Nəsibov: Hazırki vəziyyətimə baxsaq mənim ixtisasım üzrə işləmək şansım çox azdır. Bu il Türkiyədə magistraturaya qəbul olmuşam. Amma rəqs qrupunun fəaliyyətinə görə gedə bilmədim. Gələn il getmək fikrim var, amma belə getsə gələn il də işlərə görə alınmayacaq.

Firuz Əlövsətov: Mən məktəbi qurtaranda bilmirdim ki, rəqqas olacağam. Heç vaxt bu barədə düşünməmişdim. İndi isə toylara rəqs etmək üçün gedirəm. Bilmirəm, bəlkə də 2 il sonra başqa şeyə qarşı məndə maraq yarandı.

Səid İbrahimli: Mən öz ixtisasım üzrə işləyəcəm və bu sahə üzrə gedəcəm. Axşam saat 6-da işdən çıxdıqdan sonra rəqs etmək üçün toylara gedəcəm.

- Bugün sizin qrupun da əsas gəlir mənbəyi toylardır və toya getmədən heç bir gəlir əldə etməzsiniz. Toy biznesinə sizlərin münasibəti necədir?

Ümid Nəsibov: Bu anki dövr üçün belə normaldır. Profesionallar bizə irad tutur ki, biz rəqsi toylara daşımışıq. Lakin reallıq bundna ibarətdir ki, ən tanınmış Mahnı və rəqs ansamblında ən yüksək manat 150-200 manatdır. Bu da aydındır ki, heç bir rəqqasa sərf etmir. Toylarda da milli formada oynayanda insanların diqqəti cəlb etmək olmur. Buna tələbat olmur və baxımlı olmur. Bu an insanlar professionallığa yox, marağa doğru qaçırlar. Biz də kütlə nə istəyirsə, onları göstəririk. Çünki bugün əsas gəlir mənbəyi toydur. Lakin adi paltarda rəqs edən zaman hər kəsin diqqətini üzərinə çəkə bilirsən. Adi insan və ya bəyin dostları kimi rəqs etməyə maraq daha çoxdur. Hər toyda ən az qonarar hər bir rəqqas üçün 50-60 manatdır. Ona görə də nə qədər professionallığa meyl olsa da insan çalışır ki, pulun çox olduğu yerə getsin. Amma milli geyimdə oynamaq daha şərəfli və qürurvericidir.

- "Ritm" rəqs qrupu Azərbaycan rəqsinə hansı yenilikləri gətirdi?

Ümid Nəsibov: Biz rəqsimizə yeni elementlər əlavə etdik. "Ritm" qrupu yaranana qədər "Qoçəli" rəqsi aşağı ritmdə idi. Lakin biz bu ritmi "Cütcü" ritmilə sintez etmişik ki, insanlarda milli mahnılarımıza qarşı maraq biraz da artsın. İndi baxırıq ki, əvvəlki kimi insanlar maraqsız oynamırlar, çalışırlar ki, daha yaxşı rəqs etsinlər. Qrup fəaliyyət göstərdikdən sonra toylarımızda milli rəqsləri daha yüksək səviyyədə ifa edənlərin sayı artdı. 50-60 yaşında insanlar rəqs öyrənmək üçün bizə müraciət edirlər. Deməli, insanlarda rəqsə qarşı maraq yarada bilmişik.

- Çox maraqlıdır ki, sizin qrupun hər bri üzvü rəqs etməklə yanaşı hərəsi bir musiqi alətində çalmağı bacarır. Bu istedadınızdan istifadə edərək hansısa yeniliklər üzərində işləməyi düşünürsünüzmü?

Səid İbrahimli: Bəli, bizlərin hər birimizin özünəməxsus istedadı var. Firuz piano, sintezator, Nəsib qarmon, Ümid skripka, mən isə nağarada çalmağı bacarıram. Müğənni Rəhim Rəhimli ilə də yeni proyektimiz var. Proyekt çərçivəsində rəqslə musiqi alətləri sintez olunacaq.

Ümid Nəsibov: Bizə irad tutulur ki, siz müğənnilərin oxuduğu bayağı mahnıları rəqs edirsiniz. Bir şeyi nəzərə alaq ki, "Eurovision"da əlində tar-kaman və qavalla kimsə çıxıb oxusa o diqqət çəkməyəcək. Amma Avropa mahnısı ilə muğamı sintez edəndə Avropa onu qəbul edib sevə-sevə dinləyir. Məşhur, xalqın qəbul etdiyi müğənnilərlə işləyəndə rəqs qruplarına olan maraq biraz da artır. Biz nə pul, nə də şöhrət ardınca qaçmırıq. Sadəcə rəqsi önə çəkmək istəyirik. İlk dəfə "Ay maşallah" yazdırdıq ki, rəqs irəli getsin. Daha sonra "Papuri"ni, "Leylican"ı yazdırdıq və milli ritmlərdən istifadə etdik.

- Gələcək planlarınız...

- Ümid Nəsibov: Rəhim Rəhimli ilə yeni və maraqlı proyektimiz olacaq. Rəqqaslar musiqi alətlərində özləri ifa edəcəklər. İstəyirik ki, Avropa rəqsləri ilə milli rəqsləri sintez edək. Fikrimiz ilk olaraq brekdansla milli rəqsi sintez etməkdir. Gələcəkdə Latın amerika və step rəqsini milli rəqslərlə sintez edəcəyik.

Müsahibə zamanı məlum oldu ki, rəqs öyrənmək istəyənlərin sayı günü-gündən artır. "Ritm" rəqs qrupuna da öyrənmək üçün gələn insanlar çoxdur. Hazırlıqda 3-4 qrupumuz var və hər birində 20 nəfər rəqs öyrədilir. Demək olar ki, bu gün tələbələrin sayı 100-ü keçib. Hazırlığın qiyməti qrup halda 30 manat, tək halda isə 25 manatdır.