Real qərarların qəbulu mərhələsinə keçməyə kömək edəcək "açar" isə ortalıqda yoxdur
ATƏT-in baş katibi Lamberto Zanyerin, həmçinin Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri bu həftə Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələrin aparılması baxımından canlanma olacağı proqnozlaşdırılır.
Həmsədrlərlə fikir mübadiləsi
ATƏT rəhbərindən sonra, Azərbaycan prezidenti İlham Əliyev iyulun 10-da həmsədrlər Robert Bradtke, İqor Popov, Jak Foru və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikini qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezidentlər və vaxt görüşəcək?
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti ilə görüşün çox konstruktiv keçdiyini deyib. O qeyd edib ki, həmsədrlər sabah qoşunların təmas xəttinin Azərbaycan tərəfdən keçərək Qarabağa gedəcəklər: "Təmas xəttini keçmək praktikasını davam etdirmək çox vacibdir. Bu, atəşkəs rejiminin qorunub saxlanmasının vacibliyini ortaya qoyur. Təmas xətti bu regionun insanlarını daim ayıran xətt olmamalıdır".
Gülməli təklif
ATƏT rəhbəri Lamberto Zanyer isə təmas xəttində və sərhəddə insidentlərin baş verməsindən narahatlığını dilə gətirib: "Biz ATƏT-in monitorinq rolunun gücləndirilməsini təklif edirik. Bu baxımdan snayperlərin təmas xəttindən çıxarılmasını, eləcə də bir neçə etimadın artırılması tədbirlərini təklif etmişik. Prezidentlərin görüşündə bu təkliflər razılaşdırılıb və onların icrasına başlanılmalıdır.
Münaqişənin həlli məqsədilə yaradılan və 20 ildən artıq bir müddətdə cüzi də olsa irəliləyiş əldə etməyən quruma rəsmi Bakının cavabı çox sərt olub. Xarici işlər naziri E. Məmmədyarov bildirib ki, gəlib Azərbaycana gah təmas xəttindən snayperlərin çıxarılmasını, gah da hansısa mexanizmləri təklif etmək gülməli görünür: "Problem mexanizmlərdə yox, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş torpaqlarında olmasındadır. Əgər o qoşunlar oradan çıxsa, həm insident, həm də mexanizm problemləri həll olunacaq. Bu Azərbaycanın mövqeyidir və biz onun üzərində dayanacağıq".
Açar haradadır?
ATƏT-in baş katibinin Bakıya səfərini dəyərləndirən "Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyinin baş redaktoru, politoloq Aleksey Vlasov bildirib ki, bu görüşlərdən böyük ümidlər gözləmək yersizdir: "Prinsip etibarilə, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ritorikası hamıya yaxşı məlumdur. Eynilə bu cür ləngimiş münaqişənin nizamlanmasının perspektivləri məsələsində tərəflərin mövqeləri də məlumdur. Zanyerin özünün jurnalistlərlə təmasının ictimai hissəsində iki əsas tezislə kifayətləndi: birincisi, Dağlıq Qarabağ münaqişəsi region üçün böyük təhlükədir, ikincisi, münaqişənin həllində danışıqlar yeganə yoldur. O hesab edir ki, Azərbaycan tərəfi də adət edilmiş adi qaydada çıxış etdi, ən azı brifinq vaxtı xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən prinsipial olaraq hansısa yeni bir ritorika səslənmədi.
Vlasovun sözlərinə görə, bir halda ki, 90-cı illərin ortalarında atəşkəs haqqında sazişin imzalanmasından keçən müddət ərzində dondurulmuş adlandırılan münaqişələrin həllində minimal irəliləyişlər baş verməyib, təkcə bu şəraitin özü ATƏT-in formatında vasitəçilik missiyasının perspektivlərində rəsmi Bakının məyusluğunu göstərir: "Vasitəçilərin nümayəndələrinə dialoqun \"yaxşı ki, danışırıq, vuruşmuruq\" mərhələsindən real qərarların qəbulu mərhələsinə keçməyə kömək edəcək açar haradadır? Əfsus ki, realist olmaq və hazırda \"möcüzəli resept\"in olmadığını etiraf etmək lazımdır. Cənab Zanyerin Cənubi Qafqaz səfərinin hansı diplomatik ifadələrlə göstərilməsinə baxmayaraq, əslində, onu təkcə pis sülh və yaxşı dava haqqında atalar sözünə yaxınlaşdırmaq olar\".