Qabiliyyət imtahanları bitdi

3 Avqust 2012 11:50 (UTC+04:00)

Ali təhsil müəssisələrinin III və I ixtisas qrupuna daxil olan ixtisaslar üzrə qabiliyyət imtahanları başa çatıb. SİA-nın verdiyi xəbərə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. M. Abbaszadənin sözlərinə görə, III ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanlarında iştirak etmək üçün komissiya tərəfindən keçirilmiş seçmə turdan 3225 abituriyent müvəffəqiyyətlə keçərək qeydiyyata alınıb. Onlardan 1417 nəfəri test imtahanında müvafiq müsabiqə şərtini ödəyərək qabiliyyət imtahanına qatılıb. TQDK sədri həmçinin qeyd edib ki, qabiliyyət imtahanından 998 nəfər müvəffəq qiymət alaraq ixtisas seçiminə buraxılıb.

I ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanlarında iştirak üçün 1089 abituriyent komissiya tərəfindən keçirilən seçmə turda qeydiyyatdan keçib. Onlardan 635 nəfəri test imtahanında müvafiq müsabiqə şərtini ödəyərək qabiliyyət imtahanına qatılıb. 446 nəfər qabiliyyət imtahanını uğurla verərək ixtisas seçiminə buraxılıb.

Könül Kamilqızı