Cəmaləddin Quliyev,
"Paritet" qəzetinin baş redaktoru
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" kitabından bir fəslin AzərTAc tərəfindən yayımlanması gözlənildiyi kimi geniş müzakirələrə yol açıb. Hərçənd uzun illərin elmi axtarışlarının və praktiki dövlətçilik təcrübəsinin nəticəsində hasil olan qənaətlər ətrafında geniş polemika açılmasını lüzumsuz sayır və hesab edirik ki, bu kitab vətəndaşı olduğumuz ölkənin və mənsub olduğumuz etnosun çıxdığı istiqlal yolunda strateji hədəfləri, ucalıqları bəlirləyən, mayak -yolgöstərici qismində qəbul edilməli əsərdir və klassiklərimizin sevdiyi ifadəni caizi- təbir bilsək-müzakirə təriqilə çap olunmur, amma görünür, müəyyən müzakirlərin getməsi qaçılmazdır. Belə müzakirələrin elm və siyasət adamları tərəfindən aparılması hətta təqdirəlayiqdir də. Nə birincilərdən, nə də ikincilərdən olmadığımızdan adətən belə müzakirələrə qatılmır, sadacə icmal və xülasələri dərc etməklə kifayətlənirik. Amma yazılardan biri-sayğılı həmkarımız Bahəddin Həziyevin "Akademik Ramiz Mehdiyevin əsərindəki bəzi mühüm məqamların şərhinə cəhd"i haqda qeydlərimi bölüşmək qərarına gəldim.
Əvvələn, ona görə ki, o, həmkarımızdır, hazırda özünü siyasət və elm adamları cərgəsinə aid etmir. Amma yetərincə intellektual yükü olan, eyni zamanda çoxillik müşahidələrimdən gəldiyim qənaətə görə, peşə əxlaqına və peşəkar mədəniyyətinə malik olan biridir. Demək, bu qeydləri çək-çevirə salmayacağına, başqa istiqamətlərə yozmayacağına ümid edə bilərik.
İkincisi, ona görə ki, dəyərli həmkarımız şərhlərinin girişində əsərin "bəzi mühüm məqamlarını" "öz dilimizdən öz dilimizə tərcümə" etdiyini yazır, yəni şərhçi kimi çıxış etmir, geniş oxucu kütləsi üçün tərcümanlıq missiyasına çiyin verir. Yanılmıramsa, hörmətli həmkarımız jurnalistika ilə məşğul olmazdan əvvəl Tərcümə Mərkəzində çalışıb. Ola da bilsin ki, əzəlki peşəsi həmkarımız üçün öz cazibəsini hələ də hifz eləməyindədir. Diplom ixtisasıma görə, mən də ərəbşünas və tərcüməçi olduğumdan, üstəlik, jurnalistikadan əvvəl müəyyən qədər tərcümə sənətiylə məşğul olduğumdan, elə indi də asudə vaxtımı idmanla deyil, tərcümə ilə keçirdiyimdən mütərcimliyi özümə yaxın bir iş sayıram. Əlimə düşəndə dilimizə çevrilmiş əsərlərdə tərcümə qüsurları tapmaqdan, yaxud da mütərcimin peşəkarlığına heyran olmaqdan da qalmıram. Məsələn, tərcümə adıyla Paulo Koelyonun "Kimyagər"inin , Orxan Pamukun "Qar"ının başına açılan oyundan dəhşətə gəldiyim kimi, 80-ci illərin sonunda İshaq Məmmədov tərəfindən Çingiz Aytmatovun "Gün var əsrə bərabər"inin necə peşəkarcasına dilimizdə yenidən yazılmasına valeh olmaya bilmirəm.
Təəssüf ki, hörmətli B. Həziyevin "öz dilimizdən öz dilimizə" tərcümanlığında da göz-görəsi "tərcümə xətaları" bəs deyincədir. Onların ən mühümlərini xatırlatmaq istərdim.
1) Həmkarımız "tərcümələrdən" sonra nədənsə hakimiyyətin Putinsayağı "idarə olunan demokratiya" nəzəriyyəsini tətbiq etdiyi qənaətinə gəlib. Əvvələn, Putin, bildiyimiz qədərincə, nəzəri fəaliyyətlə məşğul olmur. Söhbət yəqin ki, Vladislav Surkovun suveren demokratiya haqda bir zamanlar populyar olan və bizdə də dönə-dönə, hər üzünə müzakirə edilən yazılarından gedir. Halbuki akademik Ramiz Mehdiyevin kitabının dərc olumuş fəslindən
anlaşıldığı qədər Surkovun xəyalında qurduğu və tətbiqinin hansı nəticələr verəcəyi bəlli olmayan təlimi (belə adlandırmaq mümkünsə) deyil; 60 ilə yaxındır ki, Liberal Demokrat Partiyası tərəfindən idarə olunan Yaponiyanın, 60-70 ci illərdə Qərb ölkə liderlərinin qapısını kəsdirib kredit uman ölkədən dünyaya texnologiya ixrac edən, ali təhsillərinin sayına görə dünyada ilk yerdə qərarlaşan Cənubi Koreyanın, yox olmaq təhlükəsi ilə üz-üzə qalan bir dövlətdən və millətdən aparıcı ölkələr sırasına keçə bilmiş Malayziyanın ... təcrübəsinin öyrənilməsi təklif edilir. Malayziyanın qısa zaman kəsiyində hansı inkişaf yolunu keçdiyi barədə hələ ötən əsrin 80-ci illərinin sonunda mərhum ədibimiz Əzizə Cəfərzadə "Gənclik" jurnalında maraqlı müsahibə ilə çıxış etmişdi. Bir zamanlar çap olunan "Çağ" qəzetinə və "Yurd" a birbaşa dəxli olan, hazırda müstəqil olmaq yolunu intixab etmiş dəyərli iqtisadçı alim, millət vəkili Əli Məsimli isə, 2000-ci illərin əvvəllərində Malayziynın sabiq baş naziri Məhazir Məhəmmədin yaratdığı uğurlu malay modeli barədə silsilə yazılar dərc etmişdi.
Axı, bizim Qərbsayağı texniki və siyasi inkişafı 300 ilə yaxın vaxtda keçməyə sadəcə vaxtımız yoxdur. Üstəlik, bu inkişafı 300 ilə deyil, 30-40 ilə keçmiş ölkələrin təcrübəsi varsa, niyə də öyrənilməsin? Əslində, bunu XXI əsrin inkişaf tempi də, dəyişkən geosiyasi reallıqları da tələb edir. Akademik Ramiz Mehdiyev "Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" əsərində də yazırdı ki, XXI əsrdə bəşəriyyəti ağuşuna almış qloballaşma dalğası, xüsusən də müstəqilliyini yenicə qazanmış dövlətlər qarşısında zamanla ayaqlaşmaq, onun tələblərinə uyğun siyasət yeritmək, müasir dünya siyasətinin reallıqlarını düzgün dəyərləndirmək kimi mühüm vəzifələr müəyyənləşdirib. Eyni zamanda, amerikalı filosof T. Fridmanın bu fikrini də bölüşürdü ki, ötən əsrdə böyük dövlətlər kiçikləri udurdularsa, XXI əsrdə "sürətli dövlətlər" "ləng, astagəl dövlətlər"i həzm edəcəklər. Bununla hazırda dünya nizamında yeni geosiyasi reallıqların meydana çıxdığına, çevik xarici və daxili siyasət yeridən kiçik dövlətlərin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin əsaslı dərəcədə möhkəmləndiyinə işarə edilir.
Bir haşiyə olaraq tanınmış rus jurnalisti Aleksandr Qordonun "Çto takoy jit po amerikanski?" ritorik sualına özünün də verdiyi cavabı xatırlatmaq istəyirəm. Dünya təbii sərvətlərinin ( o cümlədən, karbohidrogen ehtiyatlarının) 80%-inə ABŞ və Avropanın bir-iki ölkəsi nəzarət edir. Həmin ölkələrdəki əhali sayı isə 400 milyondan çox deyil, başqa sözlə desək 5-6% əhali sərvətlərin 80 % -inə nəzarət edir. Adi riyazi hesablamaya görə, Yer kürəsinin indiki sayda əhalisinin məhz Qərbsayağı rifaha çatması üçün nə az-nə çox 16 yeni Yer kürəsinə ehtiyac var. Kim kəşf etsə, xəbər versin. Demək, adi məntiq belə Qərb modelinin qüsursuz olmadığını, alternativlər barədə düşünməyin vacib-əl-vücub (çox mühüm) olduğunu ortaya qoyur.
Nəhayət, gərək ki, heç kim demokratiyanın idarəolunmaz olduğunu iddia etmir. Belə olsaydı, bu, demokratiya deyil, dəyərli solçu intellektualımız Məmməd Süleymanovun son künc yazılarında təbliğinə girişdiyi Gevera və Bakuninsayağı anarxiya olardı. İdarə olunan demokratiyanın alternativi idarə olunan xaosdur. Onun nəmənəliyi barədə maraqlı alim Əbülhsən Abbasov elə baş redaktoru olduğunuz "Bizim yol" qəzetində çıxışlar edib. 1998-ci ildə isə yazıçı Əkrəm Əylisli "Xaos diktaturası" adlı hay-küylü bir məqalə də yazmışdı. Mövqeyini çox dəyişən olmasına rəğmən hələ ki o yazıdan imtina etməyib. Güman eləmirəm ki, Azərbaycanda kimsə demokratiyanın belə idarəolunmaz məcrada inkişafından məmnun olardı. Əksinə, inkişaf modellərinin öyrənilməsi təklif edilən ölkələrdən, məsələn, Yaponiyada dediyim kimi, "liberal democracy" praktikası tətbiq olunur, bu hətta hakim partiyanın adında belə əks olunub. Qəribə deyil ki, Yaponiyanın təklif etdiyi uğurlu dövlət modeli hələ 20 -ci əsrin əvvəllərində böyük ziyalımız Üzeyir Hacıbəylini də cəlb etmiş, bu barədə "Yaponiyanın müxtəsər tarixi" adlı əsər də yazmışdı. Elə burdaca ikinci qeydimə keçmək istəyirəm.
2) Hopkins Universitetinin tədqiqat direktoru Svante Kornell Bakıda keçirilən toplantıda çıxışı zamanı çağdaş praktikada demokratiyanın iki təsnifatını vurğulamışdı. Yalnız səsvermə nəticələrinə (seçki və referendumlarda) söykənən "electional democracy" və dövlət və ictimai
qurumlar arası münasibətlərin qarşılıqlı tənzimləməsini də səsverməli iştiraka əlavə edən "liberal democracy". Ekspert yalnız səsverməli iştirakla formalaşan idarəçiliyə nümunə olaraq sizin çətin ki demokratik ölkə saya biləcəyiniz Venesuela və Rusiyanın adını çəkmişdi. Bir xatırlatmanı da əlavə edə bilərəm. Türkiyənin taleyi edamla bitmiş sabiq baş nazirlərindən Adnan Menderes yeni seçilmiş türk parlamenti qarşısında çıxışında parlamentarizmin xüsusi rolunu vurğulmaq naminə "Siz istəsəniz, xilafəti də bərpa edə bilərsiniz" demişdi. Bilmirəm ölkəmizdə demokratiyadan xilafət doğmasını arzulayan kimsə varmı? Yoxdursa, demokratiya tənzimlənməyə sadəcə məhkumdur.
Bir az da yaddaşları 2000-ci illərin əvvəllərinə kökləmək istəyirəm. AXCP-nin gerçək varisi olduğunu sübut eləmək üçün o zaman sizin də təmsil olunduğunuz islahatçı-yurdçu qanad Asim Mollazadənin səyləri ilə özünə beynəlxalq legitimlik verməyə çalışırdı. Belə səylərin nəticəsi olaraq qanadın qurultayına dəvət olunmuş tanınmış hüquq müdafiəçisi Sergey Adamoviç Kovalyov (sədarətdə olan Qulamhüseyn Əlibəyli onu Adamoğlu Sergey kimi təqdim etdi) maraqlı çıxışında belə bir fikir işlətdi: "Narodam svoystvenno oşibatsya" (səhv eləmək xalqların təbiətindədir)". Nümunə olaraq Mussolini və Hitlerin xalq səsverməsi ilə hakimiyyətə gəlməsi, Stalinin fetişləşdirilmiş kultunun məhz xalq sevgisi ilə yaradılması göstərilirdi. Yəqin ki, izləməmiş olmazsınız, futuroloji nəşrlərdə dünyada siyasi idarəçiliyin necə inkişaf edəcəyi haqda ötən illərin 90-cı illərindən başlamış qızğın mübahisələr indi də səngimək bilmir. Bir zamanlar "Moskovskiye novosti" öz səhifələrində belə müzakirələrə gen -bol yol açırdı. O müzakirlərin ən qısa xülasəsi bundan ibarətdir ki, çağdaş Qərb modeli ideal deyil, onun təkmilləşdirilməsi Qərbin özü üçün də aktualdır, katolik və protestant dəyərlərini paylaşmayan ölkələr üçün bu aktuallıq dəfə-dəfə artır.
Azərbaycanda demokratiyanın təkmilləşdirilməsi yönündə atılmış son addımlara nümunə olaraq "İnsan hüquqları sahəsində milli fəaliyyət proqramı"nın, "Sabiq prezidentlər haqda" qanunun və "Siyasi partiyalar haqda" yeni qanunun qəbulunu göstərmək olar. Sözügedən qanunlar, partiya və siyasətçilərin canlı yayımda linçlənməsi, ləğv edilib yenisinin yaradılması kimi 90-cı illərin məşum ənənəsinə biryolluq son qoyub sivil, çağdaş dövlətçilik praktikasının daha çox bərqərar edilməsi deməkdir. Yəni ortada demokratiyanın nə iləsə əvəz olunması deyil, dünya praktikasından və milli ənənələrdən çıxış edərək təkmil məzmuna qovuşdurulması istiqamətində nəzəri və əməli fəaliyyət var.
3) Həmkarımız yazır ki, akademik Ramiz Mehdiyev əvvəlki yazılarında dövlət qulluğuna götürmək üçün hüquqşünas tapılmadığını qeyd edib. Bu fikir Ramiz Mehdiyevin 2009-cu il dekabrında "Azərbaycan" qəzetində dərc olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstindən baxış" sərlövhəli məqaləsində getmişdi. Kontekst təhsilin keyfiyyətini artırmaq zərurəti barədə idi. Razılaşın ki, müdrik hakimiyyət cəmiyyətə yalnız uğurları haqda hesabatlar təqdim etməməli, həm də istər cəmiyyət həyatında, istərsə də dövlət idarəçiliyindəki çatışmazlıqları analiz etməli, onların həlli yollarını da göstərməli, yeri gəldikdə problemlərin həlli üçün ictimaiyyətin dəstəyini də qazanmalıdır. Akademik Ramiz Mehdiyevin elm, təhsil, mədəniyyət, ədəbiyyat və ya teleradio sahəsinə həsr olunmuş yazı və çıxışları da məhz bu məqsədə xidmət edir.
4) Akademik Ramiz Mehdiyev ölkənin inkişaf sürəti haqda az öncə xatırlatdığımız əvvəlki fikirlərini bu kitabında da inkişaf etdirərək yazır ki, Azərbaycanın milli strategiyası ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə, dövlət müstəqilliyinin və xalqın təhlükəsizliyinin möhkəmlənməsinə, müasir dövlət, müasir iqtisadiyyat və müasir cəmiyyət yaradılmasına yönəlmişdir. Bu halda yadda saxlanması zəruri olan ən başlıca məsələ budur: Azərbaycan ərazisinin nisbətən kiçik olmasını və əhalisinin sayının azlığını (qonşu Rusiya və İranla müqayisədə) keyfiyyət və texnologiya baxımından üstünlüyə nail olmaqla kompensasiya etməlidir.
Dəyərli həmkarımız nədənsə burada da "tərcümə xəta"sına getmişdir. Akademikin fikirlərinin heç də Rusiya və İranı nümunə alıb, həmkarımın qeyd etdiyi kimi, Türkiyəni gözardı eləmək olmadığı hazırlıqsız oxucuya belə aydındır. Bu ölkələrin açıq və ya gizli şəkildə əvvəlki ehtişam və hüdudlarını bərpa etmək təşəbbüsləri istəsək də, istəməsək də, bizi narahat etməlidir. (Təkcə çox-çox demokrat Anatoli Çubaysın "yeni liberal Rusiya imperiyası" haqda dediklərini yada salmaq yetər. İranın təşəbbüslərinə isə avtomobilə əyləşib Nardarana sürməklə əyani şahid olmaq olar - "Milliyet" qəzetindəki türk həmkarlarımızdan biri bu haqda "Bakı yaxınlığında İran" adlı bir yazı da yazmışdı. Mən hələ İran parlamentində "Gülüstan" və "Türkmənçay" müqavilələri barədə mənhus müzakirləri demirəm). Nə ərazi, nə də əhali resurslarımız bu ölkələrlə boylaşmağa imkan vermir. Sonuncu resursun əhımiyyətini Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan lətifəvari "her türk ailəsi üç çocuk yapsın" çağırışı ilə vurğulayır. Azərbaycanlılar da bu çağırışa qoşulsa belə, sözügedən iki ölkənin əhali resurslarına çatmağımıza bir-iki əsr (!!!) vaxt tələb olunardı, aydındır ki, ərazini böyütmək imkanları da yoxdur. Əlac qalır, idarəçiliyin keyfiyyətinə və texnoloji üstünlüklərə.
"Nezavisimaya qazeta"nın 2010-cu il 29 aprel sayında "Kak nam doqnat i pereqnat İran" adlı yazıda Science-Metrix konsaltinq kompaniyasının hesabatına əsaslanaraq qeyd edilir ki, son 30 ilin dünya statistikasına əsasən İran elmi "ən sürətlə" inkişaf etdirən ölkədir. İran alimlərinin ən çox tədqiqat apardığı sahələr isə, lazer və nüvə fizikası, qeyri-üzvi kimya, elementar hissəciklər fizikası haqdadır. Bu müddət ərzində İranda nüvə energetikası haqda tədqiqatların sayı isə 250 dəfə artıb. Bilirsinizmi, indi sözügedən sahələrdə ən çox tədqiqat hansı ölkələrdə aparılır? -Malayziya və İranda. Malayziya ilə məsələ aydındır, amma İran faktorunu biz nəzərə almağa məcburuq. Bu, daha nümunə götürmək kimi tərcümə olunmamalıdır, ortada milli suverenliyin davamı məsələsi var.
5) Təəssüf ki, tərcümə xətası sonra da düzəldilmir, əksinə xətanın üzərinə xəta qoyulur. Belə ki, akademik Ramiz Mehdiyevin "Qızıl milyard" ölkələrinin təcrübəsi haqda qeydlərini həmkarımız "Rusiyanın təcrübəsi"ni öyrənmək kimi "tərcümə" edir. Belə ki, akademik yazır: "Qızıl milyard" dövlətlərinin təcrübəsi göstərir ki, ölkənin innovativ modernləşməsinə, müasir cəmiyyət quruculuğuna nail olmağın daha bir mühüm amili sosialyönümlü liberal iqtisadiyyatın, sosial ədalətin və güclü prezident hakimiyyətinin mövcud olmasıdır. Güclü milli liderin təşkilatçı və istiqamətverici rolu olmadan ölkəni inkişaf etmiş dövlətlər sırasına çıxarmaq üçün göstərilən bütün cəhdlər uğursuzluğa düçar ola bilər".
Bəs "Qızıl milyard" nədir? Bir ara rus alimlərindən birinin bu barədə auditoriyadakı çıxışı internet və mobil telefonlarda əsl hitə çevrilmişdi. İnternet resurslarında bu anlayış haqda yetərincə məlumat var. Xülasə budur: "Qızıl milyard"a Qərbi Avropa, Kanada, ABŞ, Yaponiya, Avstraliya daxildir. Rusiya istəsə də orda deyil. Bundan çıxış edərək maltusçu şərhlərə yer verənlər də tapılır. Xatırlatdığım hitdə də rusların maltusçu qərblilər tərəfindən məhv ediləcək xalqlar siyahısında olduğu iddia edilirdi. Kifayət qədər intellektli bir həmkarımızın indi qalxıb da Rusiyanı "Qızıl milyard" ölkəsi (anladığımız qədərincə, həm də yeganə ölkə) sayması sadəcə şaşırdıcıdır. Şaşıb qalmaq da olardı, amma bu xətanın oxucuları da şaşırtmasını yolverilməz hesab etdik. Vəssalam.