Gənclərimizi narkomaniyanın ağuşuna atan üç əsas səbəb... ARAŞDIRMA

6 Avqust 2012 15:55 (UTC+04:00)

Bu gün elə mövzu barədə yazmağa başlamışam ki, bu barədə yazmaq mənim üçün həm ağırdır, həm də məsiliyyətlidir. Çünki bu elə bir məsələdir ki, bütöv bir xalqın, bütövlükdə isə bəşəriyyətin gələcək genofonunu məhv edə biləcək qədər təhlükəli və qarşısıalınmaz bəlaya çevrilib. Minlərlə gəncin həyatını alt-üst edən, onları bir "kibrit qutusu"nu əldə etmək üçün oğurluğa, ən dəhşətli cinayətlərə, hətta öz ana-bacısının ziynət əşyalarını oğurlamağa sövq etməkdən başlamış 5-10 manat üçün doğma valideynlərinin başını kəsməyə qədər qatil olmağa məcbur edən narkomaniya xəstəliyi…

Quru və lazımsız təbliğat heç nəyi dəyişmir…

Cəmiyyəti dəhşətli fəlakətə aparan, anaları gözyaşlı qoyan narkomaniya, yaxud "ağ ölüm" deyilən bəla, etiraf erməliyik ki, bizim cəmiyyətimizi də iflic hala salmaq qədər təhlükəlidir. Gənclərimizi öz caynağına alan bu "ağ ölüm", artıq özünə elə şəkildə yer edib ki, artıq yeniyetmələr arasında da "dəbə düşüb". Bu olduqca qorxulu tendensiyadır və əgər cəmiyyətdə dövlətdən tutmuş vətəndaşa qədər hər kəs bu bəlaya qarşı mübarizədə üzərinə düşən işləri, sərt tədbirləri ardıcıl şəkildə həyata keçirə bilməsə, sözün əsl mənasında "biz batdıq!"

Amma elə indi də "batmaqdayıq". Çünki cəmiyyətimizdə bu fəlakətə qarşı təəsüf ki, bir çox hallarda yalnız formal mübarizə üsulundan istifadə olunur, başqa heç nə. Nə zaman narkomaniyaya məruz qalan bir gənci, yaxud bu bəladan xilas olan, müalicə alıb sağlam həyata qayıdan bir insanı narkomaniyaya qarşı mübarizə üçün keçirilən tədbirlərdə gəncliyə nümunə kimi göstəririk?

Narkomaniyaya qarşı mübarizəyə həsr olunan hansı tədbirdə belə insanların fikri dinlənilir, bu fəlakətin ağuşunda olan birisindən tutmuş, özündə iradə tapıb sağlam həyata qayıdan, cəmiyyətdə mövqe sahibi olmaq istəyən digər bir gəncə qədər bu insanların hansı birisinin fikirlərini əyani surətdə gənclərə çatdırmışıq?

Acı da olsa deməliyik ki, cəmiyyətimizdə bu bəlaya düçar olan insanlarla elə şəkildə davranırlar ki, sanki bu insanlar cəmi iki-üç il əvvəl bu cəmiyyətin normal üzvləri olmayıblar, hansısa yad planetlidirlər. Bu mövqe ilə cəmiyyət onların narkomaniyanın ağuşundan ayrılıb normal həyata dönmələrinə sözün əsl mənasında "qırmızı işıq" yandırmalı olur. Cəmiyyət olaraq biz bu cür ictimai mövqe ilə onlara yardım etmək əvəzinə onları "ağ ölümdən" daha çox yapışmağa vadar edirik. Elə təkcə bu faktın özü narkomaniya təsiri altına düşən insanları cəmiyyətdən qaçmağa vadar edir. Bundan başqa bu ictimai prizma, hələ ilk günlərdə bu bəladan canını qurtara bilmək imkanları olduğu halda onları əbədi narkomanlığa sürükləyir.

Onlar cəmiyyətdən qorxur, cəmiyyət isə onlara nifrət edir. Gəlin gənclərin narkomaniyanın təsiri altına düşmələrinə səbəb olan əsas faktorları bir-bir nəzərdən keçirək.

Valideyn nəzarətsizliyi gəncləri narkomaniyaya "yem edir"…

Şəxsiyyətin formalaşması üçün cəmiyyət nə qədər önəmli faktor olsa da, insanın cəmiyyətə atılmazdan əvvəl aldığı ilkin tərbiyə, şüurunda həkk olunan öyüd-nəsihət və oturub-durduğu mühit onun sonrakı yolunun müəyyənləşməsində mühüm əhəmiyyət kəsb edir. Xüsusi ilə ailə tərbiyəsi və ata faktoru, hər bir uşağın sonrakı taleyində lokomotiv rolunu oynayır. Bu fakt, mübahisəsiz belədir. Çünki məhz ailə mühiti və ailə tərbiyəsi, insanının cəmiyyətdəki sonrakı fəaliyyətinə, sözün əsl mənasında mənəvi vəsiqə xarakteri daşıyır. Məşhur rus pedaqoqu Uşinskinin yanına bir nəfər valideyn gəlir ki, yenicə doğulan uşağına necə tərbiyə vermək barədə məsləhət alsın. Uşinski soruşur ki, uşağın neçə yaşındadır. Valideyn cavab verir ki, o cəmi 5 gündür ki, dünyaya gəlib. Məşhur pedaqoq cavab verir ki, "siz düz 5 gündür ki, uşağın tərbiyəsi ilə bağlı gecikmisiniz".

Gördüyümüz kimi, hər bir uşağın, yeniyetmə və gəncin sabahın dəyərli, ağıllı insanı olması, eyni zamanda qatilə, narkomana və oğruya çevrilməsi, ilk əvvəl evdə aldığı tərbiyədən, evin kəndarından o tərəfdə oturub-durduğu insanlardan hansı vərdişlər "əxz etməsindən" çox asılıdır. Elə gənclərin də arzuolunmaz yollara düşməsinin əsas səbəbi zəif valideyn nəzarəti və onu ağuşuna alan mənfi mühitdir. İnternet dövründə demək olar ki, ailələrin uşaqlar üzərində nəzarəti olduqca zəifdir. İnternet klublarında gecəni səhərə qədər "lazımlı vaxt keçirən" uşaqlar, açıq-aşkar valideyn nəzarətindən çox-çox kənarda qalırlar. Onlar parnoqrafik "seriallardan" başlamış, dünyanın inkişaf etmiş əksər ölkələrində yayımlanması qadağan olunan vampir filmlərə heyranlıqla tamaşa edirlər. Bir növ valideynlər uşaqlar üzərində nəzarəti tamamilə itiblər. Bir az yumşaq desək, uşaqlar daha böyükləri dinləmək istəmirlər. Açıq danışsaq, bizim yaşadığımız bu günlərdə Azərbaycan cəmiyyətində böyük-kiçik məsələsi, ana-ata ilə uşaqların münasibətləri çox acınacaqlı haldadır. Sanki bu insanlar, uzun əsrlər boyu ataya allah kimi səcdə edən, onu ayaq üstə dinləyən bir xalqın varisi deyil…

Məktəbli uşaqlar narkotika alverçiləri üçün "qızıl balıqdır"?

Uşaqların ən çox məktəb həyatında formalaşdıqları hər kəsə məlumdur. Məhz məktəb həyatında sabahın vətəndaşları gələcəkdə cəmiyyətdə hansı yola üz tutacaqlarını müəyyənləşdirirlər. Çünki evdəki mikromühitdən fərqli olaraq, buradakı məktəb həyatı daha geniş insan çevrəsini əhatə edir. Amma təəsüf ki, burada da bizim qanımızı qaraldacaq mənzərə hökm sürür. Məsələ burasındadır ki, indiki məktəb həyatı, mənfi mənada sovet dövründəki möhkəm pedaqoji qayda-qanundan yerlə göy qədər fəqlənir. Nə müəllim nəzarəti mövcuddur, nə də valideynlə-məktəb arasındakı möhkəm rabitə xətti kifayət qədər deyil.

Əksər vaxtlarda "ağ ölüm" alverçiləri, məhz məktəb sakinlərini hədəf olaraq seçirlər. Çünki hələ gözləri həyata təzəcə açılan, yaxşı ilə pisi

bir-birindən hələ ayırd edə bilməyən yeniyetmə və gənclər, narkotika alverçilərinin toruna asanlıqla düşə bilən "qızıl balığı" xatırladırlar. Çox təəsüf ki, son vaxtlar məktəblilər arasında "ağ ölüm"ə olan marağın artması və yeniyetmə məktəblilərin narkomaniyaya "sevdasına" düşmələri, narkotika alverçilərininin məktəb həyətlərinə "yol açmaları" ürək ağrısı ilə razılaşmalı olacağımız faktlardandır. Məktəb-valideyn əlaqələrinin olmaması, yenicə həyata atılan uşaq və yeniyetmələri kompassız gəmi kimi həyatın burulğanına aparır. Elə bir burulğana ki, ordan qayıdış möcüzəyə bağlıdır, yaxud çox vaxt heç mümkün də deyil. Narkomaniya burulğanına olduğu kimi!

Mətləb Salahov