Sənətkar səhnə üçün darıxanda... QAYIDIŞ

3 Avqust 2012 18:24 (UTC+04:00)

Azərbaycanın xalq artisti, tamaşaçı qəlbinə öz istedadı ilə yol tapan, səhnəmizin Yaşarı yenidən tamaşaçılar qarşısına çıxdı. Ötən gün müalicəsini Türkiyədə davam etdirən aktyor Azərbaycana qayıdaraq Milli Kino gününü ölkədə qeyd etdi. SİA-nın məlumatına görə, tədbirdə iştirak üçün Nizami Kinoteatrına gələn sənətkarın binaya diqqətlə baxması onun səhnə üçün nə qədər darıxmasından xəbər verirdi. Türkiyədə müalicə alan sənətkar jurnalistlər qarşısına çıxaraq indi özünü yaxşı hiss etdiyini və müalicəsinin zamanla davam etdirəcəyini deyib. Sonra isə dahi sənətkar Azərbaycan kinosunun bugünki vəziyyətinə aydınlıq gətirib.

Daha sonra xalq artisti onu sevən, gözləyən və onun üçün darıxan tamaşaçıların qarşısına çıxıb. Ötən gün Milli Kino günü münasibətilə təşkil olunan tədbirdə Yaşar Nuri Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqı tərəfindən yüksək mükafata layiq görülüb. Belə ki, ittifaqının təsis etdiyi Milli Kino Mükafatı ilk olaraq Yaşar Nuriyə təqdim olunub. Sənətkarın növbəti uğuru tamaşaçıların gur alqışları ilə qarşılanıb. Tamaşaçılar dahi sənətkarı necə sevdiyini, onun üçün nə dərəcədə darıxdıqlarını öz alqışları ilə bir daha təsdiq etdilər.