Bu davranış sülh prosesinə mane olmaq cəhdindən başqa bir şey deyil
İşğal olunmuş ərazilərdə erməni separatçılarının belə cəhdlərinə Azərbaycanla yanaşı bütün dünya artıq qiymətini verib. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun bəyanatında deyilir ki, Avropa İttifaqı iyulun 19-da Dağlıq Qarabağda keçiriləcək seçkilərin konstitusion və hüquqi çərçivələrini tanımır: "Bu "seçkilər" münaqişənin sülh yolu ilə nizamlanması barədə danışıqların əsas çərçivəsinin gedişində Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə zərər yetirməməlidir".
Nəticələr tanınmayacaq
Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri Radoslav Sikorski Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və özünü "Dağlıq Qarabağ" adlandıran heç bir qurumu tanımadıqlarını bəyan edib: "Polşa Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmamasından narahatdır. Polşa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır".
Türkiyə Xarici İşlər Nazirliyinin iyulun 18-də yaydığı bəyanatında da bildirilir ki, bu seçkilər BMT Təhlükəsizlik Şurasının qərarlarının və ATƏT prinsiplərinin açıq şəkildə pozulması, Dağlıq Qarabağda hüquqa zidd mövcud vəziyyəti birtərəfli şəkildə legitimləşdirmə cəhdinin yeni bir təzahürüdür: "Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın bərqərar olmasının qarşısında əsas maneə kimi qalmaqda, region ölkələri arasında yaxın qonşuluq və əməkdaşlığa şərait yaradacaq ab-havaya mane olmaqdadır. Türkiyə Azərbaycanın siyasi birliyinin, suverenliyinin və ərazi bütövlüyünün növbəti dəfə pozulması kimi başa düşülən bu əməli pisləyir. Türkiyə qeyri-legitim saydığı və beynəlxalq hüquq baxımından heç bir qüvvəsi olmayan "prezident seçkiləri"nin nəticələrini tanımayacaq".
Bu oyun heç nəyi dəyişmir
Politoloqlar bu qondarma seçki oyununun gözlənildiyi kimi yekunlaşacağını, eyni zamanda hər zaman olduğu kimi heç kim tərəfindən ciddi qəbul olunmadığını, həmçinin tanınmadığını söyləyiblər. Dağlıq Qarabağ separatçılarının "prezident seçkiləri" keçirmək istəyi sadəcə beynəlxalq aləmə seçki görüntüsü yaratmaq cəhdindən başqa bir şey deyildir.
Ekspertlərin fikrincə, Dağlıq Qarabağdakı qondarma "seçki" Ermənistanda keçirilən seçkilərin davamıdır. Əslində bu "seçki" oyundan başqa bir şey deyil. Ermənistan iqtidarının dəstəklədiyi şəxs guya \"seçilmiş prezident\" kimi ermənilərə sırınacaq. Dağlıq Qarabağda qondarma bir rejimin keçirdiyi seçki oyunları heç nəyi dəyişmir. Bütün bu problemlərin arxasında isə kimlərin və ya hansı dövlətin dayandığını təxmin etmək o qədər də çətin deyil.
Ümumiyyətlə işğal olunmuş ərazilərdə hər hansı bir demokratik seçkinin keçirilməsi imkansızdır. Çünki işğal faktının özü hər hansı bir demokratik davranışın önünü kəsən ən böyük maneədir. Belə olduğu halda demokratiyadan və ya demokratik seçkidən dəm vurmaq tamamilə absurddur. "Qondarma seçkilər" Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalının nəticələrini möhkəmləndirmək məqsədilə təşkil edilsə də bunun hər hansı bir nəticə verəcəyi ehtimalı belə gülüncdür.