Olimpiya çempionuna sərvət bağışlayan ölkələr

13 Avqust 2012 13:45 (UTC+04:00)

204 ölkədən 10 min 500 idmançının mübarizə apardığı 2012-ci il London Yay Olimpiya Oyunlarının mükafat cədvəlində Azərbaycan Olimpiadada qızıl medal qazanan idmançılarına ən böyük mükafatı vəd edən 3-cü ölkədir. Eyni zamanda Azərbaycan London Olimpiadasında idman tarixində yeni bir rekorda imza ataraq qazandığı medalların sayını 9-a çatdırıb. Bunlardan 2-si qızıl, 2-si gümüş, 5-i bürüncdür. İndiyədək Azərbaycan Yay Olimpiya Oyunlarında doqquz medal qazanmayıb. Buna qədər ən yüksək göstərici Pekin Olimpiadasında olmuşdu: 1 qızıl, 2 gümüş, 4 bürünc.

İdmançısına ən çox dəyər verən ölkə

Olimpiada idman uğurları ilə yanaşı, eyni zamanda iştirakçılarına böyük məbləğdə pullar da qazandırır. Olimpiya oyunlarında evlərinə medalla qayıdanlar pul, qızıl, ya da son model avtomobillərlə mükafatlandırılır.

Ancaq mükafatlar mövzusunda ölkələr arasında böyük fərqliliklər var. 2012-ci il London Yay Olimpiya Oyunlarında əvvəlki illərə müqayisədə iddialarını artıran inkişaf etməkdə olan ölkələr idmançılarını qələbələrə təşviq etmək məqsədi ilə qızıl medal qarşılığında yüz minlərlə dollarlıq mükafat vəd etdiyi halda, zəngin Qərb ölkələrində idmançıların ciblərinə girəcək mükafatların məbləği həddindən artıq azdır.

2012-ci il London Yay Olimpiya Oyunlarında ölkəyə qızıl medal gətirən idmançıya ən böyük mükafatı Türkiyə verir. Ölkənin İdman Nazirliyinin açıqlamasına görə, Türkiyəyə qızıl medal qazandıran idmançı 2 min cümhuriyyət qızılı ilə mükafatlandırılacaq. 2 min cümhuriyyət qızılı təxminən 1 milyon 250 min lirə edir. Yəni təxminən 565 min avro mükafat vəd edir. Mükafat sıralamasında Türkiyəni Malayziya və Azərbaycan izləyir. Malayziyada qızıl mədəninin sahibi olan bir iş adamı oyunlardan qızıl medalla qayıdan hər bir idmançıya yarım milyon avro mükafat vəd edib. Adı açıqlanmayan şirkət sahibi İngiltərənin paytaxtında medal kürsüsündə qızıl alaraq ölkəsinin dövlət himnini səsləndirən idmançıya 500 min avro dəyərində qızıl külçə hədiyyə edəcəyini bildirib. Azərbaycan da, qızıl medal üçün mükafatın miqdarını 510 min dollar təyin edib.

Bütün mükafatlar diqqətə alınarsa...

Qeyd edək ki, prezident İlham Əliyevin Azərbaycan idmançılarını və onların məşqçilərini olimpiya oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə imzaladığı sərəncama əsasən, oyunlarda Azərbaycandan birinci yeri (qızıl medal) tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat, ikinci yeri (gümüş medal) tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat, üçüncü yeri (bürünc medal) tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat mükafat veriləcək.

Eyni zamanda XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələri göstərənlər Milli Olimpiya Komitəsindən də mükafatlar alacaqlar. Birinci yeri tutan idmançı 200 min manat, onun məşqçisi 100 min manat, ikinci yeri tutan idmançı 100 min manat, onun məşqçisi 50 min manat, üçüncü yeri tutan idmançı 50 min manat, onun məşqçisi 25 min manat.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Babək Babayevin rəhbərlik etdiyi "Yeni HƏYAT" Şirkəti də Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında iştirak edən güləşçilərimiz üçün növbəti hədiyyəsini müəyyənləşdirib. Olimpiadanın qızıl medalını qazanan hər bir güləşçiyə "Yeni HƏYAT" tərəfindən Porsche Cayenne (160 min azn) avtomobili hədiyyə ediləcək. Sözsüz ki, bütün bu mükafatları diqqətə aldıqda Azərbaycan olimpiya çempionuna veriləcək mükafata görə dünya birincisi sayıla bilər.

Qazaxıstandan 250 min dollar, İrandan qızıl və avtomobil

Qazaxıstan hökuməti isə London 2012-də çempionluq qazanan hər bir atletini 250 min dollarla mükafatlandıracaq.

Bu arada bəzi mətbuat orqanlarında Gürcüstanın qızıl medal qazanan idmançılarına 1.2 milyon dollar mükafat verəcəyi xəbəri yayılıb, lakin ölkənin Gənclər və İdman Nazirliyi idmançıların mükafatlandıracağını söyləsə də, belə böyük miqdarda mükafatın olmadığını deyib. Orta Asiyanın ən kasıb ölkələrindən Tacikistanda da birincilik kürsüsünə çıxan atletlərinə 63 min dollar ödənəcəyini açıqlayıb. İranda hökumət medal qazananlara 85 min dollar nağd pul mükafatı vəd etməklə yanaşı, bəzi təşkilatlar avtomobil, ev, torpaq və qızıl sikkə vəd edib.

Misir 130 min avroluq hədiyyə verir

Ərəb Baharının baş aktyorlarından olan və iqtisadiyyatı bərbad vəziyyətdə olan Misir bu ölkələri izləyir. Gəncləri idmana təşviq edən rəsmi Qahirə idmançılarına minlərlə avro paylamağa hazırdır. Misirli idmançıların qızıl medal qarşılığında alacaqları mükafat 130 min avrodur.

Rusiyanın da əliaçıqdır

Olimpiadada 12 qızıl medal qazanan Rusiya çempionlarına səxavətlə davranan ölkələrdəndir. Rusiyanın qızıl medal qarşılığında verəcəyi mükafat 100 min avrodur. Belarus, Litva və Bolqarıstan da qızıl medal üçün eynilə Rusiya kimi 100 min avro hədiyyə veriləcək. İnkişaf etmiş ölkələrin hədiyyələr mövzusunda daha xəsis olduğu ortaya çıxır, ancaq birindən başqa. İqtisadi çətinliklərə baxmayaraq idmanın qəhrəmanlarına pul əsirgəməyən İtaliya da comərd ölkələr arasındadır. Evlərinə qızıl medal ilə dönməyi bacaran idmançıların hədiyyəsi 140 min avro olan İtaliya da gümüş medal qazananlara 75 min avro və bürünc medal qazananlara 50 min avro mükafat verilir. İtaliya 2008-ci il Pekin Olimpiadasında qızıl medal qazanan 14 idmançısına London Olimpiadalarına qədər müddət ərzində 64 min dollar maaş ödəyib.

ABŞ-da mükafat aşağıdır, amma sponsorlardan pul yağır

ABŞ-ın Olimpiya Komitəsi qızıl medal qazanan idmançılarını o qədər də yüksək məbləğ sayılmayan 20 min dollarla mükafatlandırır. Gümüş medal sahibinin alacağı hədiyyə 15 min, bürünc medal sahibinin alacağı hədiyyə isə 10 min dollardır. Ancaq ölkədəki fərqli idman federasiyaları medalla qayıdan idmançıları mükafatlandırmağa davam edir. Təbii bu idmançıların aldığı hədiyyələr arasında ədalətsizliyə səbəb olur. Məsələn güləşdə çempionluq qazanan bir idmançı əlavə olaraq yalnız 250 min dollar hədiyyə aldığı təqdirdə, velosiped komandasından bir idmançının cibinə 100 min dollar çox girə bilər. Amerikalı üzgüçü Maykl Filips qalibiyyət başına aldığı 75 min avrodan əlavə, yenilədiyi dünya rekordlarına görə də mükafatlandırılıb. Kanadada da buna oxşar vəziyyət mövcuddur. Qızıl medal üçün verilən mükafat 20 min dollardır, digərləri isə ABŞ-da olduğu kimidir. Alman idmançılar isə Olimpiya Oyunlarına böyük iddialarla getdilər, lakin böyük pul ümidi ilə getmədilər. Çünki ölkənin idman rəsmilərinin qızıl bir olimpiya medalı üçün verəcəyi mükafat yalnız 20 min dollardır. Medal sıralamasında üst pillələrdən qopmayan Fransanın qızıl medal qazanan idmançılarına ödəyəcəyi mükafat 50 min, Yaponiyanın qızıl medal üçün təyin etdiyi mükafat isə 30 min avrodur.