Avrozonanın iflası barədə proqnozlar yaxşı heç nə vəd etmir. 2008-ci ildəki qlobal maliyyə böhranını əvvəlcədən təxmin edən tanınmış iqtisadçı alim Nutiel Rubin vəziyyətin bu cür davam edəcəyi təqdirdə Avrozonanın yalnız 6 ay duruş gətirə biləcəyini bildirib. Sonra ya tamamilə, ya da qismən tənəzzülün baş verəcəyini deyir. Buna qədər isə analitiklər Avrozonanın və avronun "dəfn edilməsi" haqqında ssenarilər ilk dəfə deyil ki səsləndirirlər. Digər tərəfdən bəzi mütəxəssislər avronun birdəfəlik dəfn edilməsi fikirlərini də yaxına buraxmırlar. Çünki avro dünya bazarında hegemonluğunu qoruyub saxlamaq iqtidarında olan dolların hələlik yeganə alternativdir.
Uğursuzluğun göstəriciləri
Avroya şübhə ilə yanaşanlar ortaq pul vahidi qərarının iqtisadi deyil, daha çox siyasi olduğuna işarə edirlər. "Rusiyanın Səsi"ndə yer alan xəbərdə bildirilir ki, FBK Analitik Departamentinin direktoru İqor Nikolayevin sözlərinə görə, Avrozona layihəsi böyük layihə idi və baş tutdu, lakin bölgəni yeni iqtisadi inkişafa təşviq etmədi: "Avrozona hər şeydən əvvəl siyasi məqsədlər üçün yaradılmışdı. Avrozonanın yaradılmasından 8-10 il əvvəl və sonrakı dövrlərinin ixracat, idxalat, ümumi daxili məhsulun ortalama illik göstəricilərin dinamikliyini araşdırdıq, müqayisə etdik, lakin gözə dəyəcək hər hansı uğur görmədik. İxracatla idxalata gəlincə, göstəricilərdə düşüş belə qeydə alınıb".
Ümumiyyətlə, Avrozona yaradılarkən ilk öncə dolların alternativi olaraq qəbul edilməmişdi. Bu, hər şeydən əvvəl Almaniyanın Avropa Birliyi bazarlarında nəzarətinin gücləndirilməsinə yönəlik layihə idi. Bundan başqa, Almaniya iqtisadiyyatı sürətli inkişaf edən Asiya və Latın Amerikası ölkələrinin güclənməsinə hər hansı bir formada cavab verməli idi.
Səbəb Asiya bazarların sürətlə böyüməsi idi
İqtisadçı Yelena Matrosovanın fikrincə, Asiya bazarların sürətlə böyüməsi Avropa ölkələrini birləşməyə məcbur etdi: "Texniki inkişaflarının səviyyəsinə baxmayaraq almanların Braziliya və Çin kimi böyük oyunçularla rəqabət aparması artıq çox çətin idi. Avropanın birləşməsi Almaniyanın təklif etdiyi bir layihə idi. Əlbəttə ki, Birləşmiş Avropanın vahid pul valyutasına da ehtiyacı var idi".
Birləşmiş Avropanın tərəfdarlarına görə, avronun başlıca müvəffəqiyyəti onun yeni ehtiyat pul vahidi olması, yəni qlobal iqtisadiyyatda dolların yeganə və güclü rəqibi vəziyyətinə gəlməsidir. "Neokon" konsaltinq şirkətinin prezidenti, iqtisadçı Mixail Xazinə görə, ABŞ bu rəqibinin məhv etməyə çalışmasa da, ciddi cəhdlə zəiflətmək üçün çox səy göstərir: "ABŞ bu məqsədlə Almaniyanı hər vəchlə digər zona ölkələrinə borc pul verməyə təşviq edir. Məqsəd, Avropada hər kəs eyni dərəcədə zəif olsun. Almaniyanın strateji məqsədi isə belə olmalıdır: Almaniya heç kimə borc pul vermir, istəyən isə Berlinə gəlir və sərt şərtlər qarşılığında dəstək alır".
Çıxış mexanizmini heç kim düşünməyib
Bəzi analitiklərə görə, Avrozona ölkələrinin milli pul vahidlərinə geri dönməsi avro böhranından çıxış üçün kifayətdir. Amma, problem budur ki, "razılaşmalı ayrılma" qeyri-mümkündür. Avrozona yaradılarkən bölgədən çıxış mexanizmini heç kim düşünməmişdi. Ayrılmaq üçün 15 il ərzində qurulan iqtisadi bağların qırılması zəruri olacaq. Avropa şirkətlərinin səhmləri, bağlanan müqavilələr, bütün bunların milli valyutaya çevrilməsi xeyli zaman və vəsait tələb edir. Daha başqa bir əhəmiyyətli nöqtə var. "Avrozonanın dağılması" anlamı çox geniş bir şəkildə şərh olunur. Avropada vahid pul məkanının parçalanması üçün üzv ölkələrin yarısının zonadan çıxması və ya Fransa və Almaniyanın inkişaf etmiş iqtisadiyyatlarının ayrılması lazımdır.
Avro sıradan çıxacağı təqdirdə
İqtisadçı ekspert Vüqar Bayramov isə düşünür ki, Avrozonanın dağılması AB-nin həm iqtisadi, həm də siyasi maraqlarına uyğun deyil: "İqtisadi baxımdan ona görə maraqlı deyil ki, Avrozonanın dağılması AB-də olan bir sıra ölkələrin qısa zamanda müflis olmasına gətirib çıxara bilər. Çünki, zonanın dağılması üzv ölkələrin öz milli valyutalarını dövriyyəyə buraxması deməkdir. Avronun sıradan çıxacağı təqdirdə rezerv olaraq alman markasına keçəcək. Bu isə seqment baxımdan çətindir. Həm də valyuta məzənnələrinin azalmasında problemlər yaradacaq. Bu da AB-in maraqlarına uyğun deyil. Məsələnin siyasi tərəfi ondan ibarətdir ki, vahid valyutanın dövriyyəyə buraxılması AB-nin Vahid Avropa Evi yaradılması mövzusunu gündəmdən çıxaracaq. Bu da AB-nin siyasi əhəmiyyətini də azaldacaq. Psixoloji tərəf isə ondan ibarətdir ki, AB-nə dünyanın aparıcı aktorlarından biri kimi inamın azalmasına gətirib çıxaracaq. Ona görə də yaxın 6 ayda Avrozonanın dağılacağını güman etmirəm".
Ekspert bildirir ki, ehtimalı az olsa da, əgər Avrozona dağılarsa Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcək: "Cüzi təsiri isə iki istiqamətdə ola bilər. Birincisi, Azərbaycanın dövlət rezervlərinin 30 faizi avro ilə saxlanılır. Avrozona dağıldıqda avronun və dövlət rezervlərinin dəyərsizləşməsinə gətirib çıxara bilər. Digər təsir isə dolayı təsirdir ki, Avropada iqtisadi problemlərin genişlənməsi səbəbindən neftə olan tələbatın azalması və neftin bazarda qiymətinin aşağı düşməsi nəticəsində Azərbaycanın dövlət gəlirlərinin azalması baş verə bilər. Bunların hər ikisi isə dolayı təsirlərdir. Çünki, Azərbaycan iqtisadiyyatı Avropa Birliyi iqtisadiyyatının tərkib hissəsi deyil".