İşərişəhər "Cümə" məscidi icmasının sədri və axundu Hacı Surxay Məmmədlinin Səs TV-yə müsahibəsi
- Oruc ibadətinin hikmət və faydası hansılardır?
- Əvvəla Qurani-Kərimdə Ramazanla bağlı, onun fəlsəfi anlamı, adının açıqlaması çox geniş bir şəkildə qeyd olunub. "Əl-Bəqərə" surəsinin 185-ci ayəsi və digər ayələrdə Ramazan ayların sultanı adlanır. Allah həmişə iman gətirənlərə Quranda səsləyir. "Əl-Bəqərə" surəsi, 183 və 185-ci ayələrdə buyurulur ki, "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə siz pis əməllərdən çəkinəsiniz!".
Mübarək "Ramazan" sözünün mənası "ramada" sözündən gəlir, "yanmaq, yandırmaq" deməkdir. Amma bu, başqa cür yanmaqdır. Burada nə kül qalır, nə də tüstü görünür. Ona görə də İslam peyğəmbəri buyurur ki, "bu ay ona görə Ramazan adlanıb ki, bu ayda bütün günahlar yanır". İnsanın mənəviyyatında nə qədər çirkinliklər, günahlar varsa təmizlənir. On bir ayın sultanı insanlara bərabərlik ayı kimi təqdim olunur. İmam Sadiq (ə.s.) buyurur ki, "Bu ay zənginlərlə kasıbların bərabər olduğu aydır".
Adətən zəngin insanlar oruc tutduğu zaman aclığı, onun insanda yaratdığı çətinlikləri hiss edirlər. Bu zaman kasıb insanlar da yada düşür. Köməyə, yardıma ehtiyacı olan insanlara qayğı göstərməyin vacibliyi xatırlanır.
- Biz Ramazanda ac qalırıq, bunun insan sağlamlığına tibbi cəhətdən böyük faydası olduğunu bilirik. Bəs ruhumuz necə faydalanır?
- İnsan cisim və ruhdan ibarətdir. Ramazan eyni zamanda bizim ruhumuzun tərbiyəsidir. Cisim ac və susuz qalırsa, bu insanın ruhunun tərbiyəsidir. İnsanın ruhunun tərbiyəsi olmasa, cisim idarə edilə bilməz. Cisimdə hər hansı fiziki problemlər yaranırsa, yəni xəstələnirsə həkimə müraciət edirik. Ruhun isə bir loğmanı vardırsa, o da Allahdır. İnsan həyatını idarə edən mənəviyyatdır. Əgər insanın mənəviyyatında problemlər yaranırsa, bu onun cisminə də mütləq şəkildə təsir göstərir. Depressiya düşən insanlar var ki, onlar hər kəsdən uzaqlaşır, tənha həyat sürürlər. Onların mənəvi çatışmazlığı, ruhi problemləri var.
- Ramazan orucunu kimlər tutmaya bilər?
- Quranın "Əl-Bəqərə" surəsinin ayələrinin birində buyurulur ki, "Səfərə gedən hər hansı bir insan mütləq şəkildə orucunu yeyəcək". İnsan bir gün ərzində səfərdə olubsa, Ramazan ayından sonra bir gün oruc tutacaq. Əgər bir insan bilərəkdən orucunu pozarsa hər bir günə qarşılıq 60-61 gün oruc tutmalıdır. Mütəmadi səhhətində problemi olan insanlar isə yediklərinin fidyələrini verməlidir. Yəni nə yeyəcəksə onun dəyərində imkansızlara pul və ya ərzaq yardımı göstərməlidir. İslam peyğəmbəri bizə tövsiyə edib ki, "İslam zülm dini deyil, gözəllik dinidir". Əgər bu gün tutduğun oruc bir müddət sonra onun sağlamlığında fəsadlar yaradacaqsa, Allah bu cür orucu qəbul etməz.
- Oruc tutan insanın namaz qılmamasının hər hansı bir günahı varmı, ümumiyyətlə bu düzgündürmü?
- Bu gündəmdə olan bir məsələdir. Bəzi dırnaqarası ilahiyyatçılar deyirlər ki, əgər bir insan namaz qılmırsa, orucu da keçərli deyil. Əslində bu yanaşma tamamilə yanlışdır. Bir insan Ramazanda oruc tutursa, deməli böyük yaradan onun ürəyinə bu məhəbbəti salır. Bu ay savab, rəhmət, bərəkət, günahların bağışlandığı aydır. Ola bilər oruca sevgi, məhəbbətlə başlayan insan sonradan namaz ibadətinə də başlasın və davam etdirsin. "Namazın yoxdursa, oruc tutma" kimi fikirlər insanları İslamdan uzaqlaşdırır.
- Ramazanla bağlı sizə daha çox hansı suallarla müraciət olunur?
- Məlumat üçün deyim ki, Ramazan ayının 1-dən başlayaraq hər gün İçərişəhər "Cümə" məscidində iftar süfrəsi açılır. Hər İftar yeməyi fərqli, xeyirxah insanlar tərəfindən verilir. O insanlar öz qazanclarını müsəlmanlarla bölür, bu isə onların inancından irəli gəlir. Hər gün 200-250 ehtiyacı olan-olmayan insan iftar süfrəsinin qonağı olur. O ki, qaldı daha sıx rast gəlinən suallara, onlardan biri odur ki, insanlar niyyətli ikən yuyunmağın orucu poza biləcəyindən narahat olur. Və yaxud sual verirlər ki, dişləri fırçalamaq orucu pozurmu? Əlbəttə ki, orucun öz şərtlər var. Bunlara əməl etməklə, yəni boğaza su getməsinə imkan verməməklə dişləri fırçalamaq olar. İsti havalarda duş qəbul etmək olar. Bunların heç biri orucu pozmur. Bir də ki, bir insandan tər iyini gəlməsi yaxşıdır, yoxsa onun yuyunub, ətirlənməsi? Əlbəttə ki, yuyunub, ətirlənib təmiz şəkildə məscidə getmək, ictimaiyyət arasına çıxmaq daha gözəl olardı. Bəzilər Ramazanda ətrin vurulmasın bəyənilmədiyini söyləyirlər. Amma həddi aşmamaq şərtilə ətir vurmaq olar. Bu gün insanın zahiri təmiz deyilsə, bu onun daxilinə də sirayət edir. Əgər mənəviyyatın təmiz deyilsə, zahirin necə təmiz ola bilər?
- Oruc tutmayan insan günahkar sayılırmı?
- Hər bir insan həddi-buluğa çatıbsa, yəni qız uşaqları 9, oğlanlar isə 15 yaşından sonra oruc tutmalıdır. Mənim bu insanlara bir ismarışım var. Ramazan insanlara ilahi bir hədiyyədir. Bu Ramazanda Allan insanlığın kitabı olan Qurani-Kərimi göndərib. Yeganə canlı insandır ki, böyük yaradanın bu möhtəşəm mükafatına layiq görülüb. İnsanlar səmavi kitabın göndərildiyi ayın, onun içərisində olan əhya gecələrin dəyərini bilməli, hər saatından, dəqiqəsindən istifadə etməlidirlər. Allah öz rəsuluna buyurur ki, "Bilirsən Ramazanda yatmağın özünün nə qədər ibadəti var". Yəni hətta Ramazanda insanın yatdığı saatlar belə onun üçün ibadət sayılır. Yaxşı olar ki, insanlar qədir gecələrində yatmaq əvəzinə ibadətlə məşğul olsunlar. Quranın gəlişini gözləyən bir bəşər evinə müsafir gələcəyini bilə-bilə yatarmı? İnsanlar bu fürsəti əldən qaçırmasın. Ramazanın dəqiqə və saatlarını əldən verməsin. Birgünlük olsa da belə yetər ki, insan ramazanı dərk etsin.