ABŞ Azərbaycanı siyahıdan çıxarır?-TƏHLİL

3 İyul 2012 16:00 (UTC+04:00)

Araz Əzimov: "Əgər məlumat təsdiqlənərsə, Azərbaycanın buna cavabı sərt olacaq"

Amerika Birləşmiş Ştatlarının Azərbaycana silah satışını dayandırması haqda xəbər yayılıb. Rəsmi Vaşinqton isə bunu Azərbaycanın həmin silahdan Ermənistana qarşı istifadə edəcəyi ilə əsaslandırır.

Məsələni gündəmə kim gətirib?

Yayılan məlumatlarda bildirilir ki, ABŞ-ın Dövlət Departamenti Amerika hərbi texnikasının satılacağı ölkələr siyahısından Azərbaycanın adını çıxarıb və Azərbaycana hərbi helikopter istehsalı üçün lazım olan hissələrin satışından imtina edib.

Demokratlar Partiyasının Xarici Əlaqələr Palatasındakı nümayəndəsi, ermənipərəst Harvard Bermanın Konqresə ünvanladığı narahatlığından sonra bu məsələ gündəmə gəlib. Konqresmen ABŞ dövlət katibi Hillari Klintona ünvanladığı məktubda bildirib ki, əldə olunan bu silahlardan Azərbaycan Ermənistana və Dağlıq Qarabağa qarşı istifadə edə bilər.

Ermənilərin yəhudi lideri

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində demokratların rəhbəri Hovard Bermanın ermənilərə çox ciddi bağlarının olduğu çoxdan məlumdur. ABŞ Konqresində Kaliforniya ştatının 28-ci dairəsini təmsil edən Hovard Berman ABŞ-dakı erməni diasporunun güclü dəstəkçisidir. O, konqresdə erməni diasporunun fəaliyyətini koordinasiya edən bir siyasətçidir. Erməni diasporunun siyasi, biznes, təhsil, mədəniyyət sahəsindəki nümayəndələri ilə sıx əlaqələrə malikdir. H.Bermanı ABŞ-dakı erməni diasporuna ciddi maliyyə bağları da bağlayır. Belə ki, o, özünün son seçki kampaniyasında erməni lobbisinin "Peter Musurlian of Globalist Films" şirkəti vasitəsilə idarə edib.

Bu şəxs milliyyətcə yəhudi olduğundan, İsraillə bağlı məsələlərdə də öz köməkliyini əsirgəmir. Lakin 2009-dan öncəki illərdə yəhudi lobbisi Türkiyəni "soyqırımı" məsələsində dəstəklədiyi zamanda da, H.Berman "erməni soyqırımı"nın tanınması lehinə səs vermişdi.

Yəni o, yəhudi olsa da, prinsipial məqamda yəhudilərin və ya ermənilərin xeyrinə seçim etmək lazım gələndə ikincilərə üstünlük verib.

Bu "fəaliyyətinin" nəticəsi olaraq 2011-ci ildə Ermənistanın müstəqillik qazanmasının 20 illiyi münasibətilə ABŞ Konqresinin binasında (Kapitol) keçirilən tədbirdə H.Berman Ermənistan Respublikasının "Mkhitar Gosh" medalı ilə təltif edilib.

Bütün bunları nəzərə alan erməni mətbuatı onu çox vaxt "erməni məsələsində lider" kimi qələmə verir.

Silah ixracı, yoxsa diplomatik yardım

Vaşinqtonda xarici siyasət şurasının baş əməkdaşı Ueyn Meri ABŞ-ın son üç administrasiyasının riayət etdiyi – Qafqazda münaqişə bölgələrinə ölümcül silahlar ixrac etməmək qərarını xatırladır.

"Bu səbəbdən ABŞ nə Azərbaycana, nə Ermənistana silah satmır və hər iki ölkə ilə hərbi sahədə əməkdaşlıq NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində digər sahələri əhatə edir", deyə Meri bildirib.

Meri qeyd edib ki, Azərbaycan və Ermənistan məsələsində hökumətin siyasəti silah ixracı ilə münaqişədə iştirak etməməkdən, diplomatik yardım göstərməkdən ibarətdir: "Xarici ölkələrə hərbi ixraclar ABŞ qanunları ilə tənzimlənir və Dövlət Departamenti və Pentaqon tərəfindən təqdir edilməli, ABŞ-ın siyasətinə və maraqlarına cavab verməlidir".

ABŞ-ın bu ölkəyə yardımı digərlərindən çoxdur

Digər hərbi ekspert, ABŞ Milli Hərbi Kollecinin əməkdaşı olan Con Çiki vəziyyətə daha müfəssəl aydınlıq gətirib: "Böyük ehtimalla Azərbaycanın silah əldə edə bilməməsinin bir səbəbi var. Bu, Konqresin Azadlığa Dəstək Aktına 907 saylı düzəlişidir. 1992-ci ilin sonlarında qəbul edilən bu düzəliş Azərbaycana silah satışını qadağan edib. Bu məhdudiyyəti yalnız Konqres özü qaldıra bilər.Məlum olduğu kimi, 2002-ci ildə 907-ci düzəliş ləğv olunub, amma bəzi şərtlərlə.

Belə ki, ABŞ prezidenti aşağıdakı hallarda 907-ci düzəlişi aşağıdakı hallarda nəzərə almaya bilər: bu, beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ın səylərini dəstəkləmək üçün; ABŞ və terrorizmə qarşı mübarizədə koalisiya tərəfdaşlarının silahlı qüvvələrinin dəstəklənməsi üçün lazımdırsa; Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacibdirsə; Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlara ziyan vurmursa; Ermənistana qarşı bundan istifadə olunmayacaqsa".

ABŞ imtina etdiyi üçün Azərbaycanın Rusiyadan silah alması məsələsinə də toxunan ekspert bildirib ki, ABŞ-ın hərbi əməkdaşlığı əsasən NATO-nun Əfqanıstandakı missiyasında iştirak edən ölkələrə dəstəklə bağlıdır: "Hər üç Cənubi Qafqaz ölkəsinin orada kontingenti var. Gürcüstan kontingenti ən böyüyüdür, buna görə də ABŞ-ın bu ölkəyə yardımı digərlərindən çoxdur.

Azərbaycanın başqa ölkələrdən silah almasına gəlincə, o, suveren ölkədir və kimdən hansı silahları alacağına özü qərar verə bilər".


Amerikanın köhnə siyasəti

Politoloqların fikrincə, Dövlət Departamentinin bu addımı seçkiqabağı erməni lobbisinin dəstəyini qazanmaq məqsədi ilə atılıb və çox güman ki, müvəqqəti xarakter daşıyır.

Amerikanın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza isə bildirir ki, bu kimi siyasəti yürüdərək Amerika sadəcə regionda sakitliyi təmin etməyə çalışır: "Bu əslində Amerikanın köhnə siyasətidir. Yəni, Amerika hökuməti hesab edir ki, nə Azərbaycana, nə də Ermənistana silah satmasın və Amerika silahı regiondakı gərginlikdə katalizator rolunu oynamasın. Bu qərar təkcə Azərbaycana aid deyil. Amerika həmçinin Ermənistana qarşı belə qərar qəbul edib".

Məlumatların heç bir əsası yoxdur

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mətbuata açıqlamasında ABŞ-ın Azərbaycana silah satışını dayandırması barədə xəbərlərin əsası olmadığını deyib: "Ümumiyyətlə, ABŞ Azərbaycana heç vaxt silah satmayıb. Azərbaycan da heç vaxt ABŞ-dan silah almaq təşəbbüsündə olmayıb. Ona görə də belə məlumatların heç bir əsası yoxdur".

Ə. Həsənovun sözlərinə görə, bu informasiya anti-Azərbaycan qüvvələri tərəfindən təxribat məqsədi ilə ortaya atılıb: "Məqsəd Azərbaycan ictimaiyyətində ABŞ-a qarşı mənfi rəy formalaşdırmaq, ölkələr arasında münasibətlərə xələl gətirməkdir. Bu cür təxribat xarakterli xəbərlərin yayılmasının arxasında Amerika Erməni Milli Komitəsi və onların himayə etdiyi informasiya strukturları dayanır".

Bu qərar təhlükəsizlik sazişinə ziddir

Xarici işlər nazirinin müavini Araz Əzimov isə mətbuata açıqlamasında bildirib ki, artıq Xarici İşlər Nazirliyi Dövlət Departamentinə məlumatla bağlı sorğu göndərib. Amma hələ ki, sorğuya cavab verilməyib: "Əgər məlumat təsdiqlənərsə, Azərbaycanın buna cavabı sərt olacaq. Çünki Birləşmiş Ştatların bu qərarı Azərbaycanla Amerika arasındakı təhlükəsizlik sazişinə ziddir".