Milli Məclisin deputatı Lixtenşteyn şahzadəsi ilə görüşüb

2 İyul 2012 16:17 (UTC+04:00)

Millət vəkili Qənirə Paşayeva Lixtenşteyn şahzadəsi Rose Marie, İsveç kraliçasının Mentor Fondunun İcraçı direktoru şahzadə Silviya, UNESCO-nun Broadband komissarı, İsgəndəriyyə kitabxanasının himayədarlar şurasının üzvü səfir Valter Füst və Liviyanın insan haqları müdafiəçisi Farida Aliakishi ilə görüşüb.


SİA-nın verdiyi məlumata görə, görüşdə millət vəkili qonaqlara Azərbaycanda aparılan iqtisadi islahatlar, qanunvericilik sahəsində görülən işlər barədə məlumat verib. Qonaqlar ilk dəfə Bakıya səfər etmələrindən və şəhərdə aparılan abadlıq-quruculuq işlərindən məmnunluqlarını ifadə etdilər.


Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ilə bağlı fikir mübadiləsi də aparılıb.


Millət vəkili Qənirə Paşayeva Şimali Kipr Türk Cümhuriyyətinin Parlamentinin üzvləri Afet Özcafer və Sibel Siber ilə də görüşüb. Dost, qardaş ölkənin millət vəkillərini Bakıda görməkdən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycanın qardaş, dost Şimali Kipr Türk Respublikası ilə bütün sahələrdə və istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafına böyük önəm verdiyini və bu əməkdaşlığın daha da genişləndiyini qeyd edib. Qənirə Paşayeva KKTC-nin uğurlarına dost, qardaş Azərbaycanın hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü deyib və Azərbaycan xalqının ürəyinin hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanında olduğunu bildirib. Dəfələrlə Şimali Kipr Türk Cümhuriyyətinə səfər etdiyini, oradakı insanımız, onun tarixi, bu günü, yaşadığı ağır faciələr, ədalətli mücadiləsi ilə bağlı məqalələr, kitablar yazdığını vurğulayan millət vəkili Qənirə Paşayeva əlaqələrin və əməkdaşlığın artmasının sevindirici bir hadisə olduğunu bildirib və ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inandığını bildirib. Q.Paşayeva KKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il surətlə artmasını müsbət hadisə olduğunu qeyd edib.


Şimali Kipr Türk Cümhuriyyəti Parlamentinin nümayəndə heyəti Azərbaycana səfər etməsindən məmnunluğunu və özlərini vətənlərində hiss etdiklərini bildiriblər. Qonaqlar qardaş, dost Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafına böyük önəm verdiklərini və əməkdaşlığın getdikcə daha da atması üçün səyləri daha da gücləndirəcəklərini deyib. Azərbaycanı qardaş ölkə adlandıran millət vəkilləri Azərbaycanı sevdiklərini bildiriblər. Millət vəkili Qənirə Paşayeva və Şimal Kipr Türk Cümhuriyyətinin millət vəkilləri Afet Özcafer və Sibel Siber qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıblar.