Novruz Məmmədov: “Suriyalı ermənilərin Dağlıq Qarabağa köçürülməsi sadəcə bir ideyadır” MÜSAHİBƏ

9 Avqust 2012 18:41 (UTC+04:00)

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Səs TV-yə müsahibəsi

- Novruz müəllim, Ermənistanda Azərbaycanın işğal altındakı ərazilərində daha bir qanunsuz məskunlaşma kampaniyası barədə gedən söz-söhbətlər rəsmiləşir. Düşmən ölkədə Suriyadan qaçan ermənilərin Dağlıq Qarabağda, xüsusən ətraf rayonlarda yerləşdirilməsinə dair müzakirələr başlayıb. Onların Azərbaycan torpaqlarında məskunlaşdırılması gələcəkdə hansı problemlər yarada bilər?

- Hər şeydən əvvəl biz bu məsləyə, hadisəyə münasibətimizi bildirməliyik. Düşünürəm ki, buna bir neçə aspektdən yanaşmaq olar. Birincisi, bu gün Ermənistanda müəyyən dairələr var ki, belə bir məsələni ortaya atır, onu müzakirəyə çıxarır ki, sonradan bununla bağlı özlərinin mövqeyini formalaşdırsınlar. Ermənilər həmişə özlərini ağıllı hesab ediblər, amma onlar ağıllı yox, hiyləgərdir. Hiyləgərlik isə heç vaxt ağıla qalib gələ bilməz. Sadəcə, bu istiqamətdə hansı hiylələri işlətməsinə baxmayaraq, onların bütün planları puç olacaq. Azərbaycan torpaqlarını biz geri qaytaracağıq və azərbaycanlılar da orada məskunlaşacaqlar.

İndi isə digər məqama toxunaq. Ermənilər ümumiyyətlə, köçməyə adət ediblər. Onlar həmişə isti bir yer, daha dəqiq desək qucaq axtarırlar. Çünki onlar müstəqil bir yerdə, azad şəkildə yaşaya bilməzlər. Onlar mütləq kiminsə qoltuğunun altında sığınıb yaşamalıdırlar. Bir təmsildə olduğu kimi, hər zaman şirin kölgəsində daldalanan tülkü özünü şir kimi aparır. Ermənilərdə də bu xislət var. Onlar daima forpost olaraq hərəkət etməyi sevirlər. Buna isə köç nəticəsində gəlib çıxıblar. Bunların tarixinə diqqət yetirsək görərik ki, I Pyotrun fərmanlarından başlayaraq, ermənilər rusların diqqətini öz üzərlərinə çəkməyə müvəffəq olublar. 1830-cu illərdən başlayaraq rus çarlarının dekretlərinə əsasən minlərlə erməni ailəsi Azərbaycan torpaqlarında məskunlaşdırılıb. Bu faktlar təkcə rus çarlarının dekretlərində deyil, eyni zamanda arxiv sənədlərində də öz əksini tapıb. Veliçko, Şavrov kimi tədqiqatçılar, Qriboyedov kimi diplomat və yazıçılar bu haqda konkret məlumatlar verirlər. Ötən əsrin 50-ci illərində Ermənistana müxtəlif ölkələrdən erməni köçürüldü. Əslində bu bir daha göstərir ki, ermənilər bu ərazilərdə 170-180 ildir ki, məskunlaşıblar və bütün canfəşanlıqla bu əraziləri özlərinin tarixi torpaqları kimi qələmə vermək istəyirlər. Bunun üçün guya 3-4 min illik tarixi olan dövlət haqqında əfsanələr uydururlar.

Digər tərəfdən bu prosesləri ortaya atmaqla bir daha göstərirlər ki, onlar peşələrindən hələ də əl çəkməyiblər. İndiyə qədər Suriyada yaşayan ermənilər üçün hər şey yaxşı idi, o ölkənin vətəndaşı idilər, guya o ölkə üçün çalışırdılar, amma vəziyyət pisləşən kimi qaçmağa üstünlük verirlər. Çünki köçməyi, qaçmağı onlar özləri üçün peşə bilirlər. Onlar bunu da edəcəklər, mütləq axtarıb yeni bir "qucaq" tapacaqlar. Dünyanın elə bir ölkəsi, qitəsi yoxdur ki, orada kiminsə qucağına sığınmasınlar. Rusiya, Fransa, Argentina, Suriya, müsəlman və ya xristian ölkəsi olsun onlar üçün heç bir fərqi yoxdur. Müsəlman ölkəsində özlərini müsəlman, xristian ölkəsində isə xristian kimi aparırlar.

Digər bir məsələ onlar üçün təhlükəlidir. Ona görə ehtiyat edib, bu məsələni ortaya atıblar. İndi beynəlxalq hüquq mexanizmi, ona münasibət hər halda 19-cu əsrdəki kimi deyil. İndi bu məsələyə həssas yanaşırlar. Onsuz da 20 ildir ki, torpaqlarımız işğal altındadır, bu torpaqlara kimlərisə gətirib yerləşdirməyə onların cürəti çatmaz. O zaman ermənilər beynəlxalq təzyiqə, təpgiyə məruz qalacaqlar. Bizim bununla bağlı mövqeyimiz qəti və konkretdir. Biz öz torpaqlarımızı qaytaracağıq. Orada gəlmə ermənilərin heç birinə yer yoxdur. Əslində Dağlıq Qarabağda olan ermənilər belə oranı tərk edirlər. Hər il Ermənistandan 70-80 min insan xarici ölkələrə üz tutur. Belə bir vəziyyətdə suriyalı ermənilər buraya gəlməsi real görünmür. Bunun üçün nə hüquqi mexanizm, nə siyasi mexanizm var, nə də maliyyə imkanları mövcud deyil və onlar belə yerlərdə yaşamağa adət etməyiblər. Ona görə də bu onların təxribat xarakterli bir addımıdır. İstəyirlər bunu yoxlasınlar və nəticənin necə olacağını görsünlər. Heç bir halda beynəlxalq hüquq buna imkan vermir. Əgər belə bir addım atılarsa, biz də şübhəsiz buna öz qəti mövqeyimizi bildirəcəyik.

- Ermənistan mətbuatının özündə Suriya ermənilərinin Əsəd rejimi tərəfində xalqa divan tutmaqda iştirak etdiyinə dair məlumatlar yayılıb. Bildirilir ki, erməni muzdlular rejimi dəstəkləyən "Şabiha" qruplaşmasının tərkibində Homs şəhərində kütləvi qətliamlarda iştirak ediblər və öz aralarındakı söhbətlərdə bununla fəxr etdiklərini deyirlər. İqtidarı dəstəkləyən bütün qüvvələrə qarşı sanksiyalar, təzyiqlər tətbiq edildiyi halda ermənilərə heç bir təzyiq edilmir. Bunun səbəbi nədir?

- Bu xalq tarixdə özünün əsl qiymətini nə vaxtsa alacaq. Çünki bunların tutduğu yol daimi riyakarlıq, yalan, saxtakarlıq olub. Bir də onlarda dondan-dona girmək bacarığı var. Bu birinci hadisə deyil. Yəni onların Suriyada yerinə yetirdikləri missiya ilk deyil. Tarixən yaşadıqları bütün ölkələrdə bunu ediblər. 1914-1918-ci illərdə, Birinci Dünya Müharibəsində Türkiyəyə qarşı həmin rolu oynayıblar. Bu gün yenə onların arxasında dünya ictimaiyyəti, xristian dünyası, Qərb dayanır. Üstüörtülü və ya açıq şəkildə onları müdafiə edirlər. Bunun müxtəlif səbəbləri var. Biz bu səbəbləri bilirik, görürük. Siyasi, sivilizasiyon, dini, hərbi və başqa səbəbləri də var. Bu birinci dəfə olsaydı, təəccüblənərdim. Ermənilər tarixən bir çox ölkələrdə bu cür missiyaları yerinə yetiriblər. Amma onlara heç vaxt "gözün üstə qaşın var" deyən olmayıb.

Bugünkü beynəlxalq münasibətlərin mahiyyətini dərindən öyrənəndən sonra görürük ki, bəzi məqamlar var ki, söylənməsə də bunun fərqinə varmalısan. Ermənilər bütün hallarda özlərinə dayaq tapırlar. Onlar muzdur, qul, kölə olmağa öyrəniblər. Köləni də həmişə bağışlayır, onun günahında keçirlər.

- Gürcüstan mətbuatında yayılan xəbərlərdə bildirilir ki, Rusiya erməniləri Ermənistan hakimiyyətindən tələb ediblər ki, suriyalı erməniləri qarşılamağa həmişə hazır olsun və onların Gürcüstanın Samxse-Cavaxetiya, Abxaziya və Kabardin Balkariya bölgəsində yerləşdirilməsi üçün tədbirlər görsün. Bu Gürcüstan üçün də təhlükə deyilmi?

- Bu proses 160-170 ildir başlayıb. Ermənilər əslində tarixən bu ərazilərdə yaşamayıb. Bütün tədqiqatlar bunu sübut edir. Bu ərazilərdə onların dediyi 2-3 min illik dövlətlərinin mövcudluğu məsələsi əfsanədən başqa bir şey deyil. Bütün tarixi faktlar ermənilərin iddialarını təkzib edir. Amma bütün bu proseslərin nəticəsində, tam əlacsız qalaraq, rus çarlarının himayəsi altında bunlara Cənubi Qafqazda yer verilib. Bütün bunların hamısı da köç sayəsində əmələ gəlib. Ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesinin davam etdirilməsi fikrindən hətta bu gün də müəyyən siyasətçilər, siyasi xadimlər daşınmırlar. Onların təkcə Azərbaycan ərazilərinə yox, Gürcüstan, İran, Türkiyəyə köçürülməsi nəzərdə tutulub, ancaq mərkəz kimi Cənubi Qafqaza nəzərdə tutulub. Çünki bu gün ermənilərin daha sığınacağı başqa bir yeri yoxdur. O nöqteyi-nəzərdən onlar özlərinin sayını bölgədə çoxaltmağa çalışırlar. Baxmayaraq ki, bu proses əks istiqamətdə gedir. Müstəqillik qazanandan bu yana Ermənistanın əhalisinin böyük hissəsi ölkəni tərk edir. "Torpaq, torpaq" desələr də ermənilərin əslində torpağa bağlılıqları yoxdur. Belə olmasaydı onlar dünyanın müxtəlif ölkələrində Argentinadan tutmuş Cənubi Afrika ölkələrinə qədər toplu şəkildə yayılmazdılar.

Buna baxmayaraq bəzi avantürist rəhbərləri yenə bu iddialara əl atırlar. Hələlik, mən düşünürəm ki, bu bir ideyadır. Gürcüstan ərazisinə köçürülüb məskunlaşmasalar belə, onsuz da orada yaşayan ermənilər bu ölkə üçün yaxın və ya uzaq gələcəkdə böyük bir təhlükəyə çevriləcək. Bu özünü mütləq göstərəcək. Erməni xisləti, təbiəti bunu gizlədə bilməz. Sadəcə olaraq onların vəziyyəti bu gün həddindən artıq pisdir. Özlərini təcrid vəziyyətinə salıblar. Onların ən axmaq addımları rəhbərləri, himayədarları da olmaqla əslində Dağlıq Qarabağ münaqişəsinə girişmələri oldu. Bu baş verməsəydi ermənilər regionda çox böyük imtiyaz, imkanlarla inkişaf edə bilərdi. İndi onlar çox çətin bir vəziyyətdədirlər. Beynəlxalq hüquq da, dəstək də Azərbaycanın tərəfindədir. Baxmayaraq ki, Ermənistana görünməyən dəstək də çoxdur, amma onlar əl-qollarını aça bilmirlər. Bu gün o ərazilərə ermənilərin köçü olmasa belə, nə vaxtsa, azacıq olsa da özlərinə gəlsələr Cavaxetiya bölgəsində bu məsələ qaldırılacaq.

- Suriyada ermənilərə münasibət kəskin pisləşib və Əsəd rejimi çöksə, onların aqibəti yaxşı olmayacaq. Bu şəraiti yaratmaqda və ya fikri formalaşdırmaqda məqsəd suriyalı ermənilərin Qafqaza köçünü sürətləndirmək və ya artırmaq ola bilərmi?

- Belə bir ideya ola bilər və nə dərəcədə nəticə verə bilər, bunun deyə bilmərəm. Əslində sizin dediyiniz daha uyğundur. "Ermənilər cəzalanacaq" fikri o qədər də real görünmür. Çünki mən də çoxlu materiallar var. Bu xalqın nümayəndəsi ən böyük cinayətləri işlədərək bir ölkəyə gedib, orada özünü dünyanın ən yazıq, məzlum, yardıma ehtiyacı olan insanı kimi elə qələmə verir ki, heç vaxt onları cəzalandırmaq fikri yaranmır. Özlərini yazıq kimi tanıtmaqla bəzi cəmiyyətlərdə yer tutur, nazir, hətta millət vəkili kimi yüksək mərtəbələrə qalxmağa nail olur, o ölkənin nüfuzlu milyonçuları sırasına daxil olmağı bacarırlar.

- 1915-ci il hadisələrinə görə, Osmanlı Türkiyəsindən Suriyaya "deportasiya" edilən ermənilərin nəvə-nəticələrinin Qarabağda yerləşdirilməsi sözsüz ki, təhlükəli plandır və Azərbaycan bu planın qarşısını almaq üçün hansı addımları atmalıdır?

- Bu avantürist bir plandır. Əslində onlar indiki dövrdə bu addımı atmayacaqlar. Bugünkü beynəlxalq vəziyyət, beynəlxalq hüquqa münasibət onları təpgi altına sala bilər. Düşünürəm ki, bunu etməzlər, çünki bu, artıq onların işğalçı siyasətinin tam qabarıq formada özünü göstərməsi olar. Yəni bu torpaqların sahibləri burada yoxdur, deməli onlar burada yaşaya bilmirlər ki, kənarda buraya adam köçürürsən. Bu, onların təcavüzkar siyasətini ortaya qoyar. Amma ermənilərdə avantürist rəhbərlər həmişə olub və onların bu cür səhv addımları erməni xalqının başının əzilməsi ilə nəticələnib, təzədən kənara çəkiliblər. Bu onların tarixində həmişə təkrarlanan bir prosesdir. Fikirləşirəm ki, bu rəhbərlər məsələ ilə bağlı yəqin ki, özbaşlarına addım atmazlar, havadarları ilə məsləhətləşərlər və bunu etməzlər.

Cabir MƏMMƏDOV