Bank sistemində təklif olunan faizlər niyə yüksəkdir? ANALİZ

6 Avqust 2012 20:51 (UTC+04:00)

Azərbaycan maliyyə sisteminin mühüm elementlərindən biri də bank sistemidir. Bu gün banklar aktivlərinin və kapitalının həcminə, regional əhatəsinə görə digər maliyyə vasitəçilərini dəfələrlə üstələyir. Hazırda respublikada inkişaf etmiş, bazar prinsiplərinə əsaslanan ikipilləli bank sistemi - Azərbaycan Respublikasının Mərkəzi Bankı, kommersiya bankları və bank olmayan kredit təşkilatları fəaliyyət göstərir.

MDB ölkələri arasında ən yüksək faiz

Azərbaycanda 46 bank və onların 600-ə yaxın filialı fəaliyyət göstərir. Banklarla yanaşı, respublikada 98 bank olmayan kredit təşkilatı var. Ölkədə kifayət qədər bankın olmasına baxmayaraq, bu sistemdə təklif olunan faizlər yüksəkdir.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda bank sistemində təklif olunan faizlər MDB ölkələri arasında ən yüksək faiz hesab olunur: "Praktikada bu gün Azərbaycan banklarının təklif etdiyi faizlər, istehlak kreditləri üzrə 14 faizdən başlamaqla biznes kreditləri üzrə bəzi hallarda bu rəqəm 40 faizə qədər ola bilir. Bu isə kifayət qədər ciddi rəqəmdir. Olduqca yüksək faizlə kreditlər təklif olunur. MDB ölkələri ilə müqayisədə faizlərin yüksək olmasına görə ilk üçlüyə daxildir. Yalnız Belarus və Ukraynadan geri qalır".

Qısa zamanda daha çox gəlir

Ekspert təklif olunan kredit faizlərinin yüksək olmasının bir neçə səbəbi olduğunu deyib: "Bunlarda biri odur ki, təəssüf ki, Azərbaycan bankları qısa zamanda daha çox gəlir əldə etməyə üstünlük verirlər. Bankların qısa zamanda gəlir əldə etmək istəyi kredit faizlərinin yüksək olmasına gətirib çıxarır. Bunun da kifayət qədər mənfi tərəfləri var. Bu da problemli kreditlərin artmasına səbəb olur. Bu gün problemli kreditlərin həcmi 800 milyon manata yaxındır ki, bu da kifayət qədər böyük rəqəmdir. İkincisi nəzərə alsaq ki, Mərkəzi Bankın uçot stavkasının 5,25 faiz olduğunu xatırladan mütəxəssis deyir ki, uçot stavkası kommersiya kreditlərindən 4 dəfə azdır. Hansı ki, bu da iqtisadi baxımdan anormal balansdır. Bank faizlərinin yüksək olması bir neçə səbəblə bağlıdır. Əvvəla, bank sektorunda rəqabət anlayışının formalaşmaması kredit faizlərinin aşağı düşməsinə imkan vermir. Digər tərəfdən də, bu gün heç bir xarici bank Azərbaycanın bank sektorundan sərbəst fəaliyyət göstərmir. Bu isə, təbii ki, həmin sektorda rəqabətin inkişafına imkan vermir".

Problemli kreditlərin həcmi artıb

İqtisadçının sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, bəzi sektorlarda illik mənfəət norması 70 faizə yaxındır. V.Bayramov deyir ki, Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcmi bankların cəlb etdikləri kreditlərin cəmi 5 faizini təşkil edir. Bu da bankların vəsaitlərin 95 faizini kənardan cəlb etmələri deməkdir. Bununla belə problemli kreditlərin həcmində kəskin artımların olduğunu söyləyən V.Bayramov bildirir ki, problemli kreditlərin həcmi 649 milyon manat təşkil edir: "Əvvəlki illə müqayisədə problemli kreditlərin həcmində 28 faiz artım var. Problemli kreditlərin bank aktivlərindəki payı 8 faizə yaxındır. Beynəlxalq standartlara görə, problemli kreditlər bank aktivlərinin 3 faizindən çox təşkil edirsə, bu, artıq kritik həddir".

"Cəlb edilən depozitlər üzrə faiz dərəcələrinin aşağı düşməsi fonunda problemli kreditlərin həcminin artması və bank faizlərinin yüksəlməsi bankların qısa müddətdə daha çox gəlir əldə etmək istəklərindən xəbər verir. Bu da nəinki uzunmüddətli dövr üçün, hətta qısa müddətdə bu sektorda ciddi maliyyə problemlərinə səbəb ola bilər, - deyə Vüqar Bayramov əlavə edib.

Bir bankın bağlanması bütün sektora mənfi təsir göstərir

Royal Bankın bağlanması məsələsinə də toxunan ekspert bildirib ki, bank sektoru həssas bir sektordur: "Bank sektorunun digər sektorlardan fərqi ondadır ki, əgər digər sektorlarda şirkətlər rəqiblərin sıradan çıxmasında maraqlıdırsa, bank sektorunda vəziyyət tamamilə fərqlidir. Çünki bir bankın müflis olması digər banklardan da vəsaitlərin geri çəkilməsinə gətirib çıxarır. Bu sektora inamın azalmasına səbəb olur. Bu baxımdan Royal Bankın müflis olması digər banklara olan etibara təsir göstərir. Mərkəzi Bank bu sektora inamın azalmaması üçün Royal Bankın müflis olması nəticəsində, əmanətçinin ziyan görməməsinə çalışmalıdır. Artıq bununla bağlı xüsusi komissiya yaradılıb. Beləcə, vətəndaşlar bank müflis olduğu təqdirdə belə, əmanətlərinin qaytarılacağına inanmalıdırlar. Bütün hallarda isə bir bankın bağlanması istənilən halda bütün sektora mənfi təsir göstərir".

Cabir