"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyevin ABŞ-a səfəri yekunlaşıb. SİA-nın xəbərinə görə, ABŞ Dövlət Departamenti xətti ilə həyata keçirilən 3 həftəlik IVLP proqramı iştirakçısı
olan "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev səfər boyunca Vaşinqton, Filadelfiya,
Nyu-York, San Fransisko və s. şəhərlərdə olub, Senat və Konqres, Ali Məhkəmə, Dövlət
Departamenti, Pew Araşdırma Mərkəzi, Corctaun Universiteti, qeyri-hökumət təşkilatları
nümayəndələri ilə müxtəlif səpkili görüşlərdə iştirak edib.
Görüşlər zamanı qarşıdan gələn seçkilər, ABŞ-ın daxili və xarici siyasətinin əsas istiqamətləri, Avropa-ABŞ münasibətləri, enerji təhlükəsizliyi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Vaşinqtonda olduğu müddətdə Rauf Mərdiyev Azərbaycanın ABŞ-dakı Fövqəladə və Səlahiyyətli səfiri Elin Süleymanov və Azərbaycan icmasının nümayəndələri ilə görüşüb. Rauf Mərdiyev eyni zamanda respublikaçılar və demokrat partiyalarının qərərgahlarında
görüşlər keçirib, qarşıdan gələn seçkilər və seçkiqabağı kampaniya hazırlıqları ilə tanış olub.
Səfər müddətində ABŞ gündəmində olan qanunsuz immiqrasiya, həyat sığortası proqramı, büdcə kəsri və daxili borc mövzuları ətrafında müzakirələr aparılıb. Proqramın sonunda ABŞ Dövlət Departamenti tərəfindən Rauf Mərdiyev diplomla təltif olunub.
Qeyd edək ki, IVLP ABŞ Dövlət Departamenti tərəfindən 1940-cı ildən başlayaraq həyata keçirilən peşəkar mübadilə proqramıdır. Proqramın məqsədi digər ölkələrin liderlərinin ABŞ-la tanışlığı və tərəflər arasında qarşılıqlı anlaşmanın əldə olunmasıdır.