TQDK-nın "Azadlıq" qəzetinə CAVABI

9 Avqust 2012 14:24 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Azadlıq qəzeti"ndə dərc olunan yazıda qeyd edilən testlərdə yanlışlıq iddiasına cavab verib. SİA-nın xəbərinə görə, cavabda deyilir: ""Azadlıq qəzeti"nin 01 avqust 2012-ci il buraxılışında Nabatəli Qulamoğlu adlı bir müəllifin "Testlərdəki yanlışlıqlar" başlıqlı məqaləsi dərc edilmişdir. Müəllif ciddi elmi-pedaqoji fikirlərə söykənməyən, əsassız və qərəzli, hətta bəzi məqamlarda etikadan kənar ifadələrlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının abituriyentlər üçün müxtəlif illərdə nəşr etdirdiyi Azərbaycan dili üzrə test kitabçalarındakı və tam orta təhsil bazası üzrə 2012-ci ildə keçirilmiş buraxılış imtahanlarında istifadə edilmiş bəzi test tapşırıqlarına "irad" bildirmişdir. Müəllif tez-tez tapşırıqların orta məktəb dərsliklərinə əsaslanmadan tərtib olunduğunu vurğulayır, yeri gəldikcə öz subyektiv baxışlarını qəbul olunmuş elmi fikirlər kimi təqdim edir. O, əksər hallarda "irad" bildirdiyi test tapşırıqlarının tam mətnini təqdim etmir, bəzi testlərin isə, ümumiyyətlə, şərtini təhrif olunmuş şəkildə verməklə oxucuda yanlış təsəvvür yaratmağa çalışır. Məqalə müəllifinin qüsurlu hesab etdiyi digər suallar da elmi-pedaqoji cəhətdən tam düzgündür və dərslik əsasında tərtib olunmuşdur. Sadəcə olaraq, biz bütün sualların təhlilini verməyə ehtiyac duymuruq. Hesab edirik ki, elə bu qədər test tapşırığının şərhi də müəllifin bilik və niyyətini ortaya çıxarmaq üçün yetərlidir.

Sonda bir daha onu qeyd edirik ki, TQDK abituriyentlər üçün nəşr etdirdiyi test və dərs vəsaitlərini daim diqqətdə saxlayır, onları yeni nəşr olunan dərsliklərə və digər elmi-pedaqoji nəşrlərə uyğunlaşdırmaq üçün çalışır. Bu iş cəmiyyətə açıq bir şəkildə həyata keçirilir və hər bir ixtisas müəlliminin TQDK-nın nəzdində fəaliyyət göstərən ayrı-ayrı fənlər üzrə elmi-metodiki seminarların müzakirələrində iştirak edib öz fikrini bildirməsi sərbəstdir, o cümlədən Nabatəli Qulamoğlunun da".

Qeyd edək ki, TQDK rəsmi saytında məqalə müəllifinin yanlış hesab etdiyi bəzi test tapşırıqlarına aydınlıq gətiib.