Məleykə Abbaszadə valideynlərə ciddi çağırış edib

3 Avqust 2012 12:20 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə valideynlərə çağırış edib. SİA-nın verdiyi xəbərə görə, mətbuat konfransında TQDK sədri valideynləri ixtisas seçimi sahəsində övladlarına təzyiq göstərməməyə çağırıb: "Abituriyent yüksək bal yığıbsa, bu o demək deyil ki, o istədiyi ixtisasın yerinə digər yüksək ballı ixtisası seçməlidir. Valideynlər imtahanlarda bal toplamış uşaqların fikrini öyrənməli, bu seçimdə onlara heç bir təzyiq göstərməməlidirlər".

Komissiya sədri onu da əlavə edib ki, bəzi ixtisas qruplarında keçid balının aşağı salınması abituriyentlərə təhsil almaq üçün şans yaratmaq məqsədi daşıyır: "Hazırda fəaliyyəti dayandırılan bəzi qeyri-qanuni ali təhsil müəssisələri ötən illərdə aşağı balla qəbul elan edirdilər, sonradan isə həmin şəxsləri diplomla təmin edə bilmirlər. Biz aşağı bal toplayan abituriyentlərə qanuni yolla təsərrüfat sahəsində olan ixtisasları seçməyi tövsiyyə edirik".

Könül Kamilqızı