Ermənilər 2008-ci ildən tikintisinə başladıqları Xankəndində yeni aeroportun əsas binasının açılışı ötən il mayın 9-a planlaşdırılsa da, texniki səbəblər bəhanə gətirilərək, açılış qeyri-müəyyən vaxtadək təxirə salındı. Hətta Ermənistan prezidenti Serj Sarkisyan yeni hava limanına enəcək təyyarə reysinin ilk sərnişininin özü olacağını bəyan etsə də, vədinə xilaf çıxdı.
Növbəti həvəs də qursaqda qalıb
Həmin ərəfələrdə rəsmi Bakı isə bəyan etdi ki, işğal altında olan Azərbaycan ərazilərində aeroportun tikintisi və Azərbaycanın icazəsi olmadan Xankəndinə digər ölkələrdən təşkil olunacaq uçuşlar qeyri-qanunidir. Əks halda rəsmi Bakı icazə olmadan Xankəndinə uçan təyyarələrə qarşı fiziki məhvetmə də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan tədbirlər görəcəyini bildirib. Beynəlxalq Mülki Aviasiya Təşkilatı da bu məsələdə Azərbaycanın mövqeyini rəsmən müdafiə edir.
Mülki təyyarələrə qarşı gücdən istifadə etməmək təminatı
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi zonasına ötən həftə etdiyi səfərindən sonra işğal altındakı Azərbaycan ərazilərində, keçmiş Xocalı aeroportunun yaxınlığında ermənilərin inşa etdikləri hava limanı məsələsi ilə bağlı ziddiyyətli vəziyyət yaranıb. Belə ki, həmsədrlərin bölgədə olduğu bir vaxtda Xankəndindəki qondarma erməni rejiminin təmsilçiləri aeroportun uçuşlar üçün hazır olduğu, bu məqsədlə alınan təyyarənin də artıq İrəvana gətirildiyi haqda açıqlama veriblər.
Həmsədrlərin regiona səfərin yekunları ilə bağlı rəsmi bəyanatında Xankəndi hava limanı ilə bağlı məsələyə də yer ayrılır və deyilir ki, həmsədrlər bölgəyə səfər zamanı tərəflərdən mülki hava gəmilərinə qarşı gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək barədə təminat alıblar.
Bütövlükdə bölgədəki proseslərə mənfi təsir göstərəcək
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki,İrəvanla Xankəndi arasında uçuş zolağı yaradılması bütövlükdə bölgədəki proseslərə, o cümədən aparılan danışıqlara mənfi təsir göstərəcək. Belə olan təqdirdə, Azərbaycanın atacağı adekvat addımlar mövcud vəziyyəti başqa müstəviyə daşıya bilər.
Qondarma Dağlıq Qarabağ respublikasının mülki aviasiya idarəsinin rəhbəri Dmitri Adbaşyan Xankəndi aeroportu üçün alınmış təyyarənin artıq İrəvanın \"Zvartnots\" aeroportunda olduğunu bildirib. Onun sözlərinə görə, aeroport uçuşları təşkil etməyə tam hazırdır, təyyarə heyəti də seçilib və hazırlıq keçib.
Öz yalanlarına özləri də inanmır
Ekspertlərin sözlərinə görə, təyyarənin İrəvandan Xankəndinə uçacağı ilə bağlı informasiya ermənilərin növbəti cəfəngiyatdır.
Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən Dağlıq Qarabağda yerləşən aviasiya obyektlərini tanımaması ilə bağlı bəyanat var, bu baxımdan Xankəndinə erməni təyyarəsinin uçması da real deyil.
Ekspertlərin sözlərinə görə, bu uçuşların nə gələcəkdə, nə də indi reallaşması imkansızdır. Tamamilə əsassız, reallığa söykənməyən bəyanatlardır. Hətta ermənilər özləri də İrəvandan Xankəndinə uçmaq planlarının qeyri-real olduğunu anlayır.