Azərbaycan yığması olimpiya oyunlarını 10 medalla başa vurdu

13 Avqust 2012 09:22 (UTC+04:00)

XXX London Yay Olimpiya Oyunları başa çatıb. Siasport.az saytının məlumatına görə, bu yarışlarda Azərbaycanı idmanın 16 növündə 53 atlet təmsil edib. Dörd ildən bir keçirilən olimpiya oyunlarında Azərbaycan idmançıları tərəfindən 10 – 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanılıb. Sərbəst güləşçilərimiz Toğrul Əsgərov (60 kiloqram) və Şərif Şərifov (84 kiloqram) olimpiya çempionları olub, Xetaq Qazyumov (96 kiloqram) bürünc medala layiq görülüb. Yunan-Roma güləşi üzrə yarışlarda Rövşən Bayramov (55 kiloqram) ikinci yeri tutub, Emin Əhmədov (74 kiloqram) isə bürünc medal qazanıb. Qadın güləşçimiz Mariya Stadnik (48 kiloqram) olimpiadanın gümüş medalına sahib olub, Yuliya Ratkeviç (55 kiloqram) isə üçüncü yeri tutub. Boksçular Teymur Məmmədov (91 kiloqram) və Məhəmmədrəsul Məcidov (91 kiloqramdam çox) bürünc mükafatlara layiq görülüblər. Azərbaycanın ağır atleti Valentin Xristov isə (56 kiloqram) bürünc medal qazanıb. Beləliklə, Azərbaycan əvvəlki olimpiadalarda qazanılmış medalların sayına görə rekordunu təzələyib. Xatırladaq ki, 2008-ci ildə Pekində olimpiyaçılarımız yeddi medal qazanmışdılar.