Dünyadakı ərzaq qıtlığının Azərbaycana təsiri olmayacaq

7 Avqust 2012 18:14 (UTC+04:00)

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Subsidiyalar və Güzəştli şərtlərlə gübrələrin verilməsinə dair Dövlət Komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, komitə üzvlərinin qərarı ilə ölkənin 60 şəhər və rayonuna 56 milyon 741 min manat vəsait verilməsi qərara alınıb.

Qeyd edək ki, bu vəsaitin 1 milyon 438 min hektar ərazidə kənd təsərrüfatı məhsullarının əkilməsi üçün nəzərdə tutulub. Bu il xalqa ayrılan subsidiyaların vəsaiti ötən ilkindın 3 milyon manat çoxdur. Nazir İsmət Abbasov bildirib ki, komitə bununla əlaqədar nəzərdə tutulan vəsatin ödənilməsi üçün Maliyyə Nazirliyinə müraciət göndərib. Fermerlər subsidiyaları hökumət tərəfindən məbləğləri ayın sonu, gələn ayın əvvəli Kapital Bankdan ala biləcəklər. Nazir həmçinin qeyd edib ki, fermerlərə 11 min 408 ton güzəştli şərtlərlə gübrə veriləcək. Ümumilikdə dövlətin göstərdiyi dəstək hesabına kənd təsərrüfatı məhsullarına 10,4% artım olub. Nazir həmçinin onu da qeyd edib ki, ABŞ və Rusiyada iqlim səbəbindən qıtlıq yaransa da Azərbaycanda bu təhlükə gözlənilmir. Son məlumatlara görə, ölkədə 2 milyon 700 min tondan çox taxıl istehsal olunur. Bunun 1 milyon tonu ərzaq buğdasıdır.

Nazirin sözlərinə görə, məhsuldarlığın bol olması səbəbi ilə bu il kənd təsərrüfatı məhsullarının 0,2% ucuzlaşmasına zəmin yaradıb. Eyni zamanda nazir onu da əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi məhsulların istehsalının 3 milyon 500 min tona çatdırılmasını planlaşdırır. Bu rəqəm reallaşarsa, Azərbaycana heç bir ölkədən kənd təsərrüfatı məhsulu idxal olunmayacaq.

Vüqar Əliyev