Suriyalı qaçqınları Dağlıq Qarabağda nə gözləyir?
Uzun müddətli danışıqlara, atəşkəs cəhdlərinə baxmayaraq Suriyada baş verən vətəndaş müharibəsi getdikcə daha da ağır nəticələr verir. Sözsüz ki, müharibənin ağır şərtləri insanları ölkəni tərk etmək məcburiyyətində qoyur. Suriyanı tərk edən etnik qruplardan biri də ermənilərdir.
Suriyadan qaçan ermənilər Əsəd tərəfdarıdır
BBC-nin Rus Xidmətinin əməkdaşı Mark Qriqoryan bildirib ki, Suriyadan qaçan ermənilərin xeyli hissəsi Ermənistana üz tutur: "Hələb-Yerevan təyyarə reyslərində Sentyabra qədər bütün yerlər artıq sifariş olunub. Eyni şeyi Beyrut-Yerevan reysləri üçün də demək olar. Davamlı bir köçün olduğu müşahidə edilir. Suriyadan köç edənlər suriyalı ermənilər daha çox kasıb və ya orta təbəqədən olan insanlardır. Zəngin olanlar daha çox Qərb ölkələrinə getməyə üstünlük verirlər. Orta təbəqədən olan bu insanların bəziləri məskunlaşmaq, bəziləri isə turistik gəzinti məqsədi ilə gəlirlər. Bir çoxu daşınmaz əmlak almaq niyyəti ilə araşdırma aparırlar".
Mark Qriqoryana görə, Ermənistandan sığınacaq tələb edən suriyalıların sayı bu il ərzində 2600-dən artıq olub: "Müqayisə üçün deyim ki, bundan iki il əvvəl, 2010-cu ildə Ermənistanda yaşamaq üçün müraciət edən suriyalı ermənilərin sayı 400-dən bir az artıq idi".
Mark Qriqoryan onu da bildirib ki, Ermənistana üz tutanların əksəriyyəti Əsəd rejimi tərəfdarıdır: "Onlar həm xristian olduqları, həm də mövcud iqtidarın tərəfində olduqları üçün Əsəd tərəfindən hər zaman dəstək görüblər. Suriyada yaşayan ermənilər islamçıların iqtidara keçməsi ehtimalından qorxurlar".
Ermənilər soydaşlarını aldadıblar
Əsəd rejiminə dəstək verən ermənilər üsyançıların qorxusundan ölkədən qaçır, Ermənistanda isə onların Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilməsi təşəbbüsləri müzakirə olunur. Onların Qarabağda yerləşdirilməsi üçün "Yenidən məskunlaşma üzrə İctimai Şura" yaratmaq təşəbbüsü də irəli sürülüb. Erməni saytlarında yer alan məlumatlara görə, suriyalı ermənilərin Xocavənd, Kəlbəcər, Füzuli və digər işğal altındakı bölgələrdə düşərgə formasında məskunlaşdırılması təklifləri var.
Zəngilanda məskunlaşan erməni ailələri bildirir ki, onları bura köçürən Ermənistan hökuməti yardım göstəriləcəyinə dair söz verib. Yaxın Şərqdən bu bölgəyə aldadılaraq köçürülən ermənilər yardımı ala bilməsələr də, Zəngilanın münbit torpaqları, əlverişli iqlimi onları razı salıb. Suriyada hadisələrin real gedişi isə göstərir ki, ümumiyyətlə, yaxın tezlikdə buradan böyük köç başlayacaq.
Maraqlıdır ki, Suriyadan erməni köçünün baş tutmasında Ermənistana dünyadakı erməni diaspor təşkilatları ilə yanaşı, son zamanlar Azərbaycana qarşı düşmən mövqeyini gizlətməyən rəsmi Tehranın da yardım etməsinə dair müxtəlif məlumatlar yayılıb. Qeyri-rəsmi xəbərlərə görə, Suriyadan köç edən ermənilərin böyük əksəriyyəti tranzit kimi İran ərazisindən istifadə edib. Qarabağa köçən Suriya erməniləri üçün isə Ermənistan tərəfindən müəyyən güzəştlər və yardımlar edilir.
Suriyalı qaçqınlar niyə Dağlıq Qarabağa məskunlaşdırılır?
Ölkə mətbuatında yayılan xəbərlərə görə, Ermənistan hökuməti Suriya ermənilərinin məsələsi ilə bağlı müşavirə keçirib.
Lakin Ermənistan büdcəsinin bərbad vəziyyətdə olması bu ölkədən mədəd uman suriyalı erməniləri çətin vəziyyətdə qoyub. Xalqı səfalət içində yaşadan iqtidar məskunlaşmaya razılıq verənlərə ancaq torpaq sahəsi ayırmağa hazırdır. Erməni mənbələrinin fikrincə, imkanlı Suriya ermənilərinin Qarabağda yerləşdirilməsi investisiya imkanları açır.
Köçürülmənin qarşısı necə alınmalıdır?
Hər halda Suriyadan qaçan ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycanın qayğılarını xeyli artıracaq. Çünki Suriya ermənilərinin Qarabağa köçürülməsi bölgənin milli tərkibinə təsir göstərə bilər. Bu isə separatçılara Qarabağda ermənilərin azərbaycanlılardan qat-qat çox olduğunu əsas gətirərək, müxtəlif iddialarla çıxış imkanı verə bilər. Lakin savaşdan qaçan ermənilərin yenidən müharibə ehtimalı olan, işğal edilmiş ərazilərdə uzun müddət yaşayacaqlarına heç kim zəmanət verə bilməz. Hər halda istənilən vəziyyətdə, Qarabağda ermənilərin sayının artması Azərbaycana ziyan gətirir və bunun qarşısını almaq lazımdır. Azərbaycan torpaqlarında erməni tərkibinin süni şəkildə artırılması böyük təhlükəlidir. 1975-ci ildə Livanda müharibə olarkən Moskvanın razılığı ilə minlərlə erməni ailəsi Ermənistan və Qarabağa köçürülüb. Bu siyasət yenə davam edir. Bu köçürmənin qarşısı alınmaq üçün Azərbaycan ciddi işlər görməli və beynəlxalq təşkilatların diqqətini bu məsələyə yönəltməlidir.