"Bakı"nın əsgər futbolçuları məşqə başladılar VİDEO

16 Avqust 2012 11:14 (UTC+04:00)

Azərbaycan Premyer Liqasının 3-cü turunun "Rəvan" - "Bakı" oyununa 2 gün qalır. Siasport.az saytının məlumatına görə, "Bakı" klubu bu oyuna hazırlıqları gündə 2 məşqlə davam etdirir.

Klubun təlim-məşq bazasının təbii örtüklü meydanında məşqə çıxan heyətə milli komandalara dəvət alan futbolçular qatılmırlar. Maris Verpakovskis və Denis İvanovs Latviya, Qiorqi Popxadze Gürcüstan, Rəhman Hacıyev Azərbaycan U-21 və Namiq Ələsgərov Azərbaycan U-19 milli komandalarının düşərgəsinə yollanıblar.

Eyni zamanda hərbi xidmətə yollanan futbolçular Elvin Məmmədov, Novruz Məmmədov və Aqil Məmmədov 1 aylıq fasilədən sonra ilk dəfə komandanın məşqlərinə qatılıblar. Baş məşqçi Bojidar Bandoviçin rəhbərliyi altında bir araya gələn futbolçular, təxminən, 90 dəqiqə ərzində taktiki və texniki təmrinlər üzərində çalışıblar. Yüngül qızınma hərəkətləri ilə başlayan məşq, ardından ikitərəfli oyunla davam etdirilib.

Əlavə edək ki, "Bakı" ölkə çempionatında növbəti oyununa 18 avqust 2012-ci il tarixdə çıxacaq. "Rəvan"la oyun "Dalğa Arena" stadionunda baş tutacaq.