\"Azərmarka\"nın fəaliyyətini yüksək qiymətləndirən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, şirkət həyatın bütün sahələrində Azərbaycanın nailiyyətlərini dünya ictimaiyyətinə çatdırır. Poçt markalarından ibarət \"İçərişəhər\" arxitektura abidələrinə, \"Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi\"nə, gömrük muzeyinin eksponatlarına və bu yaxınlarda Bakıda keçirilmiş \"Eurovision-2012\" mahnı müsabiqəsinə həsr olunmuş kitablar böyük maraqla qarşılanır.
Şirkətin beynəlxalq sahədə apardığı işlərdən danışan Əli Abbasov bildirib ki, 20 illik fəaliyyəti dövründə \"Azərmarka\" 30-dan artıq filateliya sərgisində iştirak edib. Azərbaycan markaları beynəlxalq aləmdə özünün layiqli yerini tutub. Eyni zamanda, şirkət Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosu ilə əməkdaşlıq edir.
Tədbirdə çıxış edən Azərpoçt MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Azərbaycan Filatelistlər İttifaqının sədrinin müavini Rövşən Ağayev \"Azərmarka\" şirkətinə uğurlar arzulayıblar.
Mərasimdə Almaniya, Rusiya və Bolqarıstanın nümayəndələri də iştirak ediblər.
Tədbirdə şirkətin fərqlənən əməkdaşlarına fəxri fərman və mükafatlar təqdim olunub.
Sonda \"Azərmarka\"nın 20 illik yubileyinə həsr edilmiş poçt markalarının dövriyyəyə buraxılması ilə bağlı imzalanma mərasimi keçirilib. Sənədi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və \"Azərmarka\" şirkətinin prezidenti İntiqam Bağırov imzalayıblar.