Rumıniyanın Herculane şəhərində Gənclər Fəaliyyətdə (Youth in Action) proqramı çərçivəsində "Avropa Könüllülük Xidməti: mövcud problemlər və onların həlli yolları" mövzusunda tədbir keçirilib. SİA qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanı "İRƏLİ" İctimai Birliyinin İdarə Heyətinin üzvü Zaur Axundov təmsil edib.
Layihədə Danimarka, Moldova, Rusiya, Rumıniya, Makedoniya, Türkiyə və digər ölkələrdən olan gənclər bir həftə ərzində bütün bilik və bacarıqlarını ortaya qoyaraq könüllülük xidmətinin müxtəlif ölkələrdə yaratdığı problemləri və onların həlli yollarını müzakirə ediblər. Eyni zamanda hər bir ölkəni təmsil edən iştirakçı bu sahədə olan təcrübəsini digər iştirakçılarla bölüşüb.
Layihə çərçivəsində iştirakçılar Herculane şəhər İcra başçısı Nicuşor Vasilescu ilə görüşüblər. Gənclərlə fikir mübadiləsi zamanı icra başçısı dövlət orqanlarının bu cür layihələrə cəlb edilməsinin vacibliyini qeyd edərək gənclərə düzgün əlaqələrin qurulmasının bildirib.
Tədbir çərçivəsində iştirakçılar təmsil etdikləri ölkələrin təqdimatını keçiriblər. İştirakçılara ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənəsi, musiqisi ilə bağlı məlumatlar çatdırılıb. Eyni zamanda gənclərə "İRƏLİ"nin yaranma tarixi, fəaliyyət istiqamətləri, layihələri barədə ətraflı məlumat verilib.