Və ya ölkəsinin sərvətlərini talayan prezident
"Bizi kim qorxudub? Bir qrup oğrular və quldurlar dəstəsi. Robert Koçaryan kimdir? O, hazırda respublikamızdan da zəngin bir şəxsdir. Siz bunu bilirsiniz? Serj Sarkisyan da Ermənistandan varlı bir şəxsdir. Siz bilirsiniz? Ermənistan hakimiyyəti öz xalqına qarşı soyqırımı törətməkdə davam edir. Bu haqda Moskva qəzetləri yazırlar. Onlar bu qəzetləri məhkəməyə vermədilər. Ermənistanda isə bu cür məqalələri yazan jurnalistləri məhkəməyə verərdilər. Əgər siz kişisinizsə, Moskvadakıları da məhkəməyə verin". Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan səsləndirdiyi bu fikirlər başında terrorçu rejimin dayandığı ermənilərin aqibətinin acınacaqlı, dözülməz vəziyyətindən xəbər verir.
Şanslı qardaş və kürəkən
Ermənistanın üzləşdiyi problemlərin kökündə ölkədəki mövcud hakimiyyətin korrupsioner və kriminal xarakterli olmasıdır. Ermənistanda əsas iş adamları yalnız yüksək çinli məmurlardır. Ölkənin mövcud reallığı kontekstində hakimiyyətin və biznesin tam qovuşduğunu görmək mümkündür. Bu sistemdə biznesmenlər yalnız yüksək vəzifəli şəxslər olur.
Bütün bunların başında isə şəxsən ölkə prezident Serj Sarkisyan dayanır. Rusiya mətbuatında verilən siyahılara görə,prezident Sarkisyan ona etibarlı olan şəxslər, o cümlədən qardaşı Aleksandr və kürəkəni Mikael Minasyan onlarla müəssisə və şirkəti idarə edir. Kürəkəni M.Minasyan "ArmenAkob" və "Ay TV" teleşirkətlərinin sahibidir.
Hakimiyyətdə vicdanlı insana yer yoxdur
Rusiyanın aparıcı mətbu orqanlarından olan "Versiya" qəzetində dərc edilən "Ermənistan soyğunçuları - prezidentlərin mülkiyyəti" adlı məqalədə qeyd edilir ki, bir çox insanlar düşünə bilər ki, sərvətlərin talan edilməsi dövlət başçısı üçün görünməmiş bir haldır. Amma Ermənistanın sabiq prezidenti Robert Koçaryan, elə indiki prezident Serj Sarkisyan əllərinə düşən fürsətdən lazımınca istifadə ediblər. Faktlar sübut edir ki, hazırda onlar elə korrupsion sistem formalaşdırıblar ki, orada vicdanlı insana yer yoxdur.
Prezident Serj Sarkisyanın doğma qardaşı Aleksandr Sarkisyan deputat olmaqla yanaşı, həm də külli miqdarda var-dövlətə malik iş adamlarından biri kimi tanınır.
Sadə ermənini aldatmaq üçün vasitə
Sarkisyan rejimi ölkədəki maliyyə vəsaiti dövriyyəsi və daxili investisiyaların artmasından bəhs edərək iqtisadi inkişafın olduğunu deyir. Lakin rəqəmlər tam tərsini göstərir.
Rəsmi statistika belə, daxili investisiyalar həcminin son illər fasiləsiz azaldığını etiraf edir, çünki belə rəqəmləri bütün səylərə və saxtalaşdırmalara rəğmən, gizləmək çox çətin, hətta mümkünsüzdür. Hüquqi şəxslərə verilən kreditlərin tam əksəriyyəti, daha doğrusu, təxminən 82 faizi kriminal oliqarxiyanın inhisarında olan iqtisadiyyat və sənaye sahələrindəki şirkətlər, strukturlar və müəssisələrin payına düşür. Bankinq sistemi müstəqil olmadığından kredit faizləri çox yüksəkdir və bankların ayırdıqları maliyyə vəsaitləri faktiki olaraq pulu alan strukturların hansısa konkret layihəni reallaşdırmaları əvəzinə, əksər hallarda mərhələli proqramların icrasına sərf olunur.