Oğuzda gənc siyasətçilər üçün "Yay məktəbi" öz işini uğurla davam etdirir
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi gənc siyasətçilər üçün "Yay məktəbi" öz işini uğurla davam etdirir. SİA-nın Oğuza ezam olunmuş müxbirinin verdiyi məlumata görə, layihə çərçivəsində iyulun 26-da "Yay məktəbi" iştirakçılarının YAP sədrinin müavini-icra katibi Əli Əhmədov və Milli Məclisin bir qrup deputatı ilə görüşü olub.
Oğuz şəhərindəki "AFRA" otelinin konfrans zalında keçirilən tədbirdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan dövləti gənclərə həmişə böyük qayğı və diqqət göstərir. Onların təhsil almaları, işləmələri, istirahət etmələri və layiqli vətəndaş kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Azərbaycan dövləti müəyyənləşdirdiyi bu siyasətin həyata keçirilməsi üçün son illər öz imkanları çərçivəsində bir sıra layihələr həyata keçirib. Belə təşəbbüslərdən biri də gənclərin "Yay məktəbi" layihəsidir. Belə məktəblərin həyata keçirilməsi ilə bağlı ideyanın meydana çıxması Azərbaycan dövlətinin gənclər siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.
Əli Əhmədov bildirib ki, ölkəmizdə "Yay məktəbi" layihəsi artıq 6 ildir ki, həyata keçirilir. Bu il Oğuz və Lerik rayonlarının istirahət mərkəzlərində təşkil olunan yay məktəblərində altı yüzə yaxın gənc iştirak edib. YAP-ın üzvü olan gənclər partiyanın gücünün, fəallığının formalaşmasında, ictimai-siyasi həyatda əhəmiyyətli qüvvəyə çevriliblər.
Qeyd olunub ki, 575 min üzvü olan partiyanın daxilində gənclər yüksək gücə və çəkiyə malikdirlər. Partiya üzvlərinin 40 faizini gənclər təşkil edir. Gənclər partiyanın gələcəyinin təmin edilməsində öz üzərilərinə əhəmiyyətli bir missiyanı götürmüşlər və bu missiyanı layiqincə yerinə yetirirlər. YAP rəhbərliyi həmin missiyanın yerinə yetirilməsi üçün gənclərin hazırlanmasına daim lazımi kömək göstərir. Əli Əhmədov gənclərin gələcəkdə Azərbaycanın uğurlarının təmin edilməsində əhəmiyyətli rol oynayacaqlarına şübhə etmədiyini bildirib.
Sonra Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, habelə YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları Mübariz Qurbanlı, Eldar İbrahimov və Məlahət İbrahimqızı gənclərin çoxsaylı suallarını cavablandırıb, verdikləri təkliflərə münasibətlərini bildirib, fikir mübadiləsi aparıblar.
"Yay məktəbi"nin bu il Oğuzda keçirilən 4-cü mərhələsində 70 nəfərədək fəal gənc iştirak edir. Proqrama uyğun olaraq gənclərlə "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası gənclərin nəzəri ilə", "İKT-nin müasir imkanlarından səmərəli istifadə - sosial şəbəkələr", "Seçki kampaniyalarında ərazinin, ictimai rəyin öyrənilməsi. Siyasi partiyaların seçki kampaniyasında rolu" mövzularında seminar-diskussiyalar keçirilib.
"Yay məktəbi" çərçivəsində gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün interaktiv oyunlar, müxtəlif idman yarışları da təşkil olunur.