20 yaşlı TQDK-nın tarixinə yeni nəzər...

17 Avqust 2012 14:10 (UTC+04:00)

TQDK-nın 20 illik tarixi

Bəlkə də 20 il öncə müəyyən ilərdən sonra test imtahanı verərək istənilən şəxsin arzuladığı ali məktəbə daxil olacağına heç kəs inanmırdı. Amma Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılması ilə ölkədə tələbə qəbulu sisteminin əsası qoyuldu. 20 il bundan öncə ölkədə ali məktəbə qəbul üçün imtahan formasında dəyişiklik və ali məktəbə qəbulun ədalətsizliyi yeni bir qurumun yaradılması zərurətini yaratdı. Bununla da Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılması ilə 15 noyabr 1992-ci ildə ölkədə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsi təmin edildi. Artıq 20 ildir ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu uğurla həyata keçirən TQDK öz üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edir, buraxılış imtahanlarını da qəbul imtahanları kimi, mərkəzləşdirilmiş qaydada, obyektivliyi, şəffaflığı təmin etməklə keçirmək üçün geniş tədbirlər planı hazırlayaraq həyata keçirməkdədir. Bu yaxınlarda 20 illik yubileyini qeyd edəcək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fəaliyyət göstərdiyi illər ərzində uğurlu bir inkişaf yolu keçib. Bunu görmək üçün komisisiyanın həmin inkişafı özündə əks etdirən faktlara sadəcə nəzər salmaq kifayətdir. Lakin TQDK heç vaxt gördüyü işlərlə kiyafətlənmir, daim yeni iş formaları və metodları axtarır, qəbul imtahanının məzmunu, metodiki cəhəti, onu təşkili və texnologiyası ilə bağlı işləri təkmilləşdirməkdə davam edir. Bundan əlavə, maddi texniki bazanı daha da genişləndirir.

Bu gün ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulu dövlətimizin təhsil sahəsində siyasətinin strateji əhəmiyyətli istiqamətlərindən biridir. Bu iş 20 ildir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsülu ilə həyata keçirilir. Dövlət Komissiyası yarandığı vaxtdan bütün istiqamətlər üzrə fəaliyyətini elmi əsaslar üzərində qurmağa, onu fasiləsiz surətdə təkmilləşdirməyə çalışıb və bu yöndə əsaslı nailiyyətlər əldə edib. Bu nailiyyətlərdə ulu öndər Heydər Əliyevin komissiyaya göstərdiyi qayğı və köməyin, siyasi və mənəvi dəstəyin, xalqın inam və etimadının böyük rolu olub. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müasir kompüter texnologiyalarını nəinki yalnız tələbə qəbulu işinə, hətta tamamilə fərqli xarakterli kütləvi proseslərə də tədbiq etməyi təcrübədə sübut edib. Dövlət Komissiyası tərəfindən keçirilən fənn olimpiadaları, monitorinq imtahanları, məhkəmə və prokurorluq orqanlarına namizədlərin test üsulu ilə seçilməsi, digər dövlət qurumlarında kadrların attestasiyasının aparılması və s. bu təcrübənin əyani nümunələridir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaxından iştirakı ilə Mərkəzi Seçki Komissiyasının seçkilərin avtomatlaşdırılmış informasiya sisteminin yaradılması onun bu yöndəki fəaliyyətinin ən mühüm tərəflərindəndir.

TQDK-nın sədrliyində dəyişiklik

2000-ci ilin oktyabr ayından TQDK-nın sədri vəzifəsinə təyin olunan Məleykə Abbaszadənin rəhbərliyi altında tələbə qəbulu prosesi açıq sosio-texniki sistem kimi fəaliyyət göstərməyə başlanıb. Sistemin açıqlığı imtahan materiallarının hazırlanması və ekspertizasından başlayaraq imtahan prosesinin idarə olunmasınadək bütün mərhələlərdə təmin olunub. Belə ki,1994-cü ildə Komissiyada fənlər üzrə daimi fəaliyyət göstərən, bütün pedaqoji ictimaiyyətə açıq olan elmi-metodiki seminarlar təşkil edilib, sonrakı il Komissiyada bütün fənlər üzrə ekspert şuraları və testlər bankı yaradılmış, tələbə qəbulunun elmi-statistik təhlilinin aparılması və araşdırmanın nəticələrinin nəşr edilib ictimaiyyətə çatdırılması, imtahanların nəticələrinin hər il ayrı-ayrı bölgələrdə keçirilən konfranslarda pedaqoji kollektivlərlə birlikdə müzakirə edilməsi ənənə şəklini alıb. TQDK-nın nəzdində abituriyentlərə kömək məqsədilə hazırlıq kursları təşkil edilib.

Bundan əlavə, Tələbə Qəbulu üzrə Dövlət Komisiyası Azərbaycanda İKT-ni tələbə qəbulu kimi kütləvi prosesin idarə olunmasına tətbiq edən ilk təşkilatdır. Bunun üçün TQDK-datəşəbbüsü ilə xüsusi proqram-aparat vasitələrindən ibarət, insan faktorunu mümkün qədər aradan qaldırmağa imkan verən qapalı texnoloji dövrələr yaradılıb, bütün daxili proseslər avtomatlaşdırılıb, sistemin hər hansı xarici müdaxiləni istisna edən intellektual müdafiəsi qurulub. 1996-cı ildə test bankının idarə edilməsi, bankdan testlərin seçilməsi və imtahan üçün formalaşdırılması prosesi avtomatlaşdırılıb, komissiya dövlət qurumları arasında ilk dəfə olaraq geniş auditoriyanı əhatə edən prosesləri internet vasitəsilə həyata keçirməyə başlanıb. M.Abbaszadənin TQDK-ya rəhbərlik etdiyi dövr ərzində komissiya bir sıra mühüm, dövlət əhəmiyyətli layihələrin icraçı təşkilatı olub.

Tələbə qəbulu sisteminin keçdiyi yol ekspert yaddaşında

Komissiyanın yarandığı gündən bugünə kimi kimdiyi dövrü və gördüyü işləri yaxşı xatırlayan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib ki, 1992-ci ildən tətbiq olunmağa başlayan test imtahanları ilk illərdən çox böyük uğurla və ədalətli şəkildə həyata keçirildi. Artıq bundan sonra bütün təbəqələrdən olan insanların övladları yalnız biliklərini göstərərək ali məktəblərə qəbul oluna bilirdi. Sonradan komissiyanın rəhbərliyində dəyişiklərin edilməsinə, müəyyən təkmilləşmələrin aparılmasına baxmayaraq qəbul imtahanları üçün materiallarının, test tapşırıqlarının, vəsaitlərin hazırlanması üçün uzun bir yol keçildi. Bütün bunların hamısı nəticədə həm ali məktəbə qəbula hazırlaşmağa, həm də məzunların biliyinin dərinləməsi, genişlənməsi, eləcə də uğurlarla qəbul imtahanı verməsinə böyük təsir göstərdi. Bu illər ərzində imtahan forması komissiya tərəfindən daha da təkmilləşdirilib və açıq suallar tətbiq olunub. Açıq sualların tətbiqi isə çox vacibdir. Çünki burada şagird öz məntiqini, fikrini ifadə edə bilir. Qapalı testdə isə şagird biliyini, yaddaşını ortaya qoyur. Eyni zamanda, komisiyanın fəaliyyəti müəyyən vəsaitlərin hazırlanmasında da özünü göstərir. Hər il komissiya tərəfindən bütün fənlər üzrə köməkçi-yardımçı vəsaitlər hazırlanır. Bugün zamanın ən populyar jurnallarından biri də "Abituriyent"dir. Çünki test tapşırıqları, qəbulla bağlı bütün məlumatların əks olunduğu bu jurnal imtahanların təhlili, ayrı-ayrı regionlarda təhsilin səviyyəsinin müəyyənləşdirilməsi üçün xüsusi əhəmiyyətlidir.

Bir sözlə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası təhsil sistemində 11 təhsilin yekununun meydana çıxarılması, ali məktəblərə ən yaxşıların qəbul olunması istiqamətində çox mütərəqqi işlər görür. Bugün komissiyanın Azərbaycan təhsilindəki 20 illik təcrübəsinin öyrənilməsi təqdirə layiqdir və onun müsbət tərəfləri göstərilməlidir".

Bu il tələbə qəbulu sistemində edilən dəyişikliklər

Bu il ilk dəfə olaraq, ölkə prezidentinin müvafiq sərəncamına uyğun olaraq, orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsi TQDK-ya həvalə olundu. Bu qərar ilk əvvəl təhsil, ictimaiyyəti, ekspertlər tərəfindən birmənalı qarşılanmadı. Bu qərar buraxılış imtahanlarının keçirilməsinə az vaxt qalmış verildiyi üçün bəziləri düşünürdü ki, TQDK bunun öhdəsindən gəlməyəcək. Ancaq komissiya ilk təcrübəsini ortaya qoyaraq daha bir işin öhdəsindən gəldi. Bu sistemin açıqlığı imtahan materiallarının hazırlanması və ekspertizasından başlayaraq, imtahan prosesinin idarə olunmasınadək bütün mərhələlərdə təmin olunub.

Komissiyanın fəaliyyətinin şəffaşlaşdırılmasını təmin edən məsələlərdən biri də hər hansı işi görərkən ictimaiyyətin rəyini nəzərə almaq, həmin sahə üzrə mütəxəssisləri açıq müzakirələrə dəvət etməkdir. Bu ənənəsinə sadiq qalan TQDK buraxılış imtahanlarının keçirilməsi ilə bağlı fikirlərini söyləmək üçün də mütəxəssisləri açıq müzakirələrə dəvət edir. TQDK rəhbərliyi hesab edir ki, buraxılış imtahanlarının keçirilməsi ilə məktəblərdə qiymətləndirmə prosesinə çox ciddi müdaxilə edə və bu işin də şəffaflaşdırılmasına kömək edə biləcəklər. TQDK sədri Məleykə Abbaszadə də gələcəkdə Azərbaycanda vahid milli test modelinin tətbiqi fikrinin irəli sürülə biləcəyini deyib. TQDK-nın fəaliyyəti ilə bağlı baş vermiş əsas yeniliklərdən biri ölkə prezidentinin sərəncamı ilə bu ildən dərsliklərin monitorinqinin adıçəkilən quruma həvalə edilməsidir.

Yeniliklərdən biri də bu il ilk dəfə olaraq, ali məktəblərin magistratura, daha sonra isə bakalavriat səviyyəsinə qəbul zamanı elektron imzaların tətbiqi idi. Artıq elektron imzası olan hər bir abituriyent, bakalavr sənəd qəbulu zamanı elektron imzasından istifadə edə bilər. Bundan əlavə, TQDK ali məktəblərə hazırlaşan abituriyentlər üçün video-mühazirələr də keçirməyə başlayıb ki, bu isə şagirdlərin repetitor yanına getməsinin qarşısının almaqla yanaşı, bu "xidmət haqqı"nın ödənilməsinə gücü çatmayan valideynlərin əlavə xərclərdən azad olmasına, müəllimlərin daha da təkmilləşdirilməsinə kömək edir. TQDK bu il ilk dəfə olaraq, orta məktəb məzunlarına elektron attestatlar da verir.

Bundan əlavə, prezidentin müvafiq sərəncamına əsasən, bundan sonra dərsliklərin monitorinqi də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq.

Komissiyanın beynəlxalq əlaqələri

TQDK sədri M.Abbaszadə 2002-ci ildə imzalanmış Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə Azərbaycan Hökumətinin birgə layihəsi - "Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı strategiyasının hazırlanması və ilkin mərhələdə tətbiq edilməsi layihəsi"nin Milli Koordinatoru olub. Layihə çərçivəsində İKT üzrə Milli Strategiya hazırlanaraq təsdiq edilib, siyasi sənəd olan Milli Strategiyanın həyata keçirilməsi üçün 2004-2012 illəri əhatə edən Milli Fəaliyyət Planı işlənib hazırlanıb, Plan çərçivəsində bir neçə layihə uğurla həyata keçirilib.

M.Abbaszadə 25-dək regional və beynəlxalq konfransların, o cümlədən 2003-cü ildə Cenevrədə dövlət başçıları səviyyəsində keçirilən informasiya cəmiyyətinin problemlərinə həsr olunmuş Ümumdünya Sammitinin iştirakçısı olub, 2003-cü ilin noyabrında Bakı şəhərində "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və Elektron idarəetmə" mövzusunda Beynəlxalq forumun təşkilatçısı olub. M.Abbaszadə 2007-ci il sentyabrın 16-dan 21-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) "Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı" mövzusunda 33-cü Beynəlxalq Konfransının təşkilatçısı olmuş, 2008-ci ildə IAEA-nın İcraiyyə Komitəsinin üzvü seçilib. İAEA (İnternational Association for Educational Assessment - Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiya) və UNESCO-nun 2005-ci ildə birgə dərc etdiyi Təhsildə Qiymətləndirmə üzrə beynəlxalq ekspertlərin siyahısına daxil edilib.

Bir sözlə, 20 il ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyətinə nəzər saldıqda qurum yeniliklərlə birgə uzun yol keçdiyinin şahidi oluruq. Bu illər ərzində ali və orta ixtisas təhsili müəssisələrinin müxtəlif pillələrinə tələbə qəbulu prosesinin müasir informasiya texnologiyalarından istifadə edilməklə tam şəffaf bir şəkildə aparılması TQDK-nın təhsil sahəsindəki ən mühüm nailiyyəti və yeniliyidir.