İranın erməni “məhəbbətinin” pərdəarxası - ANALİZ

25 İyul 2012 15:28 (UTC+04:00)

Bu "sevginin" arxasında hansı məqsədlər dayanıb?


Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq hər zaman qonşu İranın maddi və mənəvi dəstəyindən kifayət qədər yararlanıb. Sonrakı dövrlərdə İran və Ermənistanın dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri, iqtisadi sahədə reallaşdırılması nəzərdə tutulmuş yeni layihələrin icrası, Ermənistandakı infrastrukturun dirçəldilməsi məqsədilə İran tərəfindən həyata keçirilən tədbirlər yeritdiyi işğalçılıq siyasəti ucbatından regionda təklənən Ermənistana ikinci bir nəfəs verdi. Son illərdə İranın Ermənistanla siyasi, hərbi, iqtisadi, enerji, turizm, rabitə, yeraltı sərvətlərin istismarı sahələrində və ticarət dövriyyəsi üzrə əməkdaşlığına dair çoxsaylı faktlar toplanıb.


Farslar ermənilərdən öz məqsədləri üçün istifadə edir


Hazırda düşmən ölkənin iqtisadiyyatı faktiki iflic vəziyyətindədir və Ermənistanın dövlət borcu ilə büdcə kəsirinin həcmi artmaqda davam edir. Buna görə də ermənilər İranla layihələrini problemdən çıxış yollarından biri sayır.Çünki Ermənistanın xaltasını əlində saxlayan Rusiya belə bu ölkəyə satdığı xam neftlə, təbii qazın həcmini azaltmaqla yanaşı, tariflərini dəfələrlə artırıb.


İranın isə ermənilərə qarşı "məhəbbətinin" arxasında başqa məqsədlər dayanıb. Bunlardan biri, demək olar ki, əsası Cənubi Qafqazdakı proseslərə təsir imkanlarıdır.Farslar həmişə ermənilərdən istifadə ediblər və indi də belədir. Tehranın Ermənistanla layihələrində zəruri investisiyaların hamısını İran qarşılayır və yalnız sonradan əldə ediləcək gələcək gəlirlərin hesabına İran öz vəsaitini geri qaytaracaq. Buna bir dövlətin başqasına yardımının sivil forması deyilir. Təbii ki, bütün bunlar təmənnasız olunmur. İranın başlıca məqsədi Ermənistana ciddi təsir, layihələrdən sonra isə təzyiq imkanlarına yiyələnmək, Yerevanın Qərbin təsir dairəsinə düşməsinə imkan verməməkdir.


Sərhəddəki azad ticarət zonası


Hətta bir müddət öncəİranın bu ölkədəki yeni səfiri Məhəmməd Rəisi Ermənistanın baş naziri Tiqran Sərkisyanla görüşündə İranın Ermənistanla əlaqələri inkişaf etdirmək üçün heç bir şeydən çəkinmədiyini vurğulayıb, hətta bildirib ki, iki ölkə arasındakı əlaqələrin hər sahədə inkişafı üçün İran hər cür əməkdaşlığa açıqdır.


Bundan bir neçə gün sonra isə İranın azad ticarət zonası naziri Sadiq Nəcəfi Ermənistan sərhədindəki Nurduz bölgəsində 30 hektarlıq ərazinin azad ticarət zonasına çevrildiyini bəyan edib. İki ölkə münasibətlərinin yaxşı olduğunu deyən iranlı nazir ikili siyasi münasibətlərində bu bölgənin azad ticarət zonası elan edilməsindən sonra daha da güclənəcəyini bildirib.Sadiq Nəcəfi həmçinin Nurduz sərhəd zonasında beynəlxalq vəhşi təbiət parkının yaradılacağını da deyib.


İran və Ermənistanın birgə layihələri


350 milyon dollarlıq layihə olan Mehri su-elektrik stansiyasının tikintisi İran tərəfindən həyata keçiriləcək, çəkdiyi xərc isə sonradan HES-də istehsal ediləcək elektrik enerjisi vasitəsilə ödənəcək. İranla Ermənistan arasında yüksək gərginlikli elektrikötürmə xətti də tikiləcək. 130-140 milyon dollarlıq layihə ilə bağlı işlərə İranın \"Sanir\" şirkəti bu il başlayacaq. Daha bir layihə isə İranla Ermənistan arasında 160-180 milyon dollarlıq neft boru kəməridir. Bu layihəni də iranlılar maliyyələşdirəcək. Tehranın xərcləri sonradan Ermənistanın kəmərdən əldə edəcəyi gəlir hesabına ödəniləcək.


Bundan əlavə, Ermənistandakı 9200 kilometrlik qaz kəməri xəttinin 60 faizinin yararsız olması səbəbindən İran tərəfi bu şəbəkəni bərpa etməyi öhdəsinə götürüb. Bundan əlavə, Ermənistanın Mehri rayonunda tikilməsi nəzərdə tutulmuş və dəyəri 2 milyard ABŞ dolları olan "Nairiti" neft emalı zavodunun tikintisi İran tərəfindən maliyyələşdiriləcək. İl ərzində 7.5 milyon ton neft emal edəcək sözügedən zavod üçün xammal İrandan gətiriləcək.


Neçə İran şirkəti ermənilərə xidmət göstərir?


Göstərilənlərdən əlavə, Azərbaycanın Ermənistan işğalı altındakı Kəlbəcər rayonundakı Zod qızıl yataqlarından işlənilməsi üçün filizin, habelə respublikamızın işğal olunmuş digər ərazilərindən tikinti materiallarının "Nurduz-Mehri" körpüsü və nəzarətsiz ərazilər vasitəsi ilə ötürülməsi kanalından yararlanmaqla Ermənistandan İrana ikili təyinatlı materiallar göndərilməsi praktikası indiyədək davam etməkdədir. Bu zəmində fəaliyyət göstərən "Şəhid Dəstiğeyb" şirkəti əsasən Ermənistana ərzaq məhsullarının ixracı ilə məşğuldur. Əvəzində isə Ermənistandan bu şirkət vasitəsi ilə Kəlbəcərin qızıl yataqlarından İrana xammal, eyni zamanda ikili təyinatlı materiallar gətirilir və Kerman şəhərinə aparılaraq orada emal olunur. İranla Ermənistan dəmiryol xətlərini birləşdirəcək Mərənd-Culfa-Mehri layihəsi də Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Bəzi məlumatlara görə, hazırda Ermənistanda ticarət sahəsində fəaliyyət göstərən 600-dən çox rəsmi qeydiyyatdan keçmiş İran şirkəti vardır.