Təbriz-Bakı aviareysi niyə dayandırılıb?

7 Avqust 2012 15:51 (UTC+04:00)

İranın "Kish Air" aviaşirkəti Təbriz-Bakı-Təbriz marşrutu üzrə aviareysləri müvəqqəti olaraq dayandırıb. Şirkətin Azərbaycandakı təmsilçisi bildirib ki, həftədə bir dəfə (şənbə günləri) yerinə yetirilən Təbriz-Bakı-Təbriz aviareysi üzrə uçuşlar məlum olmayan səbəblərə görə müvəqqəti olaraq dayandırılıb: "Buna baxmayaraq, avqust ayının 15-20-dən sonra aviaşirkət sözügedən marşrut üzrə uçuşları bərpa etmək niyyətindədir".

Qeyd edək ki, bu ilin iyun ayınadək "Kish Air" Təbriz-Bakı-Təbriz aviareysini həftədə iki dəfə (II və VI günlər 14:15-də) yerinə yetirib. Lakin sonradan uçuşlar yalnız həftədə bir dəfə (VI gün 14:15-də) həyata keçirilib. Hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 159 manatdır.

Xatırladaq ki, hazırda Bakı-Təbriz aviareysini həmçinin Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti də yerinə yetirir. AZAL bu marşrutla həftədə iki dəfə (II və VI günləri saat 22:00-da) uçuşlar həyata keçirir. Hər iki istiqamətdə bir aviabiletin qiyməti 186 manat təşkil edir.