Ölkə rəhbərliyi Murtuz Ələsgərovla bağlı başsağlığı verib NEKROLOQ

7 Avqust 2012 19:10 (UTC+04:00)

Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərovun ölümü ilə bağlı Azərbaycanın dövlət və hökumət üzvləri adından nekroloq imzalanıb. SİA-nın AzərTac-a istinadən dərc etdiyi nekroloqda Azərbaycan ictimaiyyətinə ağır itki üz verdiyi qeyd olunub.

- Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, əməkdar hüquqşünas, hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü Murtuz Nəcəf oğlu Ələsgərov 2012-ci il avqustun 7-də ömrünün 84-cü ilində vəfat edib.

Murtuz Ələsgərov 1928-ci il sentyabr ayının 20-də Gəncə şəhərində anadan olub. Orta məktəbi başa vurduqdan sonra o, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1950-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. O, 1950-1953-cü illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirərək beynəlxalq hüquq sahəsində ixtisaslaşmağa başlayıb.

Hələ erkən yaşlarından Gəncə şəhərində yerləşən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olan Murtuz Ələsgərov 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin hüquq fakültəsində dərs deyib. O, müxtəlif illərdə burada baş müəllim, dosent, professor və kafedra müdiri, 1993-1996-cı illərdə isə universitetin rektoru olub.

Murtuz Ələsgərov Birinci, İkinci və Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1996-cı və 2000-ci illərdə isə Milli Məclisin sədri seçilib.

Murtuz Ələsgərov 1953-cü ildə hüquq elmləri üzrə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib.

Tanınmış alim Murtuz Ələsgərovun Azərbaycanda hüquq elminin inkişafında mühüm xidmətləri var. O, öz qiymətli araşdırmaları ilə elmi ictimaiyyətin dərin rəğbətini qazanıb. Beynəlxalq hüquq sahəsində böyük nüfuz sahibi olan Murtuz Ələsgərov 200-dən artıq elmi əsərin, o cümlədən bir sıra monoqrafiyanın, dərslik və dərs vəsaitinin müəllifidir. O, ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya kimi ölkələrdə iştirakçısı olduğu müxtəlif konfrans və simpoziumlarda elmimizi layiqincə təmsil edib.

Murtuz Ələsgərov pedaqoji və elmi fəaliyyəti ilə yanaşı, yüksək ixtisaslı kadrların hazırlanması üçün böyük qüvvə sərf edib. Onun rəhbərliyi altında çox sayda gənc mütəxəssis alimlik dərəcəsi alıb. O, yarım əsrdən artıq bir dövrü əhatə edən çoxşaxəli fəaliyyəti ərzində ölkəmizdə elmin və təhsilin inkişafına layiqli töhfələr verib. Onun yetirmələri bu gün ölkəmizin hüquq mühafizə orqanlarında uğurla çalışırlar.

Murtuz Ələsgərovun çoxillik səmərəli elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara layiq görülüb, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatı olan "İstiqlal" ordeni ilə təltif edilib. Tanınmış ictimai-siyasi xadim, nüfuzlu hüquqşünas-alim və təcrübəli pedaqoq Murtuz Nəcəf oğlu Ələsgərovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq".

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Vasif Talıbov

Ziyafət Əsgərov

Bahar Muradova

Valeh Ələsgərov

Fərhad Abdullayev

Fatma Abdullazadə

Şahin Əliyev

Hacıbala Abutalıbov

Ramil Usubov

Fikrət Məmmədov

Misir Mərdanov

Ramiz Rzayev

Zakir Qaralov

Əli Əhmədov

Abel Məhərrəmov