Dünyanı, xüsusən də Avropa ölkələrini cənginə almış durğunluq mərhələsi Qərbin bir sıra dairələrində kapitalizmin böhranı kimi qiymətləndirilməkdədir. Hazırda köhnə qitənin aparıcı ictimaiyyətini düşündürən mövcud situasiyadan çıxmaq üçün alternativ yolların olub-olmamasıdır. Maraqlıdır ki, bu düşüncələr buralğanında Avropanın ictimai rəyi keçmişə qayıdır, XIX əsrə baş vurur. Bəli, söhbət elmin kommunizmin banilərinin baxışlarına üz tutulmasından gedir. Doğrudur, məsələyə ehtiyatlı yanaşılır. Məsələn, nüfuzlu "Qardian" qəzetinin siyasi şərhçisi Stüart Ceffrizin müşahidəsinə və yazdığına görə, Karl Marks dəbə düşür və bir Allaha bəllidir ki, bu, nə ilə nəticələnəcək.
Düz 164 il əvvəl Marks və Fridrix Engels "Kommunist partiyasının manifesti"ni yazmışdılar. İndi isə normal ölkələrdə proletariat kapitalizmin qəbirqazanı olmaqdansa, onu süni şəkildə həyatda saxlayır. Dünyanın müxtəlif ölkələrində hədsiz iş ilə yüklənmiş, sosialist inqilabından azad olduğu bildirilən adamlar çox cüzi əmək haqqı ilə işləyirlər ki, Qərbdəkilər hər cür aypədlərlə əylənsinlər?
Ən çox işləyənlər isə çinlilərdir və hazırda dünya bazarı əsasən onların məhsulları hesabına ayaqdadır. Bir çox siyasi analitiklər isə belə fikir irəli sürürlər ki, Amerika hazırda məhz Çinin pulunun hesabına yaşayır, əks halda çoxdan müflis olmuşdu. Bu mənada Paris Universitetinin fəlsəfə professoru Jan Ransyer doğru olaraq vurğulayır ki, kapitalizmin bütün dünyadakı ağalığı özünün mövcudluğuna görə Çin Kommunist Partiyasına borcludur. Əlbəttə, deyimdə uzun müddət Qərb cəmiyyətinə sırıdılmış mənəvi-psixoloji amillərin də rolu böyükdür.
Qeyd edək ki, 2008-ci ildən başlayaraq elmi kommunizm banilərinin "Kapital", "Kommunist partiyasının manifesti" və "Siyasi iqtisadiyyatın əsas əlamətlərinin tənqidi" kimi əsərlərinin satışı geniş vüsət almaqdadır. "Qardian"ın şərhçisi S.Ceffrizin bildirdiyinə görə, Almaniyanın Hemniç şəhərindəki bankların müştəriləri plastik kartlarının üzərinə Karl Marksın şəklini vurublar.
Britaniya Sosialist Partiyası tərəfindən hər il düzənlənən marksist festivalının təşkilatçısı Cozef Çunara hər il tədbirin daha çox gəncləri öz ətrafında birləşdirdiyini önə çəkir. Çunaranın fikrincə, xüsusən də gənclər arasında marksizmə marağın dirçəlməsi nəzəriyyənin kapitalizmin və hazırda köhnə qitəni cənginə almış böhranlı vəziyyətlərin təhlili üçün xüsusi alətlər verməsi ilə əlaqədardır. Avropanın yeni nəsli heç də Frensis Fukuyamanın 1992-ci ildə qələmə aldığı "Tarixin sonu" əsərinin təsiri altında deyil. Qərb gəncliyi kapitalizmin triumfu baxışının gətirdiyi eyforiya hissindən də uzaqdır. Artıq quruluşu mübahisələndirmək meylləri var. Həmin meyllər kifayət qədər möhkəm və inadcıldır. Bu mənada 22 yaşlı marksist Casvinder Blekuel-Pelin "Qardian" şərhçisinə Misir inqilabı barədə açıqladıqları maraq doğurmaya bilməz. "O qədər stereotiplər sındırıldı ki… Hesab edilirdi ki, müsəlman aləmində demokratiya üçün mübarizə aparanlar olmayacaq. Ölkədə inqilab proses kimi reabilitasiya olundu, amma hadisə kimi bu, baş vermədi… bu hadisələr təşkilatlanmanın necə vacib olduğunu bir daha göstərdi". Söhbət Böyük Britaniyadan düşəndə isə gənc marksist "bizdə çox zəif dövlət var. Kifayət qədər çirkaba batıb. Hesab edirəm ki, biz lazımi qaydada təşkilatlansaq, onu istefaya göndərə bilərik".
Britaniya yeni solçularının daha bir nümayəndəsi 27 yaşlı Ouen Consun fikrincə isə, ölkədə qanlı inqilab olmayacaq. Amma fəhlə adamların elə onların özləri üçün nəzərdə tutulan cəmiyyətləri yaranacaq.
Sonda Ceffriz belə qənaətə gəlir ki, Qərbdə marksizmin dərkində başlıca üstünlük ondadır ki,nəzəriyyə beyinlərdə heç də Stalinin dəhşətli dustaq düşərgələri və repressiyaları ilə assosiasiya olunmur. Amma solçuları tənqid edən zaman məhz Stalin totalitarizminin apologiyasına istinad tendensiyası mühüm mövqe tutur: "Niyəsə Marks və Engelsə dayanaraq kapitalizmi tənqid edərkən mütləq belə anlaşılır ki, siz insanların kütləvi şəkildə qətlə yetirildiyi quruluşun müdafiəçisisiniz. Axı "Kommunist partiyasının manifesti"ndə "QULAQ" (1934-1960-cı illlərdə keçmiş SSRİ-də mövcud olmuş islah-əmək koloniyası. Bu müddət ərzində təkcə orada 1,5 milyondan çox adamın öldüyü bildirilir) yoxdur"./168.az/