İlham Əliyev: "Bizi birləşdirən Xəzər dənizi dostluq və əməkdaşlıq dənizidir"
Xəzər dənizini Avropa və Asiyanın sərhədində yerləşən, Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran dövlətlərinin ərazisi ilə əhatə olunmuş dünyada ən böyük qapalı su hövzəsi də adlandırırlar.
Xəzərdən yeni istifadə
Ötən əsrin 90-cı illərdə baş vermiş ictimai-siyasi proseslər dünyanın ən böyük gölü statusunu da daşıyan Xəzərin tarixində əsaslı dönüş yaradıb. Əvvəllər keçmiş SSRİ-nin İranla bağladığı müxtəlif müqavilələr qanuni qüvvəsini itirib. Artıq regionda beş müstəqil dövlətin mövcudluğu, onların xarici siyasətində "Xəzərdən yeni istifadəni" meydana çıxarıb və bu, beynəlxalq əhəmiyyətli mövzuya çevrilib.
SSRİ-nin dağılması ilə uzun illərdir ətrafında sakitlik hökm sürən Xəzər dənizi yeni bir mübahisə obyektinə çevrilib. Bu mübahisə birbaşa Xəzər dənizinin statusu ilə bağlı idi. Məsələ uzun müddətdir ki, öz həllini tapmasa da, bu istiqamətdə yüksək səviyyəli danışıqlar davam etdirilir.
Bakıda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşündə çıxışı zamanı prezident İlham Əliyev belə deyib: "Bizi birləşdirən Xəzər dənizi dostluq və əməkdaşlıq dənizidir. Əminəm ki, bu zirvə görüşü Xəzərdə təhlükəsizliyin təmin olunması üçün mühüm addım olacaq. Xəzərin hüquqi statusunun müəyyən edilməsi üçün mühüm işlər görülüb. Ümidvaram ki, gələcəkdə bu istiqamətdə praktiki nəticələr əldə olunacaq".
Prezident İlham Əliyev əlavə edib ki, indiyə qədər Xəzərin hüquqi statusunun müəyyən edilməməsi Xəzəryanı ölkələrin dostluq münasibətlərinə təsir etmir
Dövlətlərin mövqeyi necədir?
Rusiya tərəfi Xəzər dənizinə və onun təbii ehtiyatlarına münasibətdə müstəsna hüquqlara yalnız Xəzəryanı dövlətlərin öz işi olması mövqeyindən çıxış edir. Xəzər dənizinin dibinin bölünməsi və istifadəsi ilə əlaqədar isə, "dibini bölürük - su ümumidir" prinsipini irəli sürür.
İran Xəzəryanı dövlətlərin Xəzərə bərabər hüquqlarının olduğunu bildirir. İran tərəfi mövqeyinin digər dörd Xəzəryanı dövlətlərin mövqeyindən fərqləndiyini və onlar arasında dəstəklənməməsini dərk edərək alternativ variant kimi Xəzər dənizinin ədalətlilik prinsipinə əsasən beş bərabər hissəyə bölməklə 20 faizlik bölgü ideyası ilə də çıxış edir. Eyni zamanda İran tərəfi danışıqlar zamanı "mübahisəli yataqlar"ın birgə istismarını təklif edir.
Qazaxıstanın mövqeyinin əsası Xəzər dənizinə BMT-nin dəniz hüququ haqqında 1982-ci il Konvensiyasının bir sıra müddəalarının zəruri dəyişikliklərlə tətbiq edilməsindən ibarətdir. Əsas mövqeyi dəniz dibinin orta xətt üzrə sektorlara bölünməsi və burada hər bir dövlətin təbii resurslar üzərində suveren hüquqlarının tanınmasıdır.
Türkmənistan tərəfi Xəzər dənizinin tam və eyni vaxtda həm dibinin, həm də su hövzəsinin milli sektorlara bölünməsi mövqeyindən çıxış edir. Həmçinin, Türkmənistan tərəfi artıq İranın tutduğu bərabər paylara bölünmə mövqeyindən uzaqlaşıb və orta xətt üzrə sektorlara bölunmə mövqeyini dəstəkləyir.
Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması məsələsinə mərhələlərlə irəliləməyin tərəfdarı olan Azərbaycanın mövqeyi beynəlxalq hüququn ümumtanınmış prinsipləri, sahilyanı dövlətlər arasında orta xətt prinsipi üzrə sektorlara bölünməyə və bölgü əsasında yaranmış sektorlarda sahilyanı dövlətlərin dənizin dibindəki mineral ehtiyatlara və digər hüquqa uyğun təsərrüfat-iqtisadi fəaliyyətə münasibətdə müstəsna hüquqlarının tanınmasına əsaslanır.
Maraqlar toqquşur
Ekspertlərin fikrincə, Xəzərin hüquqi statusu məsələsinin həllinə əsas mane olan tərəf İrandır. Rusiya bu məsələlərdə sərt mövqe nümayiş etdirmir. 2008-ci ildə Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzərin dibinin bölünməsi ilə bağlı müqavilə imzalanıb. Bu müqavilədə Xəzərin səthi və hər kəsə aid olan akvatoriyası qəbul edilib. İran isə ümumiyyətlə, Xəzərin statusunun bilinməsi və hər dövlətə nə qədər sahənin düşməsi haqqında tamamilə absurd bir ideya yayıb. İran göstərir ki, Xəzərin suları beş dövlət arasında hamıya 20 faiz olmaqla bərabər sürətdə bölünmür. Halbuki dünya praktikasında ən ədalətli bölgü hər bir dövlətin sahilindən çıxan xətlərlə ortasından keçən xəttin birləşdirici nöqtələri bu dövlətin hesab olunur. İran bununla razılaşmır. Belə olan təqdirdə İrana Xəzərin 10-14 faizi düşür.
Türkmənistan əvvəlcə İranın mövqeyini müdafiə edirdi. Türkmənbaşı vəfat etdikdən sonra onun yerinə gələn Qurbanqulu Berdiməhəmmədov daha dəqiq və praqmatik istiqamət həyata keçirməyə başlayıb. Artıq Türkmənbaşı dövründə qaldırılan iddiaların bəzilərindən imtina edilib. Yəni, Türkmənistan, Qazaxıstan və Azərbaycan bu məsələdə ortaq mövqe nümayiş etdirirlər. Rusiya əvvəllər bu məsələdə Azərbaycan və Qazaxıstanın mövqeyi ilə razılaşsa da, son dövrlərdə baş verən İran hadisələri ilə bağlı mövqeyini dəyişib.
Rusiyanın da mövqe dəyişikliyinə əsas səbəb ilk növbədə Türkmənistan qazını Avropaya ötürəcək Trans-Xəzər qaz kəmərinin çəkilişi ilə əlaqədardır. Avropa İttifaqı bu məsələdə Türkmənistanı dəstəkləyir.
Rusiyanın Xəzər əməkdaşlığı sahəsində yaxın müttəfiqi
Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində İran prezidenti Mahmud Əhmədinejadla görüşü zamanı xatırladıb ki, Xəzərin hüquqi statusu hələlik tam həll edilməyib. Xəzəryanı ölkələr qədər heç bir dövlət bu problemin həll olunmasında maraqlı ola bilməz. İranı "ənənəvi tərəfdaş" adlandıran Putin bu ölkəni Xəzər əməkdaşlığı sahəsində yaxın müttəfiq olduğunu vurğulayıb.
İran prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə isə deyib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsində ədalət prinsipi qorunmalıdır və İran dənizin hüquqi statusu məsələsində öz haqqından geri çəkilməyəcək.
Problemi dalana dirəyən kimlərdir?
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Xəzərin hüquqi statusunun yaxın 2-3 il ərzində müəyyən edilməyəcəyinin inandırıcı olmadığını deyib: "Buna səbəb Rusiyanın və İranın tutduğu mövqedir. Hazırda Xəzər dənizinin hüquqi statusu ilə bağlı heç bir razılıq əldə olunmayıb. Xəzər dənizinin hüquqi statusu ilə bağlı 5 dövlət arasında razılığa gəlinməməsində bəzi problemlər var. Bu problemi ən çox yaradan Rusiya və İrandır. Hazırda İran dövləti Xəzərin statusuna dair ciddi iradlar irəli sürür. İranın bu fikirlərinə Rusiya da dəstək olur".